• şənbə, 20 Aprel, 02:17
  • Baku Bakı 15°C

Yerevanda nümayişçiləri kim güllələyib?

07.08.19 15:00 16364
Yerevanda nümayişçiləri kim güllələyib?
Böyük Britaniyanın dünyaca məşhur BBC radiosu müasir Ermənistanın tarixinin ən faciəvi hadisələrindən biri - 2008-ci il mart gülləboranı ilə bağlı sənədlərə eksklüziv giriş əldə edib. Korporasiya həmin sənədləri dərc edib. Bildirilir ki, həmin hadisələr zamanı 10 nəfər qətlə yetirilmiş, yüzə yaxın insan yaralanmışdı. Nikol Paşinyan da baş nazir olarkən vəd etmişdi ki, həmin hadisələrin günahkarları cəzalanacaq. Lakin məsələ ondadır ki, açılan sənəd Paşinyanla separatçı DQR rejimi arasında gərginliyi daha da artırmış olacaq. Belə ki, indi artıq sənədlərlə təsdiq olunur ki, nümayişçilərin gülləboran edilməsi barədə əmri general-mayor Samvel Karapeytan (Oqanevskiy) verib.
Bundan əlavə, istintaq materiallarında iki keçmiş prezident və iki nüfuzlu deputatın adı keçir. Bu materialların üzə çıxması eks-prezident Robert Koçaryanın vəziyyətini bir qədər də ağırlaşdırmış olacaq. İstintaq işi nəhəng siyasi əhəmiyyət kəsb edir və Ermənistanda siyasi qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişə bilər. Nəticələri həmin hadisələr zamanı ölən və yaralananların yaxınları da diqqətlə izləyir. BBC istintaq materiallarına istinadən aşağıdakı nəticələrin üzə çıxdığını dərc edib. Müstəntiqlər hesab edirlər ki, nümayişçilərə atəşi qarabağlı hərbçilər atıblar. Hazırda adıçəkilən Karapetyan şahid qismində dindirilir. İstintaq müəyyən edib ki, onun dəstəsi prezident administrasiyasının zirzəmisində saxlanılıb. O da bəlli olub ki, dəstəyə iki sabiq prezident Robert Koçaryan və Serj Sarkisyan mütəmadi baş çəkiblər. İstintaq tərəfi eyni zamanda iki nüfuzlu biznesmeni - Qaqik Çarukyan və Samvel Aleksanyanı da yoxlayırlar. Onlar separatçı qurumdan gələn güc strukturlarını maliyyələşdirirmişlər. Ermənistan və separatçı qurumda olan mənbələr BBC-yə müstəntiqlərin dindirilmə zamanı əldə etdikləri məlumatları təsdiq ediblər. Karapetyan hazırda tanınmamış qurumda xidmət edir. Sarkisyanın prezidentliyi müddətində mart hadisələri ilə bağlı kimsə məsuliyyətə cəlb olunmayıb.
Mart hadisələri ilə bağlı yeni tədqiqat Nikol Paşinyanın təşəbbüsü ilə başlayıb. Bu təşəbbüs erməni cəmiyyətində intuziazmla qarşılanmışdı. Səbəb həm də odur ki, erməni cəmiyyətində qarabağlılara qarşı nifrət pik həddədir. Lakin istintaqın qeyri-şəffaf xarakteri və yeni hakimiyyətin nümayəndələrinin emosional bəyanatları prosesə siyasi xarakter gətirdi və məhkəmə sisteminə təzyiqlərə gətirib çıxardı. Buna səbəb həm də odur ki, Paşinyan 2008-ci ildə mitinqlər təşkil edib və məğlub namizədin qərargahında işləyib. Hətta məsuliyyətə də cəlb edilib. İstintaq işini aparan Xüsusi İstintaq Xidməti də birbaşa Nikol Paşinyana tabedir. Qurumdan isə məsələyə münasibət bildirməyiblər. Karapetyan BBC-yə açıqlamasında ünvanına söylənilənləri şərh etmək istəməyib. Biznesmenlər Çarukyan və Aleksanyan da 2008-ci il hadisələrində rolları barədə ittihamları şərh etmək istəməyiblər. Koçaryanın vəkili operativ şərh verə bilməyib. Sarkisyan da şərh vermək istəməyib. BBC xəbər verir ki, Karapetyan 2018-ci il avqustunda istintaqa verdiyi ifadədə bildirib ki, həqiqətən də separatçı dəstənin komandiri olub. Onun dörd saat sürən dindirilməsinin protokolu BBC-dədir. İstintaqa verdiyi ifadə zamanı qondarma qurumun "müdafiə naziri”nin müavini olub və bu ilin aprelində vəzifəsindən gedib. İstintaqın versiyasına görə, Karapetyan ona tabe olan dəstələrdən xüsusi qrup yaradıb. İstintaq bildirir ki, bütün qrup üzvləri əmr gələrsə, xalqa atəş aşmağa hazır olduqlarını bildiriblər. Lakin Karapetyan istintaq zamanı bütün ittihamları təkzib edərək xalqa atəş açmaq barədə heç kimin əmr vermədiyini bildirib. Karapetyana qarşı şahid ifadələrində də bu ittihamlar irəli sürülür. Xüsusi İstintaq Xidməti iki dəfə Sarkisyanı dindirib. Eks-prezident Koçaryan isə dindirilmədən sonra 2018-ci ilin iyulunda həbs edilib.
Sarkisyanın, sədri olduğu Respublika Partiyası üzrə müavini Armen Aşotyan bidirib ki, eks-prezident hazırkı mərhələdə media ilə ünsiyyət qurmaq istəmir. İstintaq materiallarından o da bəlli olur ki, biznesmenlər Çarukyan və Aleksanyan Qarabağdan gələn hərbçiləri pul və ərzaqla təchiz edirmişlər.
Ümumiyyətlə, hazırda erməni cəmiyyətində mart hadisələri qarşılıqlı nifrət atmosferinə çevrilib. BBC-yə açıqlamasında insan haqları üzrə ombudsman Armen Arutunyan bildirib ki, bu qarşılıqlı nifrət atmosferi günbəgün artır. Politoloq Qrant Mikaelyan isə bu qənaətdədir ki, erməni cəmiyyətində mart hadisələrinə münasibətdə bir-birinə zidd iki baxış hökm sürür. Çoxluq hadisələri qanlı aksiya kimi qələmə verir və Koçaryanı günahkar sayır. Bəziləri isə bu qənaətdədir ki, Paşinyan və Levon Ter-Petrosyanın fəaliyyəti nəticəsində aksiya radikallaşıb və qanlı toqquşmalara gətirib çıxarıb”. İndi isə baş nazir kimi Paşinyan vəd edir ki, atəş açan hər kəs məsuliyyətə alınacaq. Karneqi Fondunun eksperti Pol Stronski hesab edir ki, Ermənistan Gürcüstanın vaxtilə etdiyi səhvi təkrarlamaq riskini yaşayır. Belə ki, 2003-cü il inqilabından sonra ölkədə demokratik inkişaf dayanıb. Siyasi mübarizə ayrı-ayrı şəxslərin şəxsi mübarizəsinə keçib. BBC eyni zamanda Qarabağın siyasi və hərbi elitası ilə Paşinyanın münasibətlərinin kəskin olduğu qənaətindədir.
Qafqaz İnstitutundan olan ekspert Qrant Mikaelyan hesab edir ki, bu, mart hadisələrinə də təsirsiz ötüşməyib. Belə ki, separatçı qurum Koçaryanın azad edilməsini irəli sürüb, ardınca da, rəsmi Yerevandan qarşı tərəfə sərt bəyanatlar daxil olub. "DQR hakimiyyət orqanları Sarkisyan siyasi komandasının bir hissəsidir”, - deyə Cənubi Kaliforniya Universitetinin erməni tədqiqatları institutunun əməkdaşı Emil Sanamayan BBC-yə bildirib: "Sarkisyan komandası səhnəni döyüşsüz tərk edənə oxşamır”. Paşinyana xalq arasında dəstək olsa da, güc strukturları barədə bunu demək olmaz. Ekspertlər hesab edir ki, hərbi rəhbərliyi dəyişmək bir qədər çətindir, səbəb də ölkənin müharibə vəziyyətində olmasıdır. Paşinyanın komandasında ciddi hərbi təcrübə və milli təhlükəsizliklə bağlı ekspertiza yoxdur.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər