• cümə, 19 Aprel, 04:05
  • Baku Bakı 18°C

Yerini bil

07.12.18 13:57 2311
Yerini bil
Ermənistanın baş naziri olmağa iddialı Nikol Paşinyanın anti-Rusiya bəyanatları, "forpost”a yaraşmayan formada açıqlamalarla çıxış etməsi cavabsız qalmayıb. Söhbət Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə Paşinyana verilən qiymətdən gedir. Rusiya mətbuatı görüş çərçivəsində liderlər arasındakı münasibətlərin işıqlandırılmasına geniş yer verib. Yayılan xəbərlərdə Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə tamaşa edərkən Rusiya prezidenti Vladimir Putinin sağında Azərbaycan prezidenti İlham Əliyevin, solunda isə Belarus lideri Aleksandr Lukaşenkonun əyləşməsi son dövrlərdə ölkələr arasındakı yaxın münasibətlərin və əməkdaşlığın nümunəsi, həmçinin Putinin böyük ehtiramı və hörməti kimi təqdim edilib. Tarixən Rusiyanın forpostu hesab olunan, lakin son aylarda Kremllə böyük problemləri olan Ermənistanın lideri Nikol Paşinyanın isə bu ehtiram və hörmətdən çox uzaqda qaldığını söyləmək olar. Belə ki, Paşinyan tamaşaya baxılarkən sıranın sonunda mühafizəçilərlə birlikdə əyləşib. Erməni lider İlham Əliyevin getdikcə daha da artan nüfuzu və liderlər arasında ona göstərilən diqqət fonunda küncə sıxılaraq sakit və narazı şəkildə oturub. Bunu onun narazı üz cizgilərindən də rahatlıqla hiss etmək olar. Bu o deməkdir ki, Paşinyan özünü Rusiyaya loyal göstərməyə çalışsa da, şəxsinə olan münasibət dəyişməyib. Rusiya hakimiyyəti onun vaxtilə Kremli ittiham edən bəyanatlarını, eləcə də, himayəsi ilə qurulan təşkilatlara qarşı çıxmasını unutmayıb və heç unutmayacaq da. Paşinyan erməni xislətinə uyğun olaraq indi tamam dəyişdiyini bəyan etsə də, qarşı tərəf üçün bu, məqbul deyil. Moskva strateqləri çox gözəl başa düşürlər ki, Paşinyanın baş nazir seçildikdən sonra anti-Rusiya ritorika nəinki zəifləyəcək, əksinə, daha da güclənəcək.
Sammit çərçivəsində Paşinyan tək bununla aşağılanmayıb. Məsələn, Kremlə yaxın "Kommersant” qəzeti Paşinyanın rus dilində danışmasını lağa qoyub və onun özünü itirmiş vəziyyətdə çıxış etdiyini vurğulayıb. "Onun rus dilində sözlərin şəkilçilərini itirə-itirə danışması xüsusi əhəmiyyət kəsb edir. Heç özü də bunun fərqində deyil. Mənim qənaətimcə, bununla bir növ Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrlə öz arasında məsafə saxlayır. Sanki bununla müstəqil olduğunu göstərmək istəyir. Paşinyan etiraf edib ki, onun ölkəsi üçün əsas maraq doğuran məsələ rəqəmsal gündəlikdir”, - deyə müəllif yazıb. Qəzet yazır ki, Aİ liderlərini təşkilatın ideyalarına sadiq olduğuna inandıran Paşinyan hamının eşidəcəyi tərzdə onu da deyib ki, Ermənistan üçün prioritet Avropa İttifaqı ilə əməkdaşlıqdır. Yeri gəlmişkən, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan qabaqcadan bəyan etdiyi kimi, Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına toplantısında da çıxış edib və üzv dövlətlərin qarşılıqlı öhdəlikləri məsələsini üstüörtülü şəkildə qabardıb. Burada cürət etməsə də, erməni icmasının üzvləri ilə görüşdə qurumda təmsil olunan ölkələrdən gileylənib. "Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik” - deyən N.Paşinyan Ermənistanı "etibarlı müttəfiq” adlandırıb. Ardınca qeyd edib ki, bunu KTMT-dəki digər tərəfdaşlar haqqında deyə bilmər. "Ona görə də biz deyirik: gəlin, münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda öz öhdəliklərimizi yerinə yetirməliyik” - deyə, N.Paşinyan şikayətlənib. "Anlaşılmaz hərəkətlər”dən bəhs edən erməni baş nazir əvəzi ardınca "biz bilməliyik, kimə inana bilərik, kimə yox” söyləyib. N.Paşinyan üzv ölkələri Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa da çağırıb. Baş katiblik məsələsində artıq məqsədinə nail ola bilmədiyini anlayan Paşinyan KTMT baş katibliyinə əhəmiyyətsiz məsələ kimi yanaşaraq, deyib ki, bizə belə formal statuslar lazım deyil: "Bizə qarşılıqlı razılaşmalar və onların tam həyata keçirilməsi lazımdır”. Maraqlıdır, Belarus və digər KTMT ölkələrindən Paşinyana hansı cavab veriləcək?
İclasda KTMT-nin vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan ermənistanlı baş katibi Yuri Xaçaturovun yerinə hansı ölkənin nümayəndəsinin gətiriləcəyi ilə bağlı məsələ də həllini tapmayıb. Bu barədə Ermənistanın baş nazirin mətbuat katibi Arman Yeqonyan "Facebook”dakı səhifəsində bildirib. Bununla da, Yerevan Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən günSankt-Peterburqda səsləndirdiyi bəyanatını təkzib edib. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi həll olunmayıb” – Yeqonyan yazıb.Qeyd edək ki, Lukaşenko MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub: "Bugünkü görüşlərdə, prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar.”
Beləliklə də, Paşinyan üçün Sank-Peterburq görüşünün fiasko ilə nəticələndiyi birmənalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər