• cümə, 19 Aprel, 10:59
  • Baku Bakı 13°C

Yerli və xarici nəşrlərlə tanış olmaq fürsəti

12.09.13 08:58 1534
Yerli və xarici nəşrlərlə tanış olmaq fürsəti
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 23-25 tarixlərində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq.
Vətənimizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq kitab sərgisində Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub. Sözügedən kitab sərgisi ilk dəfə açıq havada təşkil olunacaq. Tədbirin pavilyon və stendlərinin Gənc Tamaşaçılar Teatrı ilə Opera və Balet Teatrının arasındakı məkanda (Rəşid Behbudov küçəsindən Bülbül prospektinə qədər) qurulacağı nəzərdə tutulub. Kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqların iştirakçılara ödənişsiz veriləcəyi söylənilir. Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqədar təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılacaq.
Beynəlxalq tədbirə hazırlıqla bağlı sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. İclasda, həmçinin sərgi-yarmarka günlərində Bakıda gerçəkləşəcək Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq məsələləri də müzakirə olunub. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək səviyyədə keçiriləcəyinə, bu tədbirlə ölkəmizin dünya kitab mədəniyyətinin inkişafı prosesinə layiqli töhfə verəcəyinə əminliyini bildirib: “İstərdim ki, tədbirlərə dəvət olunmuş qonaqlar III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirak etsinlər, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olsunlar. Sentyabr ayından teatr mövsümü başlayır, eyni zamanda, bu ay Üzeyir Hacıbəyli adına növbəti beynəlxalq musiqi festivalının keçirilməsi nəzərdə tutulub. Ölkəmizə gələn qonaqların mədəni sahədə baş verən bütün hadisələrlə yaxından tanış olmasına lazımi şərait yaradılmalıdır”.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli bizimlə söhbəti zamanı Bakıda keçiriləcək böyük kitab sərgisinin məqsədinin ölkəmizin təbliği, dünyada nəşriyyat işi sahəsində təcrübənin tətbiqi, nəşriyyatların, yazıçıların, müəlliflərin oxucularla görüşü, Azərbaycan nəşriyyatlarının işinin təkmilləşdirilməsi, sahənin inkişafına dəstək verilməsi olduğunu bildirdi: “Ulu öndərin 90 illik yubileyinə həsr olunacaq III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nəşriyyatlar pulsuz olaraq öz kitablarını nümayiş etdirərək, özlərinə və müəlliflərə oxucu toplamaq imkanı qazanacaqlar. Xarici ölkələrin nəşriyyat prinsipi ilə tanış olaraq yeni təcrübələr qazanıb, məlumat əldə edə biləcəklər. Bu sahənin mütəxəssisləri əcnəbi yayımçılarla tanış olub, təcrübə mübadiləsi apararaq, gələcəkdə birgə layihə həyata keçirmək imkanı da qazanacaqlar. Oxucular isə yerli və xarici yeni nəşrlərlə tanış ola və onları əldə edə biləcəklər. Qeyd etdiyim bu nüanslar baxımından III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının böyük əhəmiyyəti var. Hazırda 25 ölkənin iştirakı ilə bağlı bizə məlumat gəlib. Elə ölkə var ki, onlardan bir neçə nəşriyyatın gələcəyi bildirilib. Belə olduqda, kitab sərgi yarmarkasında 30-dan çox xarici nəşriyyat iştirak edəcək. Hazırda ərizələrin qəbulu davam edir, həm yerli, həm də xarici iştirakçıların sayı artmaqdadır. İştirakçıların yekun dəqiq sayı sentyabrın 15-də məlum olacaq”.
Kitab sərgi-yarmarkasının sonuncu dəfə 2011-ci ildə keçirildiyini qeyd edən Elbəy Əli 2 il müddətində yeni müəlliflərin meydana çıxdığını, il ötdükcə nəşriyyat sahəsində yeniliklər baş verdiyini söylədi: “Kitab sərgisi hər iki ildən bir keçirilir. Son iki ildə ölkənin nəşriyyat işi, kitab yaradıcılığı həyatında baş verən yeniliklərlə insanları tanış edəcəyik. Ümumiyyətlə, Azərbaycan xalqının kitaba böyük həvəsi var. Hər zaman fikirlər səslənir ki, Azərbaycan oxucusunun kitaba marağı qalmayıb, əslində bu belə deyil. Azərbaycanda oxucu kütləsi böyükdür. Nəşriyyat işi ölkəmizdə mədəniyyətin hər sahəsi kimi inkişaf edir. Yeni müəlliflərin əsərləri işıq üzü görür. Bu da oxucuların marağına səbəb olur. Biz hər zaman bunun əyani şahidi oluruq. Sərgi ilə maraqlananlar əlavə məlumatı sərginin rəsmi saytı www.bakubookfair.com-dan da əldə edə bilərlər”.
Qeyd edək ki, beynəlxalq poliqrafiya birlikləri, nəşr evləri budəfəki sərgi-yarmarkaya xüsusi maraq göstərirlər. Bundan əvvəl keçirilən sərgilərlə müqayisədə daha geniş miqyasda naşir, poliqrafçı və kitabsevərlərin diqqətini çəkən bu tədbirin ən böyük üstünlüklərindən biri də bakubookfair.com saytının yaradılmasıdır. Sərgi-yarmarkanın saytı üç dildə fəaliyyət göstərir, saytda tədbirin iştirakçıları üçün “online qeydiyyat” imkanı da yaradılıb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər