AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yerli maskaların satışı gələn həftədən başlayacaq

Yerli maskaların satışı gələn həftədən başlayacaq

Cəmiyyət
07 Aprel 2020, 17:42 404
Əvvəlcə tələbatın 40 faizi qədəri ödəniləcək, sonra isə müəssisənin gündəlik istehsal gücü 250 min ədədə çatdırılacaq
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanıma müəssisə haqqında məlumat verdilər.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
Məlumat verildi ki, "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
"Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva isə bildirib ki, Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq: "Hələ ki, onların qiyməti müəyyən edilməyib, yaxın 2 gün ərzində satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində ölkənin gündəlik maska tələbatının 30-40%-i qədər istehsal nəzərdə tutulur. Müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb". 
Qeyd edək ki, Azərbaycanda tibbi maska istehsalına başlanılması bir çox mühüm məqamları özündə ehtiva edir. İlk növbədə, bu addım Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması məsələsinə nə dərəcədə diqqətlə və həssas yanaşmasını göstərir və sübut edir ki, Azərbaycanda dövlət tərəfindən bu istiqamətdə konkret və ardıcıl tədbirlər görülür. Bundan başqa, bu müəssisənin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla yanaşı, eyni zamanda, idxaldan asılılığı azaltmaq, daxili tələbatı ödəmək məqsədilə yerli istehsalı genişləndirmək istiqamətində son illərdə həyata keçirilən işlərin ardıcıl xarakter aldığını nümayiş etdirir.
 
Maraqlıdır, belə bir müəssisənin fəaliyyəti həm tibbi, həm də iqtisadi baxımdan nə kimi əhəmiyyətə malikdir və bu istehsalat daxili tələbatı ödəməklə yanaşı, gələcəkdə ixraca yönəlik də işləyə bilərmi?
 
Problemin əsaslı həlli isə yerli istehsaldır
 

"Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür” deyən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bütün dünyada koronavirusla mübarizədə tibbi vasitələrin, xüsusi ilə qoruyucu maskaların qıtlığı hökm sürür, hər kəs bu problemi öz imkanları daxilində həll etməyə çalışır. Nəhəng dövlətlər belə, qıtlığı aradan qaldırmaq üçün evlərdə, sexlərdə, dərzi emalatxanalarında kustar üsulla maska tikməyə başlayıblar: "Əlbəttə, bu da bir yoldur və heç olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar etmək olar. Azərbaycanda indiyə qədər maska istehsalı olmayıb və bu tibbi vasitəyə olan ehtiyac idxal hesabına ödənilib. Lakin koronavirus pandemiyası başlanandan hətta maska istehsal edən ölkələr də bu qoruyucu vasitənin çatışmazlığı ilə üzləşməli oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil etməkdən keçirdi. Prezident İlham Əliyev bu məsələni də öz nəzarətinə götürdü və olduqca qısa müddətə - cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssisəsi yaradıldı və fəaliyyət başladı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdikləri Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Kombinatının Tibbi maska istehsalı müəssisəsi qısa müddət ərzində yaradılıb ən müasir texnologiya və tibbi standartlara cavab verir".
Deputat qeyd edib ki, dünyanın nəhəng dövlətlərinin az qala çaşqınlıq, ümidsizlik və depressiya içərisində çabaladığı bir dövrdə Azərbaycan dövləti özəl sektorla birlikdə ən qısa müddətdə öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska istehsal edən yeni bir müəssisə qura bilirsə, bu, dövlətin gücünün, nüfuzunun, dövlət rəhbərinin siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə etmək və zamanında düzgün qərar qəbul etmək kimi müdrikliyinin göstəricisidir.
 
Maska istehsalın zamanı çoxdan yetişmişdi
 

Tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, ölkəmizdə bəzi tibbi vasitələrin istehsal vaxtı çoxdan yetişib: "Əslində, maskanı, birdəfəlik şprisləri və digər dezinfeksiya vasitələrini biz çoxdan istehsal edə bilərdik, yəni bu gücə sahibik. Xüsusi bir avadanlıq, texnologiya tələb etməyən tibbi vasitələri yerli istehsal hesabına ödəməyimiz mümkündür. Bu, həm məsrəflər baxımından, həm də İcbari Tibbi Sığorta paketinə keçən ölkədə təbii ki, müəyyən tibbi ləvazimatların daxili istehsala verilməsi məqsədəuyğundur. Amma hər halda indi də istehsalın başlanılması müsbət addımdır. Məhsulun daxili tələbatı ödəməsi və ixracı isə istehsalın həcmindən asılıdır”.

Pandemiya sonrası standartlar dəyişəcək
 

İqtisadçı Rəşad Həsənov sözlərinə görə, müəssisə hələlik daxili tələbatı ödəyə biləcək, amma gələcəkdə ixracı təmin etmək üçün məhsulun istehsal həcmi və keyfiyyəti böyük rol oynayacaq: "Bu müəssisənin açılması ölkəmizdə daxili tələbatın ödənilməsi üçün müəyyən bazanı formalaşdırır. Müəssisə hələlik daxili tələbatı ödəmək üçün nəzərdə tutulub. Təbii ki, bu gün yaşadıqlarımız fors-major bir vəziyyətdir. Hazırda zavodun gücü gündəlik 120 mindir, amma gələcəkdə bunun 250 minə qədər artırılması planı var. İxrac məsələsi isə zavodun istehsal gücündən və məhsulların keyfiyyətdən birbaşa əlaqəli olacaqdır. Çünki bazarda rəqabət güclüdür. Əslində, bu sahə çox kiçik bir istehsalat sahəsi idi, sadəcə, mövcud vəziyyət maskaya tələbi kəskin şəkildə yüksəltdi. Faktiki olaraq dünya bazarlarından maska əldə etməyimiz müşkülə dönüb. Amma etiraf etmək lazımdır ki, normal şəraitdə bazarda kifayət qədər oyunçu var və növbəti mərhələdə keyfiyyəti təmin edə bilməsək, istənilən nəticəni əldə etməyimiz çətin olar. Xüsusilə də pandemiya sonrası bu sahədə tələb standartlarının da dəyişəcəyini, eyni zamanda bir çox ölkələrdə müəssisələrin də sayının çoxalacağını nəzərə almaq lazımdır. Ona görə də strategiya elə qurulmalıdır ki, növbəti dövrlərdə də müəssisənin daha keyfiyyətli məhsul istehsalı üzərində işlər davam etdirilsin. Belə olduğu təqdirdə bu kimi tibbi ləvazimatların ixracı mümkündür”.

Günel Azadə