• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

Yerli tütünə ixrac sifarişləri artıb

07.05.19 12:07 453
Yerli tütünə ixrac sifarişləri artıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport.az" internet portalı vasitəsilə xam tütün məhsulları üzrə daxil olan sorğularda xüsusi artım müşahidə edilir.
Portalın meneceri Ayxan QədəşovAZƏRTAC-a bildirib ki, 2019-cu ilin başlaması ilə əksər ölkələrdə xam tütün məhsullarının aksiz vergilərinə 20-45 faizlik artım tətbiq olunub. Bu da öz növbəsində istehsalçıları məhsulların maya dəyərinin qorunması məqsədilə xammal alışı üçün yeni bazarlar axtarışına vadar edib. Belə ki, portala cari ilin ilk aylarından etibarən əsasən Rusiya, Gürcüstan, Hindistan, İngiltərə, Almaniya, İspaniya, Amerika və Okeaniya ölkələrindən xam tütün məhsulu üzrə daxil olan sorğularda artım müşahidə edilir. "Azexport.az" vasitəsilə istehsal olunan məhsulların xarici bazarlarda real alıcılara çatdırılması istiqamətində də işlər görülür. Belə ki, Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında istehsal edilən xam tütün məhsulları barədə məlumatlar portala və "All.biz", "Agroserver", "Tradekey" kimi 10-dan çox beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub. Məlumatların beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunmasından sonra xam tütün məhsulu üzrə dünyanın müxtəlif ölkələrindən ixrac sifarişləri daxil olub. Daxil olan sifarişlər emal olunaraq müvafiq qaydada sahibkarlara təqdim edilib.
A.Qədəşovun sözlərinə görə, portal beynəlxalq bazarlarda müxtəlif məhsullar üzrə baş verən dalğalanmaları qeydə almaq və sahibkarları bu istiqamətdə maarifləndirmək üçün unikal bir platformadır. Çünki ötən illər ərzində toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, soğan, kartof, quru süd kimi onlarla məhsul üzrə portalın proqnozları özünü doğrulub. Portala daxil olan siqnalları nəzərə alaraq cari ildə, ötən ilə nisbətən xam tütün məhsullarının ixracında artım olacağını deyə bilərik. Lakin sahibkarların istehsal olunan məhsulların saxlanması zamanı beynəlxalq norma və qaydalara əməl etmələri mütləqdir. Standartlara cavab verməyən qaydada saxlanılan məhsullar tez bir zamanda keyfiyyətini itirə və müxtəlif xəstəliklərə yoluxdura bilər.
Qeyd edək ki, ölkədə tütünçülüyün inkişafı istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Hazırda uğurla icra olunan Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsədlərdən biri də Azərbaycanda xam tütün məhsulunun istehsal həcmini artıraraq, xarici bazarlara daha çox məhsulun ixrac edilməsinə nail olmaqdır.
A.Qədəşov deyib ki, bu məqsədlə Dövlət Proqramında qarşıya qoyulan hədəflərdən biri kimi 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılmasını qeyd edə bilərik.
Menecer respublikada istehsal olunan tütün məhsulu üzrə ötən illərin statistik göstəricilərinə diqqət çəkib bildirib ki, 2016-cı ildə ümumilikdə ölkə ərazisində istehsal olunan 3,5 min ton xam tütün məhsulunun 2,2 min tonu ixrac olunub, 2018-ci ildə isə istehsal edilən 6,3 min ton xam tütün məhsulunun 4,1 min tonu ixrac olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanda istehsal olunan xam tütün məhsuluna xarici bazarlarda maraq böyükdür və bu maraq artım dinamikasını saxlamaqdadır.
banner

Oxşar Xəbərlər