• cümə, 26 Aprel, 15:22
  • Baku Bakı 23°C

Yer bürünür ağ qara, təslim olur bahara...

20.02.19 15:15 719
Yer bürünür ağ qara, təslim olur bahara...
Xalq təqviminə görə, iyirmi gün çəkən Kiçik çillə fevralın 20-də öz yerini Boz aya (21 fevral – 21 mart) təhvil verir. Bölgələrimizin çillələrlə bağlı maraqlı adətləri, deyimləri və inancları var. Belə bölgələrdən biri də cənub zonasıdır.
Lənkəran şəhər sakini, filoloq Yadulla AğazadəAZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu barədə danışıb.
Y.Ağazadə deyir ki, Böyük çillədə (21 dekabr - 31 yanvar) xalqın ehtiyatı tükənir, mal-qara üçün tədarük etdiyi ot-ələf azalır. Belə bir çətin məqamda qışın sərtliyi daha da artır, vəziyyət gərginləşir. Bu, Kiçik çillənin sərtliyindən xəbər verir. Müşahidələrə görə, fevralın 1-dən başlayaraq 20 gün ərzində qış daha sərt keçir. Ona görə də bu müddətə el arasında "qışın oğlan çağı” deyirlər. Kiçik çillə sanki insanları böyük sınağa çəkir. Bu sınaqlar, hirs-hikkələr Xıdır Nəbi gününədək davam edir. Fevralın 10-na təsadüf edən Xıdır Nəbi günündən başlayaraq suya, torpağa, havaya "oğru buğ” gəldiyi düşünülür. Xıdır Nəbi gününə qədər evdar qadınlar tərəfindən qohut hazırlanır və evdə xəlvət bir yerdə qoyurlar ki, qeybdən Həzrəti Xızır gəlib qohuta əl basacaq. Səhər açılanda həmin yerdən qohutu gətirib ailə üzvlərinə paylayır, onu öpüb yeyirlər. Həzrət Xızır qohuta əl basarsa, o evə "xeyir-bərəkət gələr” deyirlər.
Xalqda, el arasında belə bir inam da yaşamaqdadır ki, qışın qarı, çovğunu bolluq gətirir, torpağı yaza, əkinə hazırlayır. Çünki torpaq "ölməsə” yenidən dirilməz. Bunu isə yalnız Xıdır Nəbinin ağ atının dırnağında gətirdiyi kəskin şaxtalarla etmək mümkündür. Lənkəran bölgəsində Kiçik çillənin sonuncu gününə - fevralın 20-nə "İgidin ovdan qayıtdığı gün” də deyilir. Belə bir rəvayət söylənilir ki, nənə ilə babanın bir cəngavər, igid nəvəsi varmış. Həmin igid iki gündür çöldən evə gəlmirmiş. Qoca nənə bundan bərk narahat olur, soyuqdan üşüyə-üşüyə deyir:
- Nənən ölsün a bala, indi ovda sən donarsan ki!
Sonra evə daxil olaraq buxarının yanındakı istiliyi hiss etdikdə isə deyir:
-İnşallah, deyəsən, hava ayazlaşdı axı?
Baba da cavabında deyir ki, əgər igid nəvəmiz bu günə kimi salamatdırsa, daha ona zaval yoxdur. Çünki yerə oğru buğ gəlibdir.
Y.Ağazadə qeyd edir ki, fevralın 21-dən Boz ay daxil olur və 4 həftəlik ilaxır çərşənbələr (su, od, yel, torpaq) gəlir. Bununla belə bölgədə bəzi özünəməxsusluqlar da var. Belə ki, fevralın 21-dən martın 2-nə qədər olan 10 günlük müddətə "Çilləvəçə”(çilləönü) də deyirlər. Bu vaxtlar çöldə şaxtadan qorunmaq, ehtiyat etmək lazımdır.
Martın 12-dən 22-dək olan 10 günlük müddəti "Qarının qarı” adlandırırlar. Bayramlığa qızının evinə gedən qarı yolda qar altında qaldığı üçün belə deyilir.
Martın 22-dən 27-dək 5 günlük müddət "Dana qıran” kimi bilinir. "Yaz, bahar gəlmişdir” deyərək arxayınlaşan, danalarını çöldən gətirməyənlər üçün xəbərdarlıq sayılır.
Martın 27-dən aprelin 15-dək olan 20 günlük müddət isə xalq arasında "qırx kötük” adlanır. Xalq bunu aşağıdakı şəkildə mənalandırır:
Novruz gəldi, yazdır,
Qırx kötük də azdır.
Maraqlı cəhət həm də ondan ibarətdir ki, bu söyləmədə ifadə olunan "qırx kötük” sözündə də çillədən gələn çətinliyə, ağırlığa işarə edilir.
Həmsöhbətimiz Boz ay haqqında da danışaraq deyib: "Xalq arasında Boz ay haqqında bir deyim var - "Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də "ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya "Bayram ayı” da deyilir.
Görkəmli şair, ictimai xadim Əhməd Cavadın şeirlərində əski adət və inamlara, xalqın yaddaşına qayıdış kimi duyğular öz əksini geniş tapıb. O, Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazıb. Onlardan birini – "Çillə şərqisi” şeirini təqdim edirik:
Qabağı yazdır Çillənin,
Ömrü azdır Çillənin.
Yer bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı qış gedir,
Al bayraqlı yaz gəlir!
Nağılçılar xoş gedir,
Ozan, aşıq, saz gəlir!
Böyük Çillə çıxmamış,
Kiçik Çillə gəlməmiş.
Boz ay çapır atını.
Bilir qışın zatını.
Bənövşə açıb gəlir,
Yatağı torpaq olur.
Çiçəyi yarpaq olur!
Xan çobanın arzusu,
Gəlir qumral quzusu!
Yağış ruzu gətirir,
Novruz gəlib yetişir!
Qüvvət dolu qollara,
Ellər çıxır yollara.
Durnaları gözləyir!
Bülbül gülü izləyir,
Şaxta, boran sovuşur!
Yel düzəldib qəddini,
Gözəl yaza qovuşur!
Xatırladaq ki, Boz aya daxil olan Su çərşənbəsi fevralın 26-sı, Od çərşənbəsi martın 5-i, Yel çərşənbəsi martın 12-i, Torpaq çərşənbəsi (Axır çərşənbə) isə martın 19-da qeyd olunacaq.
banner

Oxşar Xəbərlər