AZE | RUS | ENG |

Yerli meyvə və tərəvəzi sıxışdıran “xaricilər”

Yerli meyvə və tərəvəzi sıxışdıran “xaricilər”
Ekspertlər deyir ki, keyfiyyəti yaxşı olan yerli sortların məhsuldarlığını da artırmaq üçün elmi-tədqiqat işləri aparılmalı, aqrotexniki işlərə diqqət ayrılmalıdır

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir. Trend-ə açıqlamasında sahibkar Rafət Abbasov bildirib ki, xaricdən gətirilərək yetişdirilən yeni növ çiyələklərin məhsuldarlığı da yüksəkdir. Yeni növlər Türkiyədən gətirilir: "Bunlar "Albiyon" və "Salandreas" növləridir. Bu sortların dayanıqlığı yüksəkdir. Bu vaxta qədər əsasən "Viktoriya" növü becərilirdi. Düzdür, bu növ də məhsuldardır. Amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. "Viktoriya" növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur".
R.Abbasovun sözlərinə görə, çiyələk yığımına istixana şəraitində mart ayından başlanılır: "Açıq hava şəraitində yetişdirilən çiyələklərin yığılmasına aprelin sonlarından başlanıb. Yığım hava şəraitinə uyğun olaraq noyabr ayına qədər davam edəcək".
Son vaxtlar təkcə çiyələyin yox, bir çox tərəvəzlərin, bostan bitkilərinin toxumları xaricdən gətirilir. Və təbii ki, belə məqamda sual yaranır: daha məhsuldar yerli sortlar niyə yetişdirilmir ki, xarici sortlara üstünlük verilir? Ümumiyyətlə, bu sahədə vəziyyət necədir?
Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik və çayçılıq elmi-tədqiqat institutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev hazırda meyvə bitkilərinin yeni sortlarının yaradılması istiqamətində seleksiya işlərinin həyata keçirildiyini söylədi: "Subtropik meyvələr və çay bitkisi üzrə seleksiya işləri aparılır. Son illər ərzində bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Seleksiya işlərinin nəticəsi olaraq bu vaxta kimi 250-dən çox müxtəlif meyvə bitkilərinin yeni sortu yaradılıb. 2018-2019-cu illər ərzində institutun alimləri tərəfindən gilas, alma, limon sortu yaradılıb. İnstitutun yaratdığı iki yeni zeytun, dörd yeni çay sortu rayonlaşdırılaraq dövlət reyestrinə daxil edilib. Həmçinin, 2018-ci ilin sonunda "Sədəf” adlı yeni alma sortu əldə edilib. Qeyd edim ki, bu sortlar yüksək məhsuldarlığı ilə digərlərindən seçilir”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı deyir ki, Azərbaycanda xarici meyvə-tərəvəz sortlarına üstünlük verilməsini onların daha məhsuldar olması ilə əlaqədardır: "Xarici sortlardan əldə edilən məhsulun həcmi çox olur. Amma yerli sortlarla müqayisədə xarici sortların keyfiyyəti nisbətən aşağı olur. Düşünürəm ki, xarici sortları ölkəmizə gətirməzdən əvvəl bir qədər araşdırma aparmalıyıq. Çünki bunun müəyyən fəsadları ola bilər. Ona görə də, xarici sortlar elmi-tədqiqat işləri aparılaraq yoxlanılmalıdır. Meyvə-tərəvəzçilik sahəsindəki seleksiya işi qaneedici səviyyədə deyil. Əvvəllər Azərbaycanın özünəməxsus müxtəlif meyvə və tərəvəz sortları yetişdirilirdi. Müstəqillik illərində bu sahədə müəyyən durğunluq müşahidə olunmağa başladı. Bu sahəyə diqqət də bir qədər azaldı. Ona görə də, indi bu sahə yenidən dirçəlməlidir. Yerli sortların keyfiyyəti çox yüksəkdir. Ekoloji təmiz məhsullara daha çox tələbat var. Biz həmin sortlardan daha çox məhsul əldə edib xaricə məhsul istehsal edə bilərik. Çünki dünyada orqanik məhsullara tələbat çoxdur və baha qiymətə satılır. Bu isə sistemli fəaliyyət tələb edir. Müvafiq elmi-tədqiqat işləri aparılmalı, aidiyyəti qurumlar məsələyə diqqət ayırmalıdır. Yalnız bu halda yerli sortlardan daha çox məhsul əldə etmək olar. Eyni zamanda fermerlər yerli sortların daha çox yetişdirilməsi üçün təşviq edilməlidir. Bu sahəyə müəyyən diqqət ayrılsa, unudulmuş ənənələr bərpa edilə bilər. Bu, əslində alimlərlə fermerlərin ortaq fəaliyyəti nəticəsində ola bilər. Yerli sortlar dadlı və xarici sortlarla müqayisədə daha üstündür. Onlar öz dadına və qoxusuna, uzun müddət təzə qalmasına görə seçilir. Yerli sort meyvələrdən əldə olunan meyvə şirələri və mürəbbələr də öz keyfiyyətinə görə seçilir. Təmiz və keyfiyyətli qidaların az tapıldığı bu dövrdə, biz öz yerli sort meyvə və tərəvəzlərimizin üstünlüklərindən faydalanmalıyıq. Həmçinin, xarici sortlarla müqayisədə yerli sortlar iqlimə daha uyğundur. Aqrotexniki xidmətləri artıraraq, daha çox məhsul əldə edə bilərik”.
Aqrar sahə üzrə ekspert Nicat Nəsirli bildirdi ki, meyvə və tərəvəzçilik sahəsində yerli sortlardan kifayət qədər istifadə olunur: "Xarici sortlar ölkəyə gətirilən zaman əvvəlcə öyrənilir və araşdırılır. Əslində demək olmaz ki, biz öz meyvə və tərəvəz sortlarımızdan tamamilə imtina etmişik. Yəni hər ikisindən -  xarici və yerli sortlardan geniş  istifadə olunur. Ümumiyyətlə götürdükdə isə xarici sortlar calaq edilərək gətirilir. Ona görə də həmin sortlardan əldə olunan məhsulların intensivliyi yüksək olur. Əgər yerli sort 5-6 ilə məhsula düşürsə, xarici sortlar 2-3 ilə məhsula düşür. Bu da, sahibkarlar üçün çox önəmlidir. Həmçinin, məhsuldarlıq məsələsi də öz sözünü deyir. Bizim ənənəvi sortlardan, xarici sortlarla müqayisədə daha az məhsul əldə olunur. Ona görə də elmi-tədqiqat institutları xarici sortları araşdıraraq ölkəmizə gətirir və fermer təsərrüfatlarında  istifadə olunur. Yəni hesab edirəm ki,  əsas məsələ iqtisadi göstəricilərdir”.
 
Şəbnəm

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299