• cümə, 29 Mart, 16:33
  • Baku Bakı 14°C

Yerevan meriyasında biabırçılıq

14.02.18 17:10 988
Yerevan meriyasında biabırçılıq
Ermənistan paytaxtının meriyası biabırçı olaylara meydan olub. Yerevan Ağsaqqallar Şurasının bu il ilk dəfə keçirilən təntənəli açılışı bir neçə dəqiqədən sonra dava-dalaşa səhnə olub. Hər şey ondan başlanıb ki, "Yerkir tsirani” (Əriklər ölkəsi) müxalifət fraksiyasının üzvləri iclas zalına Yerevanın Nubaraşen şəhərətrafı qəsəbəsindən bankalarda gətirdikləri kanalizasiya suyunu şəhər meri Taron Markaryana sakinlərin "hədiyyəsi” kimi təqdim etmək istəyiblər.
"Kommunal xidmətlər qırılaraq sıradan çıxan kanalizasiya borusunun təmiri üçün heç bir tədbir görmür”, - deyən müxalifətçilər maska geyinərək şüşə bankaların ağzını açıblar. Ağsaqqallar Şurasının müxalifətdən olan üç qadın üzvü əvvəlcə tibb əlcəkləri və tibb maskaları geyiniblər və bundan sonra gətirdikləri bankaların ağzını açıblar. Bankalardan çıxan üfunət iyi bütün zalı bürüyüb. Bunun ardınca "Yelk” fraksiyasından olan üzvlər bir-bir zalı tərk etməyə başlayıblar. Bu vaxt artıq müxalifətçi qadınlar – Sona Aqekyan və Marina Xaçatryan əllərindəki kanalizasiya suyu ilə merə yaxınlaşmağa cəhd göstəririblər. Bunu görən Taron Markaryan onların qarşısının alınmasına göstəriş verib. Marina Xaçatryan bankadakı kanalizasiya tullantısını "Nubaraşendən hədiyyə" deyərək zalın döşəməsinə səpələyib. Qarışıqlıq zamanı Xaçatryanın sifətinə yumruq zərbəsi dəyib. Məsələyə "Çıxış” müxalifət blokunun üzvləri də müdaxilə ediblər.
Beləliklə, Nubaraşendən gətirilən bankaları merə təqdim etmək mümkün olmayıb. Bunun qarşısını qadınların üstünə atılan Respublika Partiyasının üzvləri və meriyanın mətbuat katibi Artur Gevorqyan almağa çalışıb. Bununla da zalda artıq hamının iştirak etdiyi dava-dalaş başlanıb. Şillələr, qarşılıqlı söyüşlər işə düşüb. Əvvəlcə Marina Xaçatryan onu itələyən Respublika Partiyasının üzvü Edmon Kirakosyana şillə çəkib. Əvəzində respublikaçıdan eyni hərəkəti görüb. Bu vaxt respublikaçılardan Vaspurak Martirosyan müxalifətçi Xaçatryanın saçlarından dartmağa başlayıb.
Bundan sonra Respublika Partiyasından olan kişi üzvlər müxalifəti zaldan çıxarmağa çalışıblar. "Yelk” fraksiyası öz üzərinə, dalaşanları ayırmaq missiyasını götürüb. Lakin bunların arasında ən fəalı aktyor-karateçi Qor Vardanyan olub. O, davaya girişməkdənsə, Marina Xaçatryanı qucaqlayaraq zaldan çıxarıb.
"Azatutyun” radiosunun niyə şillə atdığı barədə sualına Marina Xaçatryan hakim partiya üzvlərinin özlərini nalayiq aparması barədə şikayətlə cavab verib. Meriyanın binasına mərkəzi polis idarəsinin əməkdaşları da gəliblər. Bundan sonra fasilə elan edilib. Zala qayıdan "Yerkir tsirani” fraksiyasının üzvləri əşyalarının yoxa çıxdığını iddia ediblər. Bununla əlaqədar meriya binasında vəziyyət yenə də gərginləşib. Jurnalistləri zala buraxmayıblar.
"Azatutyun” yazır ki, ya zaldakı pis qoxudan, ya da dava-dalaşın doğurduğu əsəbdən ürəyi tutan bəstəkar Martin Vardazaryanı təcili yardım maşınında aparıblar. Bunun ardınca meriyaya daha bir tibb maşını gəlib. "Yerkir tsirani” fraksiyasının rəhbəri Zaruhi Postancyan bunun "psixiatrik xidmət”in maşını olduğunu, amma onu kimin və nəyə görə çağırdığını bilmədiyini deyib.
Yerevan Təcili Yardım Xidmətinin başçısı Taqui Stepanyan meriyaya iki tibb yardımı maşınının – kardioloji və psixiatrik xidmət maşınlarının göndərildiyini təsdiq edib. O deyib ki, psixatrik xidməti kimin çağırdığı məlum deyil. Fasilədən sonra "Yerkir tsirani” fraksiyasının qadın üzvləri polisə "cinayət baş verməsinə dair” ərizə təqdim ediblər. Zaruhi Postancyan deyib ki, müxalifət bu məsələdə axıra qədər gedəcək: "Bu üfunət iyi sizi bütün yerlərdə müşayiət edəcək. Hətta bahalı ətir və konyaklarınız da köməyinizə çatmayacaq. Üfunət adamı boğmaz, amma zəhərləyə bilər. Siz zəhərlənməlisiniz. Biz sizin həyatınızı zəhərləyəcəyik”.
Taron Markaryan da zorakılığı pislədiyini bəyan edib.
İclası tərk edən müxalifət fraksiyasının üzvləri jurnalistləri meriyadakı kabinetlərinə toplayıblar. Müxalifətçilər deyiblər ki, onlar zalda olarkən kimsə çirkab su dolu bankaları onların otaqlarına boşaldıb. Buna baxmayaraq, Ağsaqqallar Şurasının ilk iclasında birinci respublikanın qurucularından daşnak Aram Manukyana abidə qoyulması barədə qərar qəbul edilib.
Yeri gəlmişkən, müxalifət bu qərarın əleyhinə çıxaraq, layihəni pul yumaq üçün bəhanə adlandırıb. Meriyanın bəyanatında deyilir ki, müxalifət bilərəkdən, Ağsaqqallar Şurası təsisatını gözdən salmaq məqsədilə təxribata əl atıb.
Son məlumatlara görə, Yerevan Ağsaqqallar Şurasında baş verən insidentdən sonra ombudsman baş prokurora şikayət edib. "1in.am” saytının yazdığına görə, ombudsman şikayətində baş verənlərlə bağlı cinayət işinin qaldırılmasını tələb edib. Məlumata görə, artıq faktla balı cinayət işinin qaldırılması nəzərdə tutulub. Müxalifət hesab edir ki, hakimiyyət bununla onlara qarşı təzyiqi gücləndirməyə çalışacaq.

Azər
banner

Oxşar Xəbərlər