• cümə axşamı, 18 aprel, 22:15
  • Baku Bakı 21°C

Yerevanın intizarlı gözləntisi

19.11.18 18:27 569
Yerevanın intizarlı gözləntisi
Ermənistanın səriştəsiz rəhbərliyinin yürütdüyü siyasət öz acı nəticələrini verməkdədir. Yerevan bir vaxtlar güvəndiyi və özünə dayaq bildiyi Kollektiv Müdafiə üzrə Müqavilə Təşkilatı (KTMT) tərəfindən ardıcıl zərbələr almaqda və aşağılanmaqdadır. Təşkilata üzv olan Belarus və Qazaxıstan tərəfindən Ermənistana qarşı tənqidlər geniş vüsət alıb. "Nezavisimaya qazeta” yazır ki, Belarus XİN erməni lideri Nikol Paşinyanı küçə demokratiyasını böyük siyasətə gətirməməyi tövsiyə edib. Qəzet yazır ki, N.Paşinyan KTMT-nin Astanada keçirilən sammitdən sonra özünə gələ bilmir. Qeyd edilir ki, sammitdə müzakirə olunan məsələlərdən biri təşkilatın rəhbərinin dəyişilməsi olub və qurumun nizamnaməsinə görə, bu vəzifəni 2020-ci ilə qədər Ermənistan nümayəndəsi daşımalıdır. Lakin bu postu tutan Yuri Xaçaturov 2008-ci il mart hadisələrində antikonstituson fəaliyyət ilə bağlı ifadə vermək üçün geri çağırılıb. Rəsmi Yerevanın bu addımı isə gözlənildiyi kimi, KTMT-yə üzv dövlətlər, xüsusən də Moskva tərəfindən ciddi narazılıqla qarşılanıb. Rusiya XİN yaydığı məlumatda bəyan edib ki, KTMT-nin baş katibi məsələsi ilə bağlı qərar birtərəfli qaydada qəbul edil bilməz. "Ən əsası, bu addım dövlətlərarası alyansın nüfuzuna ciddi zərbə vura bilər. Bu gün Yerevan hesab edir ki, Xaçaturovu başqa fiqurla əvəzləyə bilər. Hətta konkret ad da çəkilirdi – keçmiş müdafiə naziri Vaqarşak Arutunyan. Lakin Astana sammitində bu məsələ həlini tapmadı və müzakirəni dekabrın 6-na - Sankt-Peterburqda keçiriləcək növbəti sammitə saxladılar. Astana sammitindən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev vəziyyəti şərh edərkən bildirib ki, yeni sədr seçimini əlifba siyahısı ilə 2020-də deyil, indi həll etmək gərəkdir. "Minskdə Azərbaycanın Belarusdakı səfiri ilə görüşdə Aleksandr Lukaşenko da məsələyə reaksiya verib”, - deyə qəzet yazır. Bütün bunlara Yerevanın reaksiyası sərt olub. Baş nazir səlahiyyətlərini icra edən Paşinyan bəyan edib ki, "KTMT-nin bağlı qapılar arxasında keçirilən toplantısında müzakirə olunan məsələlər nə səbəbdən ora daxil olmayan dövlətlə müzakirə olunur”. Əlavə edib ki, məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək niyyətindədir və ardınca da tərəflər arasında telefon söhbəti olub. Paşinyanın ittihamlarına Belarus XİN-in mətbuat xidmətini rəhbəri Anatoli Qlaz sərt reaksiya verib və bildirib ki, "görünür, Nikol Paşinyan özünü beynəlxalq prokuror qismində görür. Ümid edirik ki, zaman etibarilə hər şey yoluna düşəcək”. KTMT baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov bildirib ki, bir sıra üzv dövlətlər Ermənistanın nümayəndəsinin bu postda effektiv fəaliyyət göstərə biləcəyinə şübhə ilə yanaşırlar. "Nezavisimaya qazeta”ya adının çəkilməsini istəməyən ekspertlərdən biri bildirib ki, Yerevan üçün əsas KTMT-nin lideri olan Rusiya ilə münasibətlərdir. Onun sözlərinə görə, N.Paşinyan dövlətlərarası alyanslardakı fəaliyyəti bir qədər mürəkkəbdir. Yəni o, bu kimi məsələlərdən baş çıxarmır. Bir növ digər liderlər tərəfindən doğma qəbul edilmir. Hərbi ekspert Viktor Litovkin isə qəzetə açıqlamasında bildirib ki, Ermənistan üçün KTMT-də qalmaq vacib olsa da, ən əsası Rusiya ilə müttəfiqlikdir.
Öz növbəsində "Kommersant” yazır ki, Ermənistan və Belarusun KTMT-də baş katib uğrunda mübarizəsi çox baxımlı bir yarışa çevrilib. "Siyasi çəkiyə malik Aleksandr Lukaşenko perspektivli yeni şəxs Paşinyana qarşı çıxıb. Onlardan hər biri üçün qələbə KTMT-nin imicindən də vacibdir”, - deyə qəzet yazır. Məqalə müəllifi hesab edir ki, əsas məsələ dekabrın 6-da olacaq. Məhz həmin tarixdə Paşinyana Rusiyanın verəcəyi qiymət bəlli olacaq. "Geri çəkilməyə adət etməyən Aleksandr Lukaşenkonun öz arqumenti var. Birincisi, onun özünün namizədi var - TŞ sədri Stanislav Zas. İkincisi, Lukaşenko Paşinyan kimi bir rəqibə məğlub olmağı özü üçün təhqir hesab edir. Belarus lideri çoxdan ən yüksək liqadadır və oyun qaydalarını da özü müəyyən edir. Eyni sözləri onun Rusiya, Tacikistan və Qazaxıstandan olan həmkarları barədə də demək olar. Erməni lider onlar üçün yaddır - nə bir təcrübəsi var, nə də indiyədək bir seçkini belə, udmayıb. Udsa da, faiz göstəricisi nə qədər olacaq, bəlli deyil. KTMT-də düşmən də olmasa, hər halda dost kimi də qəbul edilmir. O, bir dəfə hamını rəncidə edən hərəkətə yol verib – KMT-nin baş katibini dəyişib. Əgər dekabrın 6-da baş katib postu Belarusa qismət olarsa, onda Paşinyanın opponentləri bundan səsvermə öncəsi istifadə edə bilərlər. Sonra isə bunu uzun zaman onun yadına salacaqlar”, - deyə qəzet yazır. "Kommersant” yazır ki, Paşiyan üçün Sankt-Peterburq sammitində uğur əldə etmək vacibdir. Heç olmasa Astanadakı kimi heç-heçə də onu qane edir. Nəşr yazır ki, sonuncu ssenari daha real görünür. Belə olan halda hazırkı sədr, Rusiyanın KTMT-dəki nümayəndəsi Valeri Semerikov hələ yarım il də vəzifəsində qala bilər.
Bəs Ermənistanın siyasi dairələrində bu məsələyə reaksiyalar necədir?
Politoloq Rubet Miqranyan hesab edir ki, "Ermənistan özü üçün müəyyən etməlidir ki, bu təşkilatda üzvlük ona nəyə lazımdır? Aydınlıq gətirilməlidir, biz orada nə edirik və nəyə görə ordayıq”.
Politoloq Akop Badalyan isə Belarus və Qazaxıstan liderlərini aşağılamaqdan çəkinməyib. "Lukaşenko və Nazarbayev özlərini KTMT-də casus kimi aparırlar”, - deyən ekspert onları təşkilatın deyil, Azərbaycanın, hətta İsrail və Türkiyənin və xeyrinə fəaliyyət göstərməkdə ittiham edib.
Sosial şəbəkələrdə isə baş verənlərdə Ermənistan hakimiyyəti günahkar bilinir. Bəziləri hakimiyyəti sona kimi mübarizə aparmağa çağırıblar. "Belarusun bəyanatları qəbuledilməzdir, amma Ermənistan tərəfindən də əvvəldən səhvlər olub”. Bunu isə jurnalistlərə açıqlamasında Ermənistanın Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. "Yuri Xaçaturov bütün üzvlər tərəfindən baş katib təyin edilib. Məsələ onun həbsinə çatanda bütün tərəfdaş ölkələrin rəhbərləri məlumatlandırılmalı idi. Hər bir halda, situasiya Ermənistanın xeyrinə deyil”, – deyə o bildirib. V.Baqdasaryan Belarusun bundan öncə də Ermənistana qarşı neqativ münasibətinin olduğunu, amma bunun ictimai şəkildə elan edilmədiyini söyləyib. O, 6 dekabrda baş tutacaq KTMT iclasının "dost xarakterli” olmayacağını da vurğulayıb. "Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan isə KTMT ilə bağlı situasiyanın təəssüf doğurduğunu bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər