• çərşənbə axşamı, 19 mart, 15:49
  • Baku Bakı 8°C

Yetkinlik yaşına çatmayanlara verilən cəzalar liberallaşdırılsa...

07.09.17 12:00 1355
Yetkinlik yaşına çatmayanlara verilən cəzalar liberallaşdırılsa...
Ataların yaxşı bir məsəli var: "Pis övlad altıncı barmaq kimidir, kəsərsən ağrıyar, kəsməzsən eybəcər görünər”. Bəlkə də "pis övlad” deyə bir anlayış yoxdur. Uşağın hər bir davranışına valideyn cavabdehdir. Pisi ilə, yaxşısı ilə bütün uşaqlar cəmiyyətin gələcəyidir. Gələcəyin necə olması isə bizim əlimizdədir. Uşağın pis yola getməsində, cinayətkar olmasında onun doğulduğu ailənin və böyüdüyü mühitin təsiri danılmazdır. Uşağın müəyyən bir yaş dövrü vardır ki, həmin zaman kəsiyində uşaqla maraqlanmaq, onu pis vərdişlərdən, insanlardan qorumaq lazımdır. Çünki o zaman kəsiyində uşaq daha tez aldana və düzgün olmayan yola istiqamətlənə bilər. Buna görə də psixoloqlar uşağın inkişafında və formalaşmasında valideyn nəzarətinin böyük əhəmiyyət daşıdığını bildirirlər.
Son dövrlər uşaqların cinayət törətməsi ilə bağlı mətbuatda bir sıra xəbərlər gedib. Milli Məclisin payız sessiyasında məsələ ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıla bilər. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev deyib. Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: "Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq". R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib. Qeyd edək ki, qanun layihəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur.
Uşaqlara verilən cəzaların liberallaşdırılmasının hansı təsiri olacağını, cəmiyyət tərəfindən bunun necə qarşılanacağını öyrənməyə çalışdıq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəhələ ki, bu mövzu ilə bağlı geniş məlumat verə bilməyəcəyini bildirdi: "Qanun layihəsinin cəmiyyət üçün ictimai müzakirəsini keçirməyə hazırıq. Məncə, bu çox demokratik və humanist bir qərardır. Düşünürəm ki, bu, Azərbaycan Respublikası Cinayət məcəlləsində humanizm prinsipinin təntənəsi olacaq. Yəni həbs cəzalarının xeyli hissəsinin azaldılaraq, digər cəzalarla əvəzlənməsi nəzərdə tutulub. Amma hələ ki, konkret bir şey demək üçün hələ tezdir. Layihə müzakirəyə çıxarıldıqdan sonra bu barədə daha geniş danışarıq”.
Uşaqlar yaşadığı mühitdən, ailəsindən ayrılmadan reabilitasiyadan keçməlidir
Bu məsələni olduqca mühüm qiymətləndirən uşaq hüquqları üzrə ekspert Nabil Seyidov deyir ki, artıq neçə illərdir ki, BMT-nin Uşaq hüquqları üzrə komitəsi, həm UNİCEF, həm Azərbaycanda fəaliyyət göstərən uşaq hüquqları üzrə mütəxəssislər məhz bu istiqamətdə dövlət qurumları ilə, digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq edərək çox ciddi ictimai vəkillik işi aparmışdır: "Bizim qanunvericilikdə yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə verilən cəzaların liberallaşdırılması, alternativ tərbiyəvi xarakterli cəzalarla, ictimai xarakterli işlərlə əvəz edilməsi çox gözəl addımdır. Bu tendensiya bütün əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Hesab edirəm ki, Azərbaycanda da bunun həyata keçirilməsi çox faydalı ola bilər. Ölkəmizdə bu istiqamətdə son illərdə demək olar ki, çox ciddi addımlar atılıb. Bizdə xüsusi olaraq yuvenal hakimlər, Daxili İşlər Nazirliyinin tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə polis müfəttişləri formalaşıbdır. Həmçinin bu kimi bir sıra dövlət orqanlarının tərkibində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya yaradılıb. Son illərdə yuvenal ədliyyə sisteminin inkişafı ilə bağlı demək olar ki, ölüm hadisəsi, cinsi zorakılıq və s. bu kimi qatı cinayətlər istisna olmaqla, bizim məhkəmələr yetkinlik yaşına çatmamış uşaqlara azadlıqdan məhrumetmə cəzasını çox nadir hallarda tətbiq edirlər. Nəticə etibarilə on il bundan əvvəl cəzaçəkmə müəssisələrində 60-70 uşaq olurdusa, hazırda isə onların 15-20 arasıdır. Onların da çoxu narkotiklə bağlı məsələlərə görə tutulan uşaqlardır. Əslində liberallaşdırma praktik olaraq tətbiq olunur. Bu qanun layihəsindən sonra isə qanunvericilikdə öz yerini tapması daha faydalı olacaqdır. Uşaqlar yaşadığı mühitdən, ailəsindən ayrılmadan tərbiyəvi işlərə cəlb olunmalı, reabilitasiyadan keçməlidir. Bu, uşağın gələcəkdə qatı cinayətkara çevrilməsinin maksimum dərəcədə qarşısını alacaqdır, onun sosial həyatdan geri qalmamasına, normal vətəndaş kimi yetişməsinə kömək edəcəkdir”.
Müsahibimiz liberallaşmanın bir sıra ölkələrdə də tətbiq olunduğunu və bunun müsbət nəticələri olduğunu bildirdi: "Dünya ölkələrində - İsveçrədə, Almaniyada, Amerikada, Rusiyada, Baltik ölkələrində liberallaşmanın tətbiq edilməsi göstərib ki, həmin ölkələrdə cinayətkarlıq azalıb. Çünki həbsə düşən uşağın yenidən cinayət işləmə şansı daha yüksəkdir, nəinki, ilk cinayətinə görə reabilitasiya olunmuş, cəzaçəkmə müəssisəsinə göndərilməmiş uşağın. Bu, həmçinin dövlətin büdcə vəsaitlərinə xeyli qənaət etməsinə səbəb olacaqdır. Çünki bilirik ki, həbsdə olan məhkuma dövlət nə qədər pul xərcləyir. Bundan başqa, cəzaçəkmə müəssisəsindən çıxan uşağın gələcəkdə iş tapmasına da bu mənfi təsir edir. Ona görə də cəzaların liberallaşması məncə, müsbət nəticələr verəcəkdir”.
Liberallaşmadan istifadə edib cinayətə meyllənmə ola bilər
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirir ki, onsuz da uşaqlara cəzaların tətbiq olunması fərqli olur. Cəza tətbiq olunarkən ilk olaraq yaş həddi nəzərə alınır: "Mən düşünürəm ki, bunu törədilən cinayətin növünə görə liberallaşdırmaq olar. Elə cinayətlər var ki, onlarda liberallaşmanın tətbiqi əks effekt verə bilər. Ona görə müəyyənləşdirmək lazımdır ki, hansı cinayətlərə bunu aid etmək olar. Xüsusilə, şəxsiyyət əleyhinə olmayan cinayətlərdə liberallaşdırma etmək olar. Ona görə də, bu iş ciddi təhlil tələb edir. Nəticəsi nə olacaq, bunu düşünmək lazımdır. Liberallaşmadan istifadə edib cinayətə meyllənmə ola bilər. Ucdantutma bütün cinayət cəzalarını liberallaşmanı tətbiq etmək məncə, düzgün deyil. Dünya sistemində yuvnal ədliyyə sistemi yetərincə inkişaf edib. Amma biz kiçik ölkə olduğumuzdan, uşaq cinayətləri elə də çox olmadığına görə, ölkəmizdə yuvenal məhkəmə sistemi yaratmağa ehtiyac duyulmadı. Lakin mən düşünürəm ki, məhkəmələrin nəzdində bu sahədə ixtisaslaşmış hakimlər ola bilər”.
Uşaq Hüquqları müdafiə Liqasının sədri Yusif Bəkirovdeyir ki, qəbul ediləcək bu qanun layihəsi üçün işlək mexanizm də tətbiq edilsə, nəticəsi müsbət olacaq: "Cinayətkarlara qarşı nə qədər qəddar olsaq, ağır cəzalar versək, cinayətlər bir o qədər çoxalar. Bu qanun layihəsini müsbət qiymətləndirirəm. Layihənin mahiyyəti ondan ibarətdir ki, cinayət törətmiş uşağa alternativ münasibət yaradılsın. Tutaq ki, 16-17 yaşı uşaq cinayət törədib. Biz ona 5 il müddətində azadlıqdan məhrumetmə cəzası verib həbsxanaya göndərsək, o daha da qatı cinayətkar olaraq oradan çıxacaq. Bütün dünya təcrübəsində artıq bu sistem tətbiq olunur. Ona görə düşünürəm ki, uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılması müsbət addımdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər