• şənbə, 20 Aprel, 14:31
  • Baku Bakı 23°C

Yer kürəsinin “ağciyər”inə qəsd edənlər

20.08.19 10:00 12006
Yer kürəsinin “ağciyər”inə qəsd edənlər
Ana təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklərdən biri də bütün canlılar üçün həyat mənbəyi olan meşə örtüyüdür. Yer kürəsinin "ağciyəri" sayılan meşələr təmiz havası, bol oksigen zənginliyi, fauna və florası ilə bizə bəxş edilmiş ən gözəl hədiyyədir. Amma təəssüf ki, bu meşələri qoruya bilmirik. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır.
Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Yanğınların bir hissəsi ildırım çaxması zamanı baş versə də, ölkəmizdəki meşə yanğınlarında "insan əməyi” böyük rol oynayır. Baş vermiş meşə yanğınları əsasən yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində meydana gəlir. Bu zaman əkin sahələrinin meşə və digər bitki örtüyünə yaxın olması, ciddi fəsadlara səbəb olur. İnsanların səhvi ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların məhv olması ilə nəticələnir.
Torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti sayılır. Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Bu səbəbdən də meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da yanğın törədir.
Meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük zərər vurur. Yanğınların baş verməsi təhlükəsinin qarşısını almaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur. İnsanlar kiçik yaşlarından ümumxalq sərvəti olan meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar. Meşədə həmişə odla ehtiyatlı olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidir. Xüsusilə, yanğın təhlükəsi artan quraqlıq aylarda təbliğat və təşviqat işləri güclənməlidir. Meşə ərazisi olan rayonlarda yaşayan əhali və meşə ilə əlaqəsi olanlar yanğınlarının əmələ gəlməsi səbəblərini və söndürmək üsullarını bilməlidir. Meşə yanğınları əsas etibarı ilə insan tərəfindən törədilir. Meşədə ocağı yana-yana qoyub getməyi, siqareti söndürməmiş tullamağı, ovçu tüfəngindən atılan güllədən əmələ gələn yanğını və s. misal göstərmək olar. Meşə yanğınları ildırım çaxmasından sonra da baş verə bilər. Yanğın ən çox meşədə odla ehtiyatsız davranmaqdan baş verir. Meşədə çoxlu miqdarda qurumuş ağacların, tör-töküntülərin olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın, başqa sahələrə keçməsin deyə, əlavə yollar açılır. Ən çox yanğın təhlükəsi kütləvi istirahət sahələrində yaranır. Belə sahələrdə, qalamaq üçün xüsusi yerlər düzəldilir. Metroloji səbəblərdən yanğın təhlükəsi artan vaxtlarda xəbərdarlıq məqsədilə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən istifadə edilməlidir.
Məlum olduğu kimi, bürkülü yay günləri davam edir. Belə isti havalarda meşələrdə yanğınların baş verməsi ehtimalı daha çoxdur. Əlbəttə, meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik. Yəni xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq və ya kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Eyni zamanda baş vermiş yanğını dərhal söndürmək üçün sizin köməkliyinizə böyük ehtiyac var. Həmçinin meşələrdə, istirahət mərkəzlərində dincələn turistlərin, qonaqların bəzi ehtiyatsız hərəkətləri ictimai nəzarətə götürülməli, istirahət obyektlərinin rəhbərləri tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar onlarla söhbətlər aparılmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 avqust 1995-ci il tarixli 188 saylı "Azərbaycan Respublikası Meşə Fondunun Qorunması Tədbirləri haqqında” qərarına əsasən, mülkiyyətində meşə və kolluqları olan bütün hüquqi və fiziki şəxsləri meşə fondu ilə həmsərhəd zonada taxıl biçini və digər mövsümü işlərlə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə və Azərbaycan xalqının milli sərvətləri olan meşələrimizi, torpaqlarımızı qorumağa çağırır.
Günel
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb
banner

Oxşar Xəbərlər