• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

Yetkinlik yaşına çatmayanlarla bağlı informasiya yayımını necə həyata keçirməli?

16.06.17 17:06 996
Yetkinlik yaşına çatmayanlarla bağlı informasiya yayımını necə həyata keçirməli?
"Bütün jurnalistlər, media peşəkarları peşə standartlarını, etik prinsipləri qorumaq, işlərində tətbiq etmək öhdəliyi daşıyırlar. Xəbər yayımı prosesində Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiyanın tələblərinə əməl edilməsi də bu sıradandır”. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə (MİTDİB) Beynəlxalq Mətbuat Mərkəzində "Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” mövzusunda keçirilən konfransda səslənən bu fikirlər onlayn mediada uşaqlarla bağlı xəbərlərin yayımında riayət olunmalı qaydaları gündəmə gətirdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Yetkinlik yaşına çatmayanlarla bağlı informasiya yayımının şərtləri” mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutan tədbirə qatılan KİV, QHT nümayəndələri, internet-sosial şəbəkə fəalları "Yetkinlik yaşına çatmayanlarla bağlı xəbərlərə necə yanaşmalı?” sualı ətrafında müzakirələrə qatıldılar.
Layihənin koordinatoru Müşfiq Ələsgərli layihə çərçivəsində Mingəçevirdə (Qərb bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün), Masallıda (Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər və internet fəalları üçün) seminarlar keçirildiyini qeyd edərək, Bakıda konfransın keçirilməsinin məsələnin daha geniş auditoriyaya çıxarılması və mövzunun aktual saxlanılmasına xidmət etdiyini bildirdi: "Xəbər istehsalçılarının "yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları problemlidir. Cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi ciddi problemlərə yol açır, cinayət qurbanına çevrilmiş uşaqların gələcək həyatlarını ciddi çətinliklərlə qarşı-qarşıya qoyur. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.
Media eksperti Azər Həsrət çıxış edərək yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlərdən danışdı: "Sırf sosial bəlaya çevrilməyən hadisələri tirajlamaq düzgün deyil. Bu cür hallara qarşı hamılıqla mübarizə aparmalıyıq”.
Konfrans Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, JuHİ-nin layihələr meneceri Nəzrin İlhamqızı (Ayralova), TUM İB sədri Çingiz Bayramov, "Region+” analitik jurnalının baş redaktoru Namiq Mailov, "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, "Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev və digərlərinin çıxışları əsnasında davam etdirilib.
"KİV və uşaq hüquqları” mövzusunda gerçəkləşdirilən layihələrin faydalarından danışdılar.
"Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri” adlı çap olunan vəsait seminar iştirakçılarına paylanıldı. Problemlə bağlı videoçarxların hazırlanması, redaksiyalarda təlimlərin keçirilməsi və s. nəzərə alındı.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər