• cümə, 29 Mart, 00:37
  • Baku Bakı 7°C

“Yığ çantanı, gəz dünyanı” cümləsini şüara çevirən oğlan - Səyyah

09.02.19 09:30 3678
“Yığ çantanı, gəz dünyanı” cümləsini şüara çevirən oğlan - Səyyah
20-dən çox ölkədə, 50-yə yaxın şəhərdə olub. Ən çox sevdiyi şəhər Praqadır. Ölkələrin tarixi yerlərini gəzməyi daha çox sevir. Deyir ki, səyahət insana gördüklərini, yaşadıqlarını, başına gələn maraqlı hadisələri danışmaq şansı qazandırır.
"Səyyah” rubrikamızın budəfəki qonağı "Facebook”da 40 min üzvü olan məşhur "Gəzəyənlər” qrupunun yaradıcısı Babək Musazadədir.
Qeyd edək ki, B.Musazadə bakalavr təhsilini Azərbaycan Turizm və Menecment Universitetində, magistri isə İqtisad Universitetinin nəzdində olan Türk Dünyası Araşdırmalar Vəqfinin İşlətmə bölümündə alıb. Xaricdə təhsil almaq qərarına gələn Bəbək bəy, Budapeştdə Beynəlxalq Biznes Məktəbində marketinq üzrə təhsilini davam etdirib. Hazırda isə Hindistanın ən böyük şirkətlərindən birində İT mütəxəssisi olaraq çalışır.
- Sizinlə tanışlığımız "Facebook”dakı məşhur "Gəzəyənlər” qrupu vasitəsi ilə oldu. Maraqlıdır, necə oldu ki, belə qrup yaratmaq qərarına gəldiniz?
- Həmin dövrlərdə çox səyahət edirdim. Demək olar ki, hər ay bir ölkəyə gedirdim və səyahətlərimlə bağlı bloq yazırdım. Bunu bilənlər də mənə səyahətlə bağlı müxtəlif suallar verirdilər. Görürdüm ki, bütün sualları cavablaya bilmirəm. Digər tərəfdən, Türkiyədə səyahət edənlərin cəm olduğu, səyahətlə bağlı bir qrup var idi. Mən özüm də həmin qrupa üzv idim. Çox maraqlı paylaşımlar olurdu. Düşündüm ki, belə qrup bizdə niyə olmasın? İnsanlar səyahətlə bağlı təcrübələrini bölüşərlər, həm də suallar yalnız mənə ünvanlanmaz, mənim bilmədiyim sualları qrupun digər üzvləri cavablandırar. Həmçinin ölkəmizdə səyahət mədəniyyətinin formalaşmasına və inkişaf etdirilməsinə kömək etmiş olarıq.

- Danışarkən "biz” deyirsiniz, qrupu bir neçə nəfər birlikdə yaradıbsınız, ya tək?
- Qrupun yaradıcısı mənəm, üzvlərinin və işlərin çoxalması ilə əlaqədar olaraq qrupa nəzarət etmək çətinləşdi. Ona görə, bəzi dostların köməyinə ehtiyac oldu. Hazırda qrupumuzun 5 nəfər admini və 40 minə yaxın üzv var.
- Səyahətlə bağlı ad seçimi rəngarəng olarkən, nə üçün "Gəzəyənlər”?
- Əslində, qrupu ilk yaradanda "səyahət məsləhətləri” tipli ad qoymuşdum. Qrupun adı cəmi bir neçə saat belə oldu. Ad çox standart səslənirdi, ürəyimə heç yatmırdı. Birdən ağlıma "Gəzəyənlər” adı gəldi. Açığı, düşünürdüm ki, ad birmənalı qarşılanmaya da bilər (gülür). Amma əksinə, dəstəkləyənlər, adı bəyənənlər çox oldu. Qrupumuz, artıq iki il yarımdadır ki, bu adla fəaliyyət göstərir. Düşünürəm ki, bu müddət ərzində sosial şəbəkədə brend ada çevrilə bilib. Yəni ən azından gənclər arasında "Gəzəyənlər” deyəndə söhbətin nədən getdiyini bilirlər.
- Bəzən turizmlə, səyahətlə bağlı istər şirkət, istər sosial şəbəkədə qrup açarkən, beynəlxalq ada üstünlük verirlər. Xüsusilə də "travel” sözündən istifadə edilir. Siz nə üçün belə bir seçim etmədiniz?
- Qrupumuzun kontingenti, əsasən azərbaycanlılar olduğu üçün səyahətlə bağlı xarici ad seçmək istəmədim. Hətta, paylaşımların da 95 faizi öz dilimizdədir.

- Maraqlıdır, gəzmək istəyini özünüzdə nə vaxtdan hiss etdiniz?
- Səyahət etmək istəyi universitet illərindən var idi. Həmin dövrdə qrup uşaqları ilə ildə bir neçə dəfə ölkədaxili turlara çıxırdıq. Sayımız bəzən 50, bəzən 70 nəfər olurdu. Bir də maraqlı bir yanaşma var idi, adətən buna yaşlı və orta nəsildə rast gəlirdim. Azərbaycan Turizm və Menecment Universitetində oxuduğumu biləndə, deyirdilər ki, hə, yaxşıdır, bala, bitirdikdən sonra turist olub, dünyanı gəzəcəksən. Açığı, özümə də maraqlı gəlirdi ki, proses necə olacaq, yəni universiteti bitirdikdən sonra həqiqətən də gəzməyə gedirsən? Səyahətlərə marağımın ən pik nöqtəsi isə Budapeştə köçdükdən sonra başladı. Buradan səyahət etmək nisbətən ucuz qiymətə başa gəldiyi üçün bir çox ölkələrə elə ordan gedirdim. Amma Macarıstana gələnədək Türkiyəyə, Rusiyaya, Gürcüstana və Finlandiyaya səyahətlərim olmuşdu.
- Səyahətlərinizi hansı aralıqda edirsiniz?
- İlk dövrlər hər ay bir ölkəyə və ya şəhərə səyahət edirdim. Səyahət etdikcə hiss edirdim ki, marağım daha çox artır, daha çox yer gəzmək, yeni mədəniyyətlərlə tanış olmaq istəyirəm. İş və ya başqa səbəblərdən səyahətə gedə bilməyəndə, hiss edirdim ki, nə isə əskiklik, çatışmazlıq var. İndi isə hər ay olmasa da, ən azından 2 aydan bir harasa gedirəm.
- Təxmini deyə bilərsiniz nə qədər müddətdir səyahət edirsiniz və neçə ölkədə olubsunuz?
- Təxmini 4 ildir ki, aktiv səyahətə başlamışam və bu illər ərzində 20-dən çox ölkədə, 50-yə yaxın şəhərdə olmuşam. Çünki getdiyim ölkələrdə çalışıram ki, ən azı iki şəhər gəzim. Hətta bəzi şəhərlər var ki, bir neçə dəfə ora səyahət etmişəm. Məsələn, ən sevdiyim şəhər Praqadır, səhv etmirəmsə, 4 dəfə getmişəm.

- Getdiyiniz ölkələrin adlarını sadalaya bilərsiniz?
- Evdə xəritəm var və gəzdiyim ölkələri orada işarələmişəm. Bu sualınıza cavab vermək üçün gərək xəritəmin önünə keçim (gülür). Məsələn, İsveç, Finlandiya, Danimarka, Almaniya, Fransa, İtaliya, Avstriya, Sloveniya, Xorvatiya, Bosniya və Hersoqavina, Makedoniya, İspaniya, Serbiya, Rumıniya, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə olmuşam.
- Qeyd etdiniz ki, Praqanı çox sevirsiniz. Bilmək olar bu sevginin səbəbi nədir?
- Ölkələrin "old city”, yəni qədimi olan hissələrini gəzməyi daha çox sevirəm. Həmin yerlərdə gəzəndə bir anlıq özümü 19-cu əsrdə hiss edirəm. Elə şəhərlər var ki, 1500-1600-ci illərdə tikilib və bu günə qədər də dağıntıya məruz qalmayıb. Həqiqətən də o tikililərin arasında gəzəndə zövq alıram. Praqa da həmin şəhərlərdəndir. Orada elə 3-4 mərtəbəli binalar var ki, 18-19-cu əsrlərdə tikilib. Həmin binalar şəhərin mərkəzində çox gözəl görünür. Bu binaların bir-birinə bənzəməməyi, rəngarəng olması, üzərində müxtəlif naxışların işlənməsi məni çəkən xüsusiyyətlərdəndir. Praqada bəyəndiyim arxitektura nümunələri çoxdur. Bunlardan biri "Çarlz” körpüsü, Tin kilsəsi və Praqanın astronomik saatdır.
- Səyahət edəcəyiniz ölkələri araşdırırsınız?
- Araşdırma, səyahətlərimin ən vacib hissələrindən biridir. Dediyim kimi, ən az 2 aydan bir səyahət etdiyim üçün növbəti dəfə gedəcəyim yeri araşdırmağa bir neçə həftə vaxtım olur. Araşdırmanı müxtəlif dillərdə edirəm. Həmin ölkə haqqında yazılan bloqları oxuyuram və ya videolara baxıram. Yəni gedəcəyim ölkələrdə görməli, maraqlı olan yerlərin siyahısını tuturam.

- Səyahətlərinizi daha çox tək, yoxsa qrup şəklində etməyi sevirsiniz?
- Həm qrup şəklində, həm də tək gəzməyin mənfi və müsbət cəhətləri var. Səyahətlərimin demək olar ki, 85%-ni tək etmişəm. Tək gəzməyi daha çox sevirəm. Tək olanda qərarları özün verirsən, heç kimlə məsləhətləşmədən ürəyin istədiyini yeyib, istədiyin yeri gəzirsən. Hətta iki nəfər olsa belə, bəzən maraqlar üst-üstə düşməyə bilir. Ona görə, tək daha rahatdır. Amma getdiyim ölkələrdə tək gəzmirəm. Adətən ucuz başa gəlsin deyə, hostellərdə qalıram. Orada da otaqlar 8-10 nəfərlik olur. İstənilən halda əlaqə yaranır, tanış oluruq. Gəzməklə bağlı planlarımız üst-üstə düşəndə birlikdə oluruq.
- Çox ölkə gəzdiyinizi deyirsiniz. Maraqlıdır, bunu maddi baxımdan necə təmin edirsiniz?
- Maddi baxımdan, açığı, elə də ciddi vəsait lazım olmur. Çünki daha çox aşağı büdcəli ("lou-kost”) hava şirkətləri ilə səyahət edirəm. Bileti 1-2 ay əvvəlcədən alıram. Məsələn, Almaniyaya və Belçikaya gediş-gəliş biletini 20 avroya almışdım. Bundan başqa, bəzi avtobus şirkətləri var ki, onlarla da səyahət etmək çox sərfəlidir. Ən əsası isə çalışıram ki, bayram günlərində səyahət etməyim. Çünki həmin dövrdə qiymətlər kifayət qədər baha olur (gülür). Təxmini bir səyahətə 200-250 avro pul lazım olur. Amma qiymətlər ölkədən-ölkəyə və qalacağın vaxta görə dəyişir.
- Müddət demişkən, səyahətlərinizin müddəti nə qədər olur?
- Ən azı 1 gün - Slovakiyanın paytaxtı Bratislavaya olub. Ən uzunu isə səhv etmirəmsə, 5 gün idi. Rumıniyanın 3-4 şəhərini gəzdiyim üçün bu səyahətim daha çox vaxt apardı. Amma səyahətlərim ortalama olaraq 3-4 gün olur.

- Müxtəlif ölkələr fərqli dildə danışmaq və təamların dadına baxmaq deməkdir. Bu, çətin olmur?
- Səyahətlərim Avropa ölkələrinə olduğu üçün dil baxımdan ciddi çətinlik yaşamıram. Çünki bu ölkələrdə demək olar ki, hər kəs ingiliscə bilir. Yəni orta səviyyədə ingiliscə bilirsənsə, Avropada rahat gəzmək olar. Bir az da rus və türk dilini bilirəm deyə, dillə bağlı problem yaşamıram. Yeməklərə gəlincə, açığı, Avropada elə də ekzotik yemək yoxdur ki, çəkinim. Ona görə, hansı ölkəyə gedirəmsə, yerli mətbəxin dadına baxıram.
- Səyahətlər zamanı yaşadığınız maraqlı bir hadisəni bizimlə bölüşə bilərsiniz?
- Maraqlı bir hadisə İsveç səfərimdə başıma gəlib. Fransa və Belçikada terror hadisənin törədildiyi ərəfə idi. Bu terrordan sonra İsveç və Danimarka arasında olan körpüdən qatar keçir və yoxlamalar ciddi aparılırdı. Əvvəllər belə ciddi yoxlanışlar olmurdu. İsveçdə özümə nəqliyyat kartı aldım. Sonra aşağı düşüb qatarı gözləməyə başladım. Bir neçə dəqiqə sonra bir polis və xanım yaxınlaşdı. "Babək Musazadə sizsiniz?” deyə soruşdular. Həmin an yaşadığım hisləri təsvir edə bilmirəm. Düşündüm ki, görəsən, harada, nə etmişəm, qayda pozmuşam, kimin toyuğuna kiş demişəm? Nə isə, bir neçə saniyə sonra xanım əlindəki kartı uzatdı. Bəlli oldu ki, nəqliyyat kartı alarkən bank kartımı makinanın üzərində unutmuşam. Ondan sonra bir az rahatlaşdım (gülür). Sağ olsunlar, mənə böyük yaxşılıq etdilər. Çünki Danimarka kimi ölkədə bank kartım olmadan nə edə bilərdim?

- "Səyahətin insana qazandırdıqları" adlı siyahı tərtib etsək, ilk 5 bəndə nələri yaza bilərik?
- İlk olaraq fərqli mədəniyyətlərlə, ölkələrlə tanış olmaq. Yeni dostluqlar qazanmaq, hansı ki, indi də səyahət zamanı dost olduğum insanlarla yazışıram. Digər tərəfdən, səyahət insana özünü kəşf etmək şansı verir. Çünki səyahət zamanı qatarda və ya təyyarədə gedərkən düşünməyə, özünlə danışmağa vaxtın olur. Gəzdiyi ölkənin təsiri ilə insanın özünə baxışı dəyişir. Bununla da insan fərqli tərəflərini kəşf edir. Həmçinin səyahət zamanı baş verən gözlənilməz hadisələrə adekvat yanaşmaq insana çox şey öyrədir. Ən son da, səyahət adama danışmaq üçün mövzu qazandırır. Yəni səyahət zamanı gördüklərini, yaşadıqlarını, başına gələn maraqlı hadisələri danışmaq şansı yaradır. Bunları dost-tanışlarınla bölüşürsən.
- Səyahət etməyə marağı olan gənclərə məsləhətləriniz nələrdir?
- Öz istəklərinin ardınca getsinlər. İlk olaraq onu deyim ki, səyahət etmək elə də ciddi vəsait tələb etmir. Həqiqətən də dünyanı gəzmək, yeni ölkələr kəşf etmək istəyirlərsə, bəzi şeylər var ki, onları birdəfəlik unutmalıdırlar. Bunlara lüks otellər, bahalı restoranlar aiddir. Yəni sən Parisi gəzirsənsə, gecə yatacağın otelin neçə ulduzlu olması elə də önəmli deyil. Tövsiyə edirəm ki, lüksə qaçmasınlar, taksini ümumiyyətlə, unutsunlar. Bir turist üçün ən sonda düşünüləcək vasitə taksidir. Oteldə çox qalmasınlar, səhərdən axşama qədər gəzsinlər. Yerli xalqla, turistlərlə ünsiyyətə açıq olsunlar. Ən sonda da "Gəzəyənlər” qrupunun şüarını heç vaxt unutmasınlar: "Yığ çantanı, gəz dünyanı”.
Günel Azadə



banner

Oxşar Xəbərlər