• cümə axşamı, 25 aprel, 08:55
  • Baku Bakı 14°C

Yerevandan Moskvaya köçən satqınlar

12.12.17 12:00 1849
Yerevandan Moskvaya köçən satqınlar
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa başlayıb. Bu çərçivədə çoxəsrlik dostluq ənənələri, ortaq tarixi və mədəni bağların olduğu Rusiya Federasiyası ilə də əlaqələr qurulub. Belə ki, 1992-ci il aprelin 4-də Bakıda imzalanan protokol əsasında hər iki ölkə arasında diplomatik münasibətlər qurulub. Elə həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.
Lakin ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya ilə Azərbaycan arasında 1997-ci il iyulun 3-də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Məhz bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin 1997-ci il iyul ayının 2-dən 4-dək Rusiya prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında, inkişafında əhəmiyyətli tarixi hadisəyə çevrilib. 2000-ci ildə isə Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başlayıb. Əvvəlki dövrlərdən fərqli olaraq, yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilməyib, eyni zamanda, hər iki ölkənin milli maraqları, məsələn, təhlükəsizlik, iqtisadi inkişaf məsələləri daha mühüm önəm daşıyıb. Sonrakı dövrdə də Azərbaycan və Rusiya arasında sıx dostluq münasibətləri qurulması üçün əhəmiyyətli siyasi baza formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının prezidentləri Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib.
Qeyd edək ki, bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq əlaqələrinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.Məhz bu münasibətlərdən irəli gələrək, Rusiya və Azərbaycan arasında, eləcə də iki ölkənin rəhbərliyi arasında hər zaman qarşılıqlı anlaşma mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, həmçinin belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə alıb. Bununla yanaşı, Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçirib. Azərbaycan kütləvi informasiya vasitələri (KİV) və vətəndaş cəmiyyəti təsisatları Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkinib.
Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə, onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək mümkün deyil. Çünki Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistanda ölkəmizin əleyhinə "ikinci cəbhə” açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə, Zabil Məhərrəmov kimilərdən istifadə edilərək, telekanal və mərkəzlər açılmışdı. Azərbaycan ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən erməni xüsusi xidmət orqanları taktikalarını dəyişmək məcburiyyətində qaldılar. Beləliklə də həmin qurumların fəaliyyəti Moskvaya köçürüldü.
Bu yerdə onu da xatırladaq ki, bəhs edilən fəaliyyətlərdə adıkeçən F.Aboszadə 1981-95-ciillərdə Bakı Dövlət Universitetində (BDU) işləyib. O, əvvəl Kommunist Partiyası, sonra Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə sürətli karyera sıçrayışı etsə də, bütün cəhdləri uğursuzluqla nəticələnib. Hətta onun "Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması da "lazımınca" qiymətləndirilməyib. F.Aboszadənin mənsub olduğu linqvistik icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi də bölgə əhalisinin qətiyyətli səyi ilə iflasa uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət göstərməyə başlayıb. Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov da hazırda "fəaliyyəti”ni Yerevandan Moskvaya köçürüb və bu təxribat planlarını da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda "bizim qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı ilə çıxış edən satqın, Vətən xainidir.
Göründüyü kimi, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın da mənafelərinə xəyanət edilir. Ona görə də Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin qurbanına çevirməsinin qarşısını almalıdır. Çünki erməni lobbisi bu kimi addımlarla Rusiyanı geostrateji əhəmiyyətli bölgələrdən daha çox təcrid etməyə çalışır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər