• cümə axşamı, 18 aprel, 04:47
  • Baku Bakı 15°C

Yerevan vulqarcasına Moskvanı şantaj edir

19.11.18 18:30 425
Yerevan vulqarcasına Moskvanı şantaj edir
Rusiya mediası Ermənistanda "Qazprom” daha dəqiq ifadə etsək, Rusiya biznesinə qarşı total hücumu geniş şərh etməkdədir. Bu dəfə "Rosbalt” nəşri yazıb ki, ölkədə şantaj və oğurluq qoxusu geniş vüsət alıb. Əvvəlcə müəllif Ermənistan tərəfinin Rusiyanın qaz monopolistinə qarşı başlatdığı vergi yoxlamaları barədə ətraflı məlumat verir. Bildirir ki, erməni tərəfi "Qazprom”un törəmə müəssisəsini Ermənistan büdcəsinə ciddi ziyan vurmaqda ittiham edir. Söhbət 2016-2017-ci illərdə vergidən yayındırılan bir neçə milyard dramdan (təxminən bir neçə milyon dollar) gedir. "Qazprom-Ermənistan” Rusiyanın nəzarətində olub və erməni bazarında monopolist mövqeyə malikdir və hər il Ermənistana 2,5 mlrd. kub metr qaz ixrac edir. "Qazprom” da barəsində irəli sürülən ittihamları rədd edib. Bəyan edilib ki, yoxlama başa çatmamış vergi ittihamları barəsində danışmaq qanuna ziddir. Məqalədə bildirilir ki, vergidən yayınma ittihamları Ermənistana satılacaq qazın qiyməti ilə bağlı aparılan danışıqlarla eyni vaxta təsadüf edir. Hazırda bu qiymət 150 dollar təşkil etsə də, ermənilər onun aşağı salınmasına çalışırlar. Məqalədə daha sonra rusiyalı ekspert İqor Korotçenkonun fikirlərinə yer ayrılıb. Ekspertin qənaətincə, erməni hakimiyyət orqanlarının atdıqları addımların arxasında banal dövlət reketçiliyi durur. Yəni istisna deyil ki, baş nazir səlahiyyətlərini icra edən Paşinyanın məramı Rusiyanın törəmə müəssisəsinin mülkiyyətini ələ keçirməkdir. Bir sözlə, bu "cinayət” işi Moskva ilə Yerevan arasında münasibətlərin növbəti dəfə gərginləşməsi təhlükəsi yaradır. Özü də bu insident Ermənistandakı Rusiya biznesi ilə bağlı birinci hal deyil. Paşinyan baş nazir kürsüsünə oturmamışdan öncə Dövlət Gəlirləri Komitəsi "Qazprom”a məxsus qaz doldurma stansiyalarını vergidən yayınmaqda ittiham etmişdi. Üstündən bir qədər keçəndən sonra Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan "Cənubi Qafqaz dəmir yolları” ofisində biabırçı "maski-şou” keçirildi, daha sonra Rusiyanın himayəsi altında olan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) rəhbəri saxlanıldı. Bu insidentlər isə Kremlin narazılığı ilə qarşılandı.
"Rosbalt” yazır ki, bütün bunlar ümumiyyətlə, Ermənistanda Rusiyaya məxsus nə varsa kriminal təsiri bağışladığı təəssüratını yaratmağa xidmət edir. "Belə olan halda, erməni hakimiyyət orqanları qazın qiymətini aşağı salmaq üçün hansı arqumentlər irəli sürəcək”, - deyə müəllif sualla çıxış edir. Özü də ölkənin hər il qaza olan tələbatı durmadan artır. Belə ki, ölkədə İtaliyanın Renco şirkəti ümumi gücü 250 Mvt olan istilik elektrik stansiyası tikməyi planlaşdırır. Bundan əlavə daha bir neçə analoji stansiyanın tikintisi nəzərdə tutulur. "Belə olan halda, Yerevan bu stansiyalara qazı necə çatdıracaq? Axı Rusiyanın qaz nəhənginə qarşı ölkədə total hücum başlayıb”,- deyə müəllif sualla çıxış edir. Əlavə edir ki, digər tərəfdən ABŞ İrana qarşı sanksiyaları gücləndirib ki, bu da Ermənistana növbəti zərbədir. Axı ölkə İrandan az da olsa qaz alır. "Təbii ki, bütün bunları hətta erməni hökuməti kimi təcrübəsiz hökumət də anlamamış deyil. Qərb vektoruna üstünlük verən Yerevan hökuməti öz-özünü dalana dirəyir. Bütün bu epizodlar onu deməyə əsas verir ki, Yerevan vuqlarcasına Moskvanı şantaj edir. Bu isə öz növbəsində bütövlükdə Ermənistanın investisiya mühitinə kölgə salmış olur”, -deyə müəllif yazır. Maraqlı olan odur ki, erməni tərəfi bütün bunların fonunda hələ də Rusiyaya ümid edir. Konkret olaraq, ermənilər "Rosatom”un Metsamor AES-in modernləşməsinə kömək edəcəyini düşünürlər. Bu stansiya Ermənistanın yanacağa olan tələbatının 40 faizini ödəyir.
Müəllif sonda diqqəti Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə yönəldir və bildirir ki, bu seçkilərdən sonra hakimiyyət Rusiyaya münasibətdə siyasi cəhətdən etik olmaya bilər. "Yeni hakimiyyətin siyasətini proqnozlaşdırmaq çox çətin olacaq. Bir şeyi əminliklə söyləmək olar ki, hər bir konkret hadisədə fərqli münasibət ortaya çıxa bilər. Bütün bunlar isə ona gətirib çıxaracaq ki, Ermənistan üçün Rusiya "pəncərəsi” böyük ehtimalla bağlanacaq”, - deyə müəllif məqaləsini pessimist (təbii ki ermənilər üçün) notlarla bitirib.

Azər
banner

Oxşar Xəbərlər