• cümə, 29 Mart, 19:09
  • Baku Bakı 14°C

Yerə siqaret kötüyü atanlar cərimələnəcək

24.06.17 10:50 3361
Yerə siqaret kötüyü atanlar cərimələnəcək
Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağan edilir. Bununla bağlı müddəa "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb. Həmçinin qanun layihəsinə əsasən, əgər siqaret çəkən şəxs bunun nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul olunub.
Biz də cərimələrin necə tənzimlənəcəyini, siqaret kötüyünün yerə atılmaması üçün şəhərdə yetərincə zibil qutularının olub-olmadığını öyrənməyə çalışdıq.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyir ki, qanun layihəsi qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsində bununla bağlı cərimələr müəyyənləşəcək: "İndidən cərimənin məbləğinin nə qədər olacağını və necə tənzimlənəcəyini demək çətindir, ancaq cərimələr mütləq müəyyənləşəcək. Yəqin ki, payızda, növbəti oxunuşda bununla bağlı daha geniş məlumat veriləcək. Hələ ki işçi qrupumuz bu məsələnin üzərində çalışır. Avropa ölkələrinin bu istiqamətdə gördüyü işlər öyrənilir. Ümumi olaraq burada bir neçə məsələ var. Bunlardan biri cəmiyyətin və hər bir vətəndaşın mədəniyyəti məsələsidir. İnsanın yaşadığı mühitə münasibəti burada böyük rol oynayır. Bu, ictimai nəzarət məsələsidir. Çox təəssüf ki, bizdə bu zəifdir. Amma Avropada vətəndaş ictimai qaydanı pozarsa, ətrafındakı insanlar tərəfindən ictimai qınağa məruz qalır və dərhal etdiyi səhvi düzəltməyə məcbur edilir. Lakin bizdə belə bir vəziyyət yoxdur. Çox insan bu cür pozuntuya biganə qalır. Hər kəsdə o mədəniyyət və şüur olmalıdır ki, bu şəhər hamımızındır. Zibil qabı məsələsinə gəlincə isə, onu deyim ki, məncə, şəhərdə kifayət qədər bu qablardan qoyulub. Şəhəri zibilləmək fikri olan adam onsuz da bunu edir. Əgər elə bir fikri yoxdursa, bu zaman o, əlindəki zibili bir paketə qoyacaq, ya da elə əlində saxlayaraq bir qədər sonra qarşısına çıxan ilk zibil qabına atacaq. Yəni "zibil qabı yoxdur” bəhanədir. Bu mənada düşünürəm ki, həmçinin ciddi maarifləndirmə işləri də aparılmalıdır. Şəhər bələdiyyələrinin, icra hakimiyyəti nümayəndələrinin bu istiqamətdə bilgiləndirici çıxışlarının olması çox vacibdir”.
Yerə siqaret atmağın mədəniyyətsizliyin göstəricisi olduğunu deyən Millət vəkili Araz Əlizadə sovet dövründə də belə cərimələrin mövcudluğundan danışdı: "Əhməd haradadır?” filmini yadınıza salın. Bir nəfər siqareti çəkib yerə atır. Komendant da onu yerə atdığı siqareti götürməyə məcbur edir. Çünki bu cür hərəkət mədəniyyətsizlikdir. Mədəni insan heç vaxt nəinki siqareti, ümumiyyətlə heç nəyi yerə atmaz. Siqaret çəkənlər üçün xüsusi məkanlar ayrılmalıdır və onlar da kötüyü həmin yerdə olan zibil qabılarına atmalıdırlar. Əgər kimsə siqaret çəkmək istəyirsə, gedib zibil qabının yanında dayanıb çəksin. Maarifləndirmə işi uşaq vaxtından evdə və məktəbdə aparılmalıdır ki, yerə zibil atmaq olmaz. Əgər siz düşünürsünüzsə ki, küçələrdə banner asmaqla siqaret çəkənlər artıq çəkməyəcək, o zaman yanlış fikirləşirsiniz. Ciddi maarifləndirici işlər görülməlidir”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti ekoloq Telman Zeynalovbu işi çox müsbət qiymətləndirdiyini və cərimələnmə məsələsinin əslində çoxdan həyata keçirilməli olduğunu deyir: "Əslində insanların ətraf mühiti bu cür çirkləndirmələrinə görə cərimələnmələri yaxşı haldır. Bu, dünya ölkələrində də sınanmış təcrübədir. Cərimə ödəyərlərsə, bəlkə onda yerə heç nə atmazlar. Zibil qutularının yerləşdirilməsinin isə müəyyən bir qaydası var. Əraziyə uyğun olaraq ya 100, ya da hər 50 metrdən bir qoyulmalıdır. Hər addımbaşı zibil qabı olmaz. Onda dövlətin nə qədər pulu varsa, hamısı zibil qabına xərclənər. İnsanların çox olduğu ictimai yerlərdə onsuz da kifayət qədər zibil qutuları var. Elə məkanlardan biri bulvardır. Orada yetərincə zibil qabı qoyulub. Amma görürsən ki, yenə də insanlar zibili yerə atır. Yəni bu, qabın qoyulub-qoyulmamasından yox, insanın özündən asılıdır”.
Energetika, Ekologiya, Maarifçilik Mərkəzinin sədriVaqif Əliyev zibil qabıları ilə bağlı iradlarını bildirdi: "Zibil qutularını elə yerdə qoyublar ki, bir növ aksesuar xarakteri daşıyır. Ən çox zibil qabı qoyulan yer bulvardır. Hansı ki, həmin məkanda elə də ciddi çirklənmə baş vermir. Amma kənd təsərrüfatı mallarının daha çox satıldığı "Mətbuat” prospektindı bir dənə də olsun zibil qabı yoxdur. Bu işdə bələdiyyələrin fəaliyyəti zəifdir. Neçə dəfələrlə şahidi olmuşam ki, zibil qabıları dolub-daşır, amma məsul qurum gəlib işini görmür. Vaxtı-vaxtında zibil qabları boşaldılmır. Ona görə də insanlar əlindəkini yerə atır. Bizim əsas problemimiz budur ki, aidiyyatı qurumlar gəliri az olan sahələrə lazımi diqqəti ayırmır. Maarifləndirməni bu sahədə aparmaq, elə ilk olaraq həmin qurumlardan başlamaq lazımdır. Çox heyf ki, indi çap mediasını oxuyan az olduğundan, bunu yazıb işıqlandırmaqla bir şey əldə etmək çətindir. KİV arasında televiziyanın auditoriyası daha çox olduğundan bu mövzuda sosial çarxların çəkilib yayımlanması daha məqsədəuyğundur. Və xarici ölkələrin bu istiqamətdəki təcrübələrindən yararlanmaq lazımdır”.

Günel Azadə
banner

Oxşar Xəbərlər