• çərşənbə, 24 Aprel, 15:10
  • Baku Bakı 27°C

“Yetər ki, əmr verin, cənab Ali Baş Komandan!”

06.04.16 12:28 1850
“Yetər ki, əmr verin, cənab Ali Baş Komandan!”
Son bir neçə gün ərzində Azərbaycanın cəbhədə əldə etdiyi uğurlar əhalidə böyük ruh yüksəkliyi yaradıb. Azərbaycanın mərd oğulları ilə yanaşı, qadını, qocası, hətta məktəbli uşaqları belə döyüşə getməyə hazır olduqlarını dilə gətirirlər. Ruh yüksəkliyi həm də sosial şəbəkələrdə hiss olunur. Fikir ayrılığı isə demək olar ki, yoxdur. Hər kəsin bir istəyi var: Qarabağ.
Cəbhədə gedən döyüşlərlə bağlı Prezidentə Azərbaycan və müxtəlif ölkələrdə yaşayan vətəndaşlarımız tərəfindən müraciətlər daxil olub. Bununla bağlı president.az saytına gələn çoxsaylı məktublardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirik.
Bakı sakini Əliyev İlqar müraciətində cəbhəyə göndərilməsini istəyib: “Cənab Ali Baş Komandan. Bilirəm ki, hazırda səfərbərlik elan olunmayıb. Lakin Sizdən çox xahiş edirəm ki, məni cəbhəyə yollayın. Keçmiş sovet ordusunda xidmət etmişəm. Birinci Qarabağ müharibəsində olmuşam. Bütün yüngül atıcı silahlarla davrana bilirəm. Fiziki cəhətdən sağlamam, döyüş taktikasına bələdəm. Təcrübəm az deyil. Bir daha xahiş edirəm ki, məni cəbhəyə göndərəsiniz”.
Ağcabədi rayon sakini, ehtiyatda olan zabit, keçmiş əlahiddə kəşfiyyat rotasının komandiri Tofiq Cəfərov könüllü olaraq cəbhə bölgəsinə getmək istədiyini yazıb: “Azərbaycan Respublikasinin Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev. Biz keçmiş Ağcabədi döyüşçüləri cəbhə bölgəsində gedən son döyuşlərdən narahat olduğumuzu Sizə bildirməklə bərabər qeyd edirik ki, hər an keçmiş döyüşçülər Sizin əmrinizlə müharibəyə könüllü olaraq getməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hazır olduğumuzu bəyan edirik. Sizdən xahiş edirik bizlərin könüllü olaraq cəbhə bölgəsində yerləşdirilməyimizə kömək göstərəsiniz”.
Naxçıvan şəhərindən Anar Naibov da məktubunda cəbhəyə getmək üçün əmr gözlədiyini yazıb: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev. Son günlər cəbhədə baş verən hadisələr və hərbçilərimizin qələbələri bizi sevindirir. Qüdrətli Ordumuzun düşmənlərimizə vurduğu sarsıdıcı zərbələrdən qürur hissi keçiririk. Biz özümüz cəbhədə olmasaq da, ürəyimiz oradadır. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda vuruşmaq üçün Sizin əmrinizi gözləyirik”
Mingəçevir şəhərindən Rövşən Səfərov qeyd edib ki, Azərbaycan xalqı cəbhəyə getmək üçün İlham Əliyevin əmrini gözləyir: “Bu, tarixi bir şansdır. Torpaqlarımız tezliklə erməni işğalından azad edilməlidir. Millətimiz Sizin arxanızca gedərək, torpaqlarımızı azad etməyə hazırdır. Yetər ki, əmr verin, cənab Ali Baş Komandan”.
Rusiya Federasiyasının Kemerov vilayətinin Novokuznetsk şəhərindən Əzimov Anar Səxavət oğlu müraciətinə ölkə başçısını və xalqımızı bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik etməklə başlayıb. Qeyd edib ki, döyüşə getmək üçün ölkə başçısının əmrini gözləyir: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbr diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edib və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm”.
Ukraynanın Xarkov şəhərində təhsil alan azərbaycanlı tələbə Elmir Misirzadə də hər an cəbhəyə getməyə hazır olduğunu yazıb: “Hörmətli cənab Prezident. Ukraynanın Xarkov şəhərində təhsil alan tələbələr olaraq son günlər cəbhədə düşmən təxribatlarının qarşısının ordumuz tərəfindən qətiyyətlə alınmasından qürurlandıq. Biz tələbələr hər an ölkəmizə qayıdaraq cəbhəyə getməyə hazırıq. İnanırıq ki, Sizin diqqət və qayğınız sayəsində qüdrətlənən Ordumuz mənfur düşmənə layiqli zərbələr vuracaq və cəbhədəki qələbələrimiz davamlı olacaq”.
Qardaş ölkəmiz olan Türkiyə vətəndaşları da ölkəmizə dəstək məqsədilə Prezidentə müraciət göndəriblər. Türkiyənin Şanlıurfa şəhərinin sakini Tümay Fatih Ömər oğlu isə müraciətində Azərbaycan üçün canından keçməyə hazır olduğunu dilə gətirib: “Hörmətli cənab Prezident! Mən Türkiyədə yaşayıram. Adım Fatih Tümay. Mən azəri qardaşlarımı çox sevirəm. Allah Sizə güc-qüvvət versin. Şəhadətimizi qəbul etsin. Ermənilərə qarşı mən də sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. İmkanım olanda Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram. Allah əmanətində”.
Mersin şəhərindən olan Sevinc Vahid Volkan Abdil oğlu isə qeyd edir ki, biz türklər canımızdan keçər, ancaq əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını düşmənə vermərik: “Hörmətli rəhbərimiz və Prezidentimiz. Mən Türkiyədən bir qardaşınız olaraq, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasında, Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda iştirak etmək üçün hazır olduğumu bildirmək istəyirəm. Canımız Qarabağa fəda olsun”.
Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri də döyüşə getməyə hər an hazır olduqlarını yazıblar: “Ali Baş Komandan. Azərbaycandan kənarda yaşayan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respubilkasının Silahlı Qüvvələri tərəfindən görülən cavab tədbirlərini dəstəkləyir, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və tarixi yaşayış məntəqələrimizin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz siyasətin nəticəsidir ki, bu gün güclü Azərbaycan dövləti xaricdə yaşayan hər bir soydaşımızın qürur mənbəyidir. Vətənimizin ayrılmaz hissəsi olan tarixi Qarabağ torpaqlarımızın işğalçı Ermənistan ordusundan təmizlənməsi naminə biz - xaricdə təşkilatlanmış azərbaycanlı gənclər qeyd etmək istəyirik ki, bu şərəfli və tarixi gündə doğma Vətəndə yaşayan soydaşlarımızın yanındayıq. Bu amalla yaşayır, Sizin əmrinizi gözləyərək Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər