• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

Yerli toxumlar məhsuldarlığı artıracaq

06.07.16 10:49 2550
Yerli toxumlar məhsuldarlığı artıracaq
Prezident İlham Əliyev toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sənəd ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədi daşıyır. Sərəncama əsasən, müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 12 milyon manat ayrılıb. Qeyd edək ki, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Bəs görəsən sözügedən sərəncamın əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə, bu sərəncam hansı problemlərin həllinə yönəlib?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov bildirdi ki, yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədi ilə əsasən iki istiqamət götürülür: "Birinci hissə ilk növbədə xəstəliklərdən azad kartof toxumçuluğunun sisteminin qurulması və tərəvəz toxumçuluğunun təşkilidir. İkinci istiqamət isə dənli, dənli taxıl, yem bitkiləri və bəzi yağlı bitkilərin toxumlarının istehsalı, təmizlənməsi, saxlanılması məqsədini daşıyır. Qeyd edim ki, birinci istiqamət üzrə nəzərdə tutduğumuz müvafiq laboratoriya, istixanaların tikilməsi, hər iki istiqamətdə isə istehsal, təmizləyici qurğuların, qablaşdırmanın və etiketləşdirilmənin təşkili nəzərdə tutulur”.
M.Əhmədovun sözlərinə görə, sərəncam ölkədən xeyli miqdarda valyuta axınının qarşısını almaqda böyük rol oynayacaq: "Bu gün xəstəliklərdən azad, keyfiyyətli kartof toxumu xaricdən idxal olunur. Həmçinin istixana və açıq şəraitdə yetişdirilən tərəvəz toxumları və hibrid toxumlarının demək olar ki, hamısı ölkəyə kənardan gətirilir. Bu da öz növbəsində böyük məbləğdə valyutanın ölkədən kənara axını deməkdir. Tərəvəz və kartof toxumçuluğunun təşkili üzrə işlərin aparılması ölkədən valyuta axınının qarşısını alacaq. Təbii ki, yeni sortların və yeni hibridlərin ölkədə istehsalı fermer təsərrüfatlarının istifadəsinə də geniş imkanlar yaradacaq. Bu isə öz növbəsində müxtəlif bitki toxumlarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq”.
Müsahibimiz deyir ki, bu gün hibrid qarğıdalı toxumu ölkəyə kənardan idxal olunur ki, bu da böyük valyuta axını deməkdir: "Həmçinin bundan sonra istehsal olunmuş, təmizlənmiş, qablaşdırılmış və etiketlənmiş toxumların Toxum Fondu hesabından istifadəsi mümkün olacaq. Son nəticədə isə yenə də torpaq mülkiyyətçiləri qazanacaq. Bu işlərin qurulması, təşkil olunması üçün müəyyən müddət vaxt lazımdır. Biz çalışırıq ki, bu, tez bir zamanda həyata keçirilsin”.
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov da sözügedən sərəncamın əhəmiyyətindən söz açdi: "Alimlər yeni toxum sortları yaratmaqda bir o qədər də maraqlı deyillər. Ona görə ki, onlar həvəsləndirilmir və stimullaşdırılmırlar. Ayrılan maddi yardım alimlər üçün nəzərdə tutulacaq. Yeni yaradılan toxumları xüsusi maşınlar yığmalı, qurutmalı, sortlaşdırılmalıdırlar. Bunun üçün isə yeni texnoloji avadanlıqların alınması vacibdir. Hesab edirəm ki, bu pulun ayrılması toxumçuluğun inkişafına çox böyük təkan verəcək və yeni toxum sortlarının yaradılmasını stimullaşdıracaq. Mənim fikrimcə, bu, vaxtında və yerində atılan bir addımdır”.
Müsahibimiz deyir ki, ayrılan vəsait alimlərin marağının artırılması istiqamətinə yönəldilməlidir: "Azərbaycanda Bilgəhdə və Abşeronda yetişdirilən zəfəran bitkisinə dünyanın heç bir yerində rast gəlmək olmaz. Zəfərançılığın inkişafına, onunun toxumunun istehsalına diqqət artırılmalıdır. Həmçinin Hövsan soğanı bu gün demək olar ki, tamamilə məhv olub. Bu kimi bir çox bitkilərin toxum sortlarının adlarını çəkmək olar ki, həmin toxumlar artıq bu gün sıradan çıxmaq üzrədir. Toxum olmadığına görə bu məhsullar artıq yetişdirilmir. Prezidentin ayırdığı bu vəsait bu bitkilərin toxum sortlarının bərpasına yönəldilməlidir. Həmçinin alimlər həvəsləndirilməli və onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Bu güzəştlər müxtəlif subsidiyalar formasında tətbiq oluna bilər. Alimlərin normal fəaliyyəti üçün mənzil və laboratoriyalar ayrılmalıdır və həmin laboratoriyalar ən müasir texnoloji avadanlıqlarla təchiz olunmalıdır”.
Ç.Fərəcovun sözlərinə görə, sərəncamla ayrılan vəsait Azərbaycanın başqa ölkələrdən toxum idxalını minimuma endirəcək: "Özümüzün toxumumuz olandan sonra başqa ölkələrdən toxum almayacağıq. Bütün məhsulun əsasını toxum təşkil edir. Əgər toxum varsa, yüksək məhsuldarlıq əldə olunacaq. Xarici ölkələrdə hər hektardan 600-700 sentner pomidor məhsulu istehsal olunur. Azərbaycanda isə bu rəqəm 230-dur. Yüksək məhsuldar yerli toxumlar olarsa, məhsuldarlıq artacaq. Həmçinin toxumlarımız xarici ölkələrə də ixrac olunacaq. Bu isə büdcəyə daxil olan gəlirlərin miqdarını artırmış olacaq. Bu sərəncam məhsuldar toxum və respublikanın gəliri deməkdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər