• cümə axşamı, 28 mart, 22:45
  • Baku Bakı 13°C

Yerevan-Minsk gərginliyi artır

22.02.19 20:42 491
Yerevan-Minsk gərginliyi artır
Ermənistanın Rusiya və onun himayəsində olduğu təşkilatlar, hərbi qurumlarla bağlı yaratdığı problemlər səngimir. Gah Avrasiya İqtisadi İttifaqı, gah da Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı (KTMT) məsələsi mütəmadi olaraq gündəmə gəlir. Bu dəfə yenidən KTMT məsələsi qalmaqal yaradıb. Rusiya Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti yazır ki, Ermənistanın mövqeyinə görə, KTMT-nin baş katib postu 2020-ci ilin yanvarınadək boş qalmalıdır. Artıq təşkilatın digər üzvləri bununla barışıblar və növbəti 1 il ərzində baş katibin səlahiyyətlərini onun rusiyalı müavini Valeri Semerikov icra edəcək. Qəzet Rusiya XİN-dəki mənbəsinə istinadən yazıb ki, hazırda KTMT-də elə əhval-ruhiyyə var ki, bu il yeni baş katibin təyin edilməyəcəyi yəqinləşib:"Təyinatın gələn il olacağını gözləyirik. Təşkilatda çökmə və durğunluq yoxdur, plana uyğun şəkildə işləyir”. Qəzet yazır ki, Belarus Dövlət Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi postuna namizədliyini Ermənistandan başqa, təşkilatın bütün digər üzvləri (Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiya) hələ ötən ilin dekabrında təsdiqləyiblər. Rusiya da daxil olmaqla, bu ölkələrin prezidentləri Zasla şəxsən görüşərək ona öz dəstəklərini ifadə ediblər. Təkcə Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək Zası qəbul etməyib və onun bu mövqeyi KTMT-də kolliziya yaradıb. Qeyd olunur ki, KTMT-nin baş katibi postundakı öz nümayəndəsi Yuri Xaçaturova qarşı açdığı cinayət işinə görə, onu vaxtından əvvəl vəzifəsindən geri çağıran İrəvan hələ də təkid edir ki, Xaçaturovu əvəzləyəcək şəxs yenə də Ermənistan nümayəndəsi olmalıdır. Amma rotasiya qaydasına uyğun şəkildə baş katib postuna iddialı Minsk başda olmaqla, digər tərəfdaşlar da İrəvanın bu mövqeyilə razılaşmayıblar. "Bu cür qərarlar konsensusla qəbul edilir. Amma müxtəlif səviyyələrdə aparılan danışıqlar heç bir nəticə vermədi və Nikol Paşinyanın inadkarlığı bir neçə dəfə münaqişələrə də təhrik etdi. KTMT-yə üzv ölkələrin liderlərinin qapalı görüşlərində emosiyalar hərdən elə qızışırdı ki, bir dəfə prezidentlərdən biri dözməyib erməni baş nazirə dedi ki, baş katib İrəvanın fikri nəzərə alınmadan təyin olunacaq”– qəzet Rusiya XİN-dəki mənbənin sözlərini sitat gətirib. "Kommersant” qəzeti daha sonra yazır ki, bir həftə əvvəl məsələ yenidən aktiv müzakirə edilməyə başladı və Belarus XİN-in sözçüsü Anatoli Qlaz Yerevana mesaj olaraq bəyan etdi ki,Beynəlxalq hərbi-siyasi təşkilatın baş katibi postu hansısa oteldə otaq deyil ki, ondan yenidən istifadə etmək imkanın olmadığı halda belə, bron edib saxlayasan. Vurğulanır ki, KTMT üzrə tərəfdaşlarının narazılığına rəğmən, Ermənistan XİN Paşinyanın, Stanislav Zası qəbul etmək niyyətinin olmadığını göstərib. Qəzetin Ermənistan hökumətindəki mənbəsi isə Anatoli Qlazın "KTMT otel deyil” bəyanatına cavab olaraq bildirib ki,hər otelin öz qaydaları var, vaxtından əvvəl gəlmək əlavə ödəniş deməkdir.
Maraqlı olan erməni mediasının baş katib məsələsi ilə bağlı ortaya atdığı versiyadır. "1in.am” saytı yazır ki, yaxın vaxtlarda quruma baş katib məsələsi Qırğızıstanda keçiriləcək sammitindən əvvəl həllini tapa bilər. Qeyd edilir ki, erməni tərəfi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı azad edəcəyi təqdirdə, baş katib onun xeyrinə həllini tapa bilər.
Yeri gəlmişkən, az əvvəl erməni mediası Paşinyanla Belarus prezidenti arasında görüşün baş tutacağı barədə məlumat yaymışdı. İddianı isə Belarusda biznes maraqları olan "Çiçəklənən Ermənistan” partiyasının lideri, milyonçu Qaqik Çarukyan səsləndirmişdi. O bildirmişdi ki, Belarus prezidenti Aleksandr Lukaşenko İrəvana səfər edərək aralarındakı mövcud gərginliyin azaldılması və jurnalistlərin suallarını cavablandırmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyandan dəvət gözləyir. "Ermənistanla münasibətlərində daha dəqiq olması və Azərbaycana silah satmaması üçün Lukaşenkoya müraciət edibsinizmi?” sualını cavablandıran Çarukyan bildirib: "Lukaşenko olduqca dəqiq insandır. Mən ona dedim, siz də onun (bizə) münasibətini və hörmətini görürsünüz. O, bizim baş nazirdən onun özü ilə və sizlərlə (jurnalistlərlə) görüşüb narahatlıq doğuran istənilən sualı cavablandırmaq üçün dəvət gözləyir. Hökumət aparatından dəqiqləşdirin, görün, dəvət göndərilib, ya yox” - Çarukyan vurğulayıb.Görünən odur ki, ermənilər hələ uzun müddət KTMT daxilində pozuculuq mənbəyi kimi qalmaqda davam edəcək.


Azər



banner

Oxşar Xəbərlər