• şənbə, 20 Aprel, 16:32
  • Baku Bakı 23°C

Yerevanla Moskva arasında “telekanal” qalmaqalı böyüyür

30.06.20 16:40 652
Yerevanla Moskva arasında “telekanal” qalmaqalı böyüyür
Rusiya ekspertləri rusdilli kanallara qoyulacaq qadağaları tənqid edirlər
Ermənistan parlamentində ölkə ərazisində əcnəbi, xüsusən də, Rusiya telekanallarının yayımının dayandırılması barədə qanun layihəsinin birinci oxunuşdan keçməsi ciddi rezonans doğurub. "Audiovizual media” haqqında qanun layihəsinin ilk oxunuşda qəbul edilməsi, təkcə Ermənistan-Rusiya münasibətlərində deyil, həm də Ermənistanın ictimai-siyasi mühitində olduqca maraqlı bir atmosfer yaradıb. Qanun layihəsi təsdiq olunarsa, onda bu kanalların Ermənistan ərazisində sərbəst yayımı dayanacaq. Rusiya səfirliyinin sərt bəyanatının ardınca bu ölkənin ziyalıları, ekspertləri də baş verənlərə ciddi təpki göstərməkdədir. Məsələn, A.C.Puşkin adına Rus dili İnstitutunun rektoru, Prezident yanında Şuranın üzvü, Moskva şəhər Dumasının deputatı Marqarita Rusiçkaya "Moskva-Baku” portalına müsahibəsində bildirib ki, Rusiya telekanalları ətrafında yaşanan bu cür tendensiya təəssüf doğurur: "Əlbəttə ki, bu çox təəssüf doğurur, çünki rus dili haqqında ancaq rus xalqının dili kimi danışmaq mümkün deyil. Rus dili böyük, dünya dilləri qrupuna daxildir. Rus dili internetdə informasiya əldə etmək baxımından ikinci dil hesab edilir. İngilis dili kimi tək ingilislərin, ispan dili kimi tək ispanların dili deyil - bu dillər qlobal informasiya məkanını dolduran dillərdir. Rus dili də sözsüz ki, bu dillər qrupuna daxildir. Bu dillərin öyrənilməsi üçün şəraitlərin yaradılması, bu dildə informasiya əldə etmək – zamanımızın düzgün bir əlamətidir və hər bir insanın maraqlarına uyğun olmalıdır. Rus dili postsovet məkanını birləşdirir və əsas bağlayıcı həlqədir. Bu, Ermənistana da aiddir. Dərsliklərdə bir çox nizam-intizam qaydaları rus dilində tədris olunur və buna alternativ yoxdur. Rus dilində yayımlanan kanallar, sözsüz ki, bu dildən istifadə edənlər üçün dəstək vasitəsidir və biz Ermənistanın rusdilli əhalisi barədə danışanda bu kontent təmin olunmalıdır”. O bildirib ki, rus dili üçün baryer yaradılması narahatlıq doğurur: "Sözsüz ki, bu problemlə bağlı Rusiya və Ermənistan tərəfi kompromis əldə etməlidir. Bir çox məsələlər dövlətlərarası komissiyalarla həllini tapır. Biz Puşkin İnstitutu olaraq MDB ölkələrində baza təşkilatı kimi çıxış edirik”. Ekspertin sözlərinə görə, postsovet məkanında milli və rus dilinin mövcudluğu ilə bağlı gözəl nümunələr var: "Məsələn, Özbəkistanın bu gün siyasəti ondan ibarətdir ki, bütün məktəblərdə rus dili keçirilməlidir. Azərbaycanla bağlı nümunə gətirmək olar. Multikultural ölkə olan Azərbaycanda multidil xüsusi yer alır. Azərbaycanda Bakı prosesi çərçivəsində ümumdünya mədəniyyətlərarası dialoq keçirilir. Onun məqsədi dünya ictimaiyyətinin diqqətinə multikulturalizmi çatdırmaqdır. Hazırda Azərbaycanda rus dilində olan məktəblərdə təhsil almağa böyük tələbat var. Və biz imkan daxilində bu məsələdə azərbaycanlı həmkarlarımızı örnək göstərməyə çalışırıq”.
Politoloq Vitali Arkov da Ermənistanda rus dilinə münasibətdə hiss olunan tendensiyanın bir çox suallar doğurduğunu vurğulayıb: "Burada söhbət erməni dilinin dövlət dili kimi boğulmasından deyil, rusdilli əhalinin nümayəndələrinin kənarda qalmasından gedir. Rus dili ölkədə ikinci və az qala gündəlik danışıq vasitəsində birinci yerdə qərarlaşıb. Düzdür, postsovet məkanında mütəmadi olaraq rus dilindən imtina edilməsi tendensiyalarına rast gəlirik. Hazırda baş nazir Nikol Paşinyanın timsalında da bu siyasət yürüdülür. İndiki hakimiyyətin siyasəti antirus olmasa da, anti-Rusiyadır”. Onun qənaətincə, Paşinyan onu hakimiyyətə gətirən qüvvələrin sifarişinə oynayır. "İndiki hakimiyyət orqanları Aİİ və KTMT-nin dağılmasını qarşıya məqsəd qoyublar, onun ətrafında münaqişə dairəsi, Cənubi Qafqazda gərginlik yaratmağa çalışırlar. Böyük ehtimalla, erməni hakimiyyət orqanları Rusiya kanallarının ölkə daxilinə təsirindən ehtiyat edirlər. Lakin Rusiya kanallarında biz antierməni bəyanatlarına rast gəlmirik. Düzdür, "məxməri inqilab”dan sonra Ermənistanda baş verənlərin obyektiv işıqlandırılması tendensiyası var. Ola bilsin, Rusiya KİV-lərinin türkyönümlü ritorikası da xoş gəlmir. Mənə elə gəlir ki, rəsmi Yerevanın belə yanaşması kökündən səhvdir. Yerevan Rusiyadan ayrılmaq siyasəti aparır. Ermənistan qonşu ölkələrdə olduğu kimi, hamını qane edə biləcək addım ata bilərdi. Məsələn, Azərbaycandakı kimi. Orada tam rus dilində yayımlanan rusdilli kanallar var. Rusdilli əhalinin hüquqları pozulmur. Rus dili postsovet məkanında Rusiyanın hegemonluğu deyil, bağlayıcı bir həlqə, millətlərarası ünsiyyət vasitəsidir”, - deyə fikrini tamamlayıb.
Yeri gəlmişkən, Ermənistanda dərc olunan "Politik.am” nəşrində dərc olunan məqalədə də bu məsələyə toxunulub. Qeyd olunur ki, illərdir rus və ya rusdilli televiziya kanallarına qarşı antirus təbliğatı aparılması məlum idi. "İndi hökumətdə pay sahibi olan "Soros qanadı” tərəfindən bu anti-Rusiya təbliğatı daha geniş həyata keçirilir. Tanınmış "sorosçular” (Daniel İoannisyan, Aşot Melikyan, Artur Sakunts və başqaları) bu məsələyə özləri üçün əlçatan media mənbələrində və ya sosial şəbəkə platformasında toxunublar. Onlar hesab edir ki, Ermənistanda Rusiya kanallarının yayımlanması milli təhlükəsizlik məsələsidir. Bu qanunun qəbulunun onsuz da mürəkkəb olan Ermənistan-Rusiya münasibətlərinə nə dərəcədə zərbə vuracağını söyləmək çətindir, ancaq zərbə olacağı aydındır, çünki rusdilli kanallar ilk növbədə rusdilli və ya rus dili ilə bağlı cəmiyyət üçündür. Bu isə ilk növbədə rus dilinin yayılması və qorunmasına xidmət edir və Moskva bu məsələdə çox həssasdır”, -deyə məqalədə vurğulanır.
Azər


banner

Oxşar Xəbərlər