• çərşənbə axşamı, 19 mart, 15:00
  • Baku Bakı 8°C

Yeraltı dünyanın aktyorları - Fotolar

20.04.17 16:40 3359
Yeraltı dünyanın aktyorları - Fotolar
Aprelin 15-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında yeni bir tamaşanın olacağını eşitdim. Açığı aprelin 2-də oynanılan tamaşasına gedə bilmədiyim üçün özümü qınayırdım da. Digər tərəfdən tamaşanın adı məni özünə çəkirdi; Axı bu "Underground” nədir belə? Mənası yer altı dünya, bəzən metro kimi də səslənirdi. Tamaşanın adının nədən ingilis dilində seçildiyi açığı məndə bir qədər sual da doğururdu. Aprelin 15-də bütün bu suallara son qoydum.
Yer altında baş verənlər...
Pantomima Teatrının özəlliyi ondadır ki, bu teatra gələn insanlar arasında hər zaman səmimi bir münasibət müşahidə etmişəm. Belə ki, tamaşanı izləməyə gələnlər yarım saat tez gələrək teatrın qarşısında yerləşən teatrın repertuarının yerləşdiyi lövhədə nümayiş olunan tamaşaları müzakirə edirlər. Mən də bunu nəzərə alıb, tamaşanın vaxtından tam 15 dəqiqə tez getmişdim. Teatrın qarşısında Pantomima Teatrının direktoru və aktyoru Elman Rəfiyevlə görüşdüm. Radio aparıcısı Sənan Əlləzlə söhbət edən E.Rəfiyev məni mehribanlıqla qarşıladı. Söhbət bir az sonra izləyəcəmiz tamaşadan gedirdi. Elman müəllimə tamaşanın adının niyə ingilis dilində seçildiyini soruşdum. "Tamaşanı izləyəndə biləcəksən” - deyə cavabını aldım. Açığı söhbətimiz o qədər şirin oldu ki, tamaşanın əvvəlinə bir qədər gecikdik. Zala daxil olanda sandım ki, tamaşanın başlamasına hələ var. Sən demə elə tamaşa başlayıbmış, mənim xəbərim yox. Səhnə qara fonla örtülü idi. Səhnənin tam ortasında qoyulmuş stolda qırmızı bir telefon durmadan zəng çalırdı. Açığı zalda əyləşən tamaşaçılardan çalan zəngin öz telefonu olduğunu sananalar da az olmadı. Bu qırmızı telefon nə qədər zəng çalsa da heç kim ona cavab vermək istəmədi. Əksinə, ona əhəmiyyət verməyən ev sakinləri, öz işləri ilə məşğul idi. Bir neçə dəqiqədən sonra məsələnin nə yerdə olduğu aydın oldu. Məsələ qırmızı telefon məsələsi deyil, məsələ insanların bu gün bulaşdığı mobil telefon bəlası idi. Danılmaz faktdır ki, mobil telefonlar insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Hətta evdə olarkən belə biz bəzən ailə üzvlərimizlə məhz telefonla yazışır, üzbəüz danışmırıq. Ən dəhşətlisi də orasındadır ki, başımız bu telefonlara o qədər qarışıb ki, yardıma ehtiyacı olan, can üstə olan insanların heç fərqində belə deyilik. Hətta səhnədə anidən keçinən və dünyasını dəyişən insana belə yardım əlini uzadan olmur. Sevimli oyuncaqlarından bir an belə ayrılmayan gənclərimiz can verən insana yardım etmək əvəzinə onunla selfie çəkdirməyə daha çox üstünlük verirlər.
Bugünün ən aktual məsələləri
Tamaşada da bütün bu nüanslar vurğulanırdı. Belə bir aktual mövzunu olduğu kimi tamaşaçılara çatdırdıqları üçün Pantomima Teatrının yaradıcı heyətinə böyük bir alqış düşür. Çünki "Underground” tamaşasında bugünün ən aktual məsələləri pantomim formasında əks olunmuşdu.
Qeyd edim ki, tamaşa bir hissəlidir. Tamaşanın müəllifi, rejissoru, musiqi tərtibatı, rəssamı teatrın aktyorlarıdır. İndi deyəcəksiniz ki, tamaşanın bir rejissoru, müəllifi olmalıdır axı. Onu deyirəm də, tamaşanın hər bir detalını məhz səhnədə gördüyümüz bu aktyor heyəti hazırlayıb. Tamaşada Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elnur Rzayev, İbrahim Tağıyev, Elxan Şahaliyev iştirak edirdi.
Tamaşa bu günümüzün bəzi aktual məsəslələrini qabardırdı. Bu gün bir kişinin iki və daha çox qadını birdən idarə etməsi halı ilə çox rastlaşırıq. Özü də onları elə idarə edir ki, bu qadınlar bir-birindən heç duyuq belə düşmürlər. Nəinki kişilərə, bu hal bəzi qadınlara da məxsusdur. Sosial şəbəkələrin, mobil telefonların bu qədər inkişaf etməsi insanları manqurtlaşdırır. Biri-birindən soyudur, münasibətləri korlayır. Tamaşada bir neçə məqam da var idi ki, açığı onları tam olaraq analamaqda çətinlik çəkdim. Bəlkə də sözügedən tamaşanı 2-3 dəfə izlədikdən sonra oradakı məqamlar mənə aydın olar.

Teatrda tamaşaçı mədəniyyəti
Tamaşa zamanı diqqətimi çəkən bir məsələyə isə xüsusi toxunmaq istəyirəm. O deyirlər ey teatra ancaq kübar insanlar gəlir. Elə deyil, yəni, həmişə elə deyil. Teatra gələn hər bir insan bilir ki, ilk olaraq bu zala daxil oldunsa, telefonları bağlamaq lazımdır. Teatrın borcu deyil, hər dəfə tamaşaçılara vurğulasın ki, ay tamaşaçı, telefonunu söndür. Bu, ilk növbədə səhnədə obraz canlandıran aktyorun, sonra da zalda əyləşən tamaşaçıların diqqətini yayındırır. Pantomima Teatrının çox kiçik bir zalı olduğu üçün burada biri nəsə etsə, digəri ondan həmin dəqiqə duyuq düşəcək. Zal kiçik olduğundan hətta oturacaqda əyləşən tamaşaçılar belə səhnədə imiş kimi hiss olunur. Yanımda oturan bir xanım 9-10 yaşlı uşağı ilə gəlmişdi. Tamaşa gedə-gedə xanım çantasından bakkuş çıxarıb uşağını yedirtdi. Yemək mərasimi bitdikdən sonra peçenyenin kağızını yerə atıb, çantasından su çıxartdı. İşıqlar söndüyü zaman isə, çantasından telefonunu çıxarıb uşağın üzərinə işıq saldı. Daha sonra votsapda olan qohum-əqrəbalarına bir nəzər yetirdi. Tamaşa gedə-gedə bir şəkil çəkdirib votsap profilinə də yerləşdirdi. Xanımdan telefonun işığını söndürməsini xahiş etdikdə isə "Camaat çəkib "Facebook”da paylaşanda olur, biz edəndə yox” kimi cavab aldım. Düşündüm ki, mən xanıma ikinci sualı versəm, tamaşa səhnədə deyil, məhz bizim oturduğumu oturacaqda baş verəcək. Görünür ki, qonşudan qalma geri prinsipi ilə teatra gələnlər də var.
Qaranlıq səhnədə bütün diqqətini obrazına yönəldən aktyorların üzərinə işıq düşəndə isə onların hansı hissləri keçirdiyini təsəvvür belə etmək istəmirəm. Görünür bizim hələ teatra getmək mədəniyyətimiz o qədər də formalaşmayıb. Ya da biz təbliğatda nəyisə düz etməmişik.
Tamaşa bitdikdən sonra Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadəni gördük. O, qapının ağzında dayanıb, tamaşaçılarla görüşüb, söhbət edirdi. Mən də özümə hakim olmayıb sual verdim:
- Bəxtiyar müəllim, niyə məhz tamaşaya ingiliscə - "Underground” ismini verdiniz?
- "İnsanlar cəmiyyətdə baş verən hadisələri görməzdən gəlirlər. Nə baş verirsə onu görmür. Burda isə hər şey üzdədir, hər şeyi görmək olar. Dəli Domrulda gözəl bir səhnə var Dədə Qorqud deyir ki, "Elin bir igidi var idi, adına da Dəli Domrul deyərdilər. Quru çayın üstündə bir körpü yapdırmışdı. Keçənlər bir axça, keçməyənlərdən iki axça alırdı. Bunu neyçün belə etmişdi, onunçünki, baxsın görsün ondan heyvərəsi, ondan nadanı var, yoxsa yox”.
- Bəs Bəxtiyar Xanızadə nə deyir?
- O vaxt deyilən bu söz indi də aktual deyilmi? Görə bilən üçün hər şey görünür. Bu gün məni dəhşətə gətirəın əsas məqamlardan biri odur ki, bizim övladlarımızın bütün diqqəti telefonlara, sosial şəbəkələrə yönəlib. Bunlar da gənclərimizi uçuruma doğru aparır, onları bədbəxt edir. Bir-bizimizlə canlı şəkildə danışıb, ünsiyyət yarada bilmirik. Telefonda girib mesajlaşırlar, sevişirlər, ancaq görüşəndə bir-biriləri ilə söhbət tapa bilmirlər. Bu bədbəxtçilik deyil? Bu gün heç kim heç kimlə ünsiyyətdə deyil. İnsanlar arasında ünsiyyət itib. Tamaşanın əvvəlində göstərilən o qırmızı telefon vaxtı ilə evimizdə zəng çalanda biz həyəcan keçirirdik. İndi ev telefonuna zəng gələndə onu məşğul göstəririk. İnsanlar çox laqeyd olub. O ki, qaldı sizin sualınıza "Underground” alt qatdır. Əslində baş verən proseslər üzdədir, ancaq kimlər üçünsə bu alt qatdır. Gizlin bir dünyadır. Biz vərdiş etmişik və heç nədən qorxmuruq. Bizim vaxtımızda bir ölüm hadisəsi baş verəndə kənddə dəhşət olurdu. İndi ölünün üstündə şəkil də çəkdirirlər, heç soruşmurlar ki, bəlkə sənə su lazımdır. Yavaş-yavaş özümüzü ora aparırıq”.
- "İngilis dilində "Underground” metro mənasını verir. Adı eşidənlər ilkin olaraq hadisələrin metroda baş verdiyini düşünürlər”.
- "Metro onun hərfi mənasıdır. Əsas verilən mesaj alt qatdı, yəni görünməyən. İstədik ki, görünməyəni görünən edək. Bir də onu unutmayaq ki, hər bir şəhərin öz undergroundu var”.

Xəyalə Rəis






banner

Oxşar Xəbərlər