AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Yəqin ki, bu, qadınlar üçün asan deyil…» müsahibə

«Yəqin ki, bu, qadınlar üçün asan deyil…» müsahibə

Müsahibə
26 Yanvar 2013, 11:44 2042
Yevgeni Yevtuşenkonun Amerikadan Moskvaya gəlişi Maqnitski qanunu ətrafında yaranan qalmaqallı günlərə təsadüf edib. “Uzun ayrılıqdan sonra vətənin tüstüsü sizin üçün xoşagələndir?” sualından ani təsirlənən şair “Moskovskiy komsomoletc”-in suallarını həvəslə qarşılayıb.

İnsanları birləşdirən dəyər

- Xeyirxahlıq hələ bizim insanlarda tükənməyib. Ədəbiyyata müraciət edək. Sizin fikrinizcə, insanlarda poeziyaya maraq itib?
- Üç il bundan əvvəl mən Volqa üzərində, Qruşinski festivalında 42 min insan qarşısında çıxış etdim. Bu, bizim ən yaxşı festivallarımızdan biridir. Televiziyalar isə ordan qısa reportajlar verdilər. Festivala gələn müxtəlif nəsillərin adamları cürbəcür mahnılar eşitdilər. Mən heyrətə düşmüşdüm. Mənim 55-ci ildə yazdığım SSRİ və Almaniya arasındakı futbol oyunu ilə bağlı şeirim var. Ora veteranlar, qolsuz-ayaqsız, şikəst insanlar gəlmişdilər. «Almanları vur», «Biz qisas alırıq” sözlərini qışqırırdılar. Oyun çox maraqlı idi. İnsanlar utanaraq özlərinin aqressiv çağırışlarını gizlətdilər. Lev Yaşin öz əlcəklərini alman qapıçısı Fris Valterə hədiyyə etdi. O zaman minlərlə insanın səsi stadiondan ucaldı. İnsanları birləşdirən, onları bir araya gətirən dəyərlər var.
- Jenya, siz təkcə vətəndaş deyilsiniz, hər şeydən əvvəl şairsiniz. Keçən il Nobel mükafatının nominantı olmusunuz. Kim sizi nominant edib?
- Belə bir tarixçə var. Mən bu yaxınlarda yeni «Dora Franko» poemama görə İtaliya PEN klubunun mükafatını almışam. Bu mərasimi İtaliyada keçirdilər. Sonra kitab italyan dilində dərc olundu. Mən onu İtaliyada italyan dilində oxudum Amma Rusiyada kitab hələ “raskrutka” olunmayıb. Dora – real qəhrəmandır. Mən latınamerikalı gözələ hələ 1968-ci ildə ilk şeirimi yazmışam. Onda mənim gələcək arvadım Maşa uşaq bağçasına gedirdi. Ona görə də o, məni bu məhəbbətə görə qısqanmadı. Doranın taleyi həm sevincli, həm də faciəlidir. Sevinirəm ki, buna görə italyanlar mənə mükafat verdilər. Bu, mənim 12-ci ədəbi mükafatımdır. Heyrətlənmiş italyan yazıçıları məni öz PEN klublarının həqiqi üzvü seçdilər. Nobel mükafatı üçün də onlar məni irəli çəkdilər.
- Yəqin ki, onlar sonradan kədərləndilər. Mükafat Çin yazıçısına verildi.
- Amma PEN klub bu il məni yenidən nominant etmək məqsədindən əl çəkməyib. Mən gülərək onlara: «Axı, mən italyan deyiləm» deyəndə cavabında eşidirəm: «Sən italyansan».
- Siz hələ italyan dilində də ünsiyyət qurursunuz! Sizin temperamentiniz açıq, heyrət doğurandır. Siz onlara nə qədər doğmasınız! Nə qədər dil öyrənə bilmisiniz?
- Ola bilsin ki, 6 dil öyrənmişəm. Mən poliqlot deyiləm. Danışıq zamanı hansısa səhvləri də buraxa bilərəm. «Dora»nı oxuyanda italyanlar mənə dedilər ki, sən tələffüsdə bir dəfə də səhv etmədin. «Dora Franko» hazırda ispan dilinə çevrilir. İndi isə mən onu Moskvada öz doğma dilimdə oxuyacağam.

Daxili dünyamızı dondurmuşuq

- Ümid edirəm ki, Rusiyada sizin etiraf poeziyanızı daha çox qiymətləndirəcəklər. Yəqin ki, bu intonasiya daha açıq səslənir.
- İndi etiraf yazıram. Deyirəm ki, mən hələ etiraf etməmişəm. Həmçinin kinoya qayıtmaq niyyətindəyəm. Mən «Göyərçin və Santyaqo» poemasını yazanda hesab edirdim ki, bu, mənim ən yaxşı işimdir. O, bir çox gənc insanları intihardan qurtardı. Amma indi intihar yeniyetmələr arasında epidemiya kimi yayılıb. Fellini mənim poemamı italyan dilində oxuyanda mənə zəng vurub dedi ki, sən ssenari yazmısan, bunu ancaq kinoya çevirmək olar. Müxtəlif ölkələrdən mindən çox məktub aldım. Bişkekdə olanda bir kitabxanaçı mənə yaxınlaşaraq «Mən sənin poemanla xilas oldum» deyə bildirdi. Mənim axırıncı şeirlərimdən biri hündürmərtəbəli evin damından özünü atmaq istəyən iki qız haqqındadır. Sonradan onlar ani olaraq aşağı eniblər. Axı, o qızların elə də uğursuz taleləri yox idi: zorlanmamışdılar, narkoman deyildilər. Onlar sadəcə, mənəvi boşluq hiss edirdilər. Bunda nə cinayət var? Biz böyük insanlarıq. Başa düşürük ki, onların qəlbini ideallarla doldurmağa kömək etməliyik. Amma ideologiya ilə yox. Rəsmi ideologiya - bu, idealın ölümüdür. O həyatı darıxdırıcı, maneəli edir. Biz çoxdandır ki, bundan yaxa qurtara bilmirik. Biz qarşılıqlı demonizmlə məşğuluq. Bir-birimizə şeytanlıq edirik. Nəticədə həyatımızı zəhərə çeviririk. Bizi nə xilas edə bilər? Ona görə şeirlərimizdə daha çox ürəyimizi açmalıyıq. Biz qəlblərimizi bağlamağa başlamışıq. Bir də başımıza gələnləri çox nadir hallarda başqaları ilə bölüşürük. Öz daxili dünyamızı sanki dondurmuşuq. Bu, təkcə şairlərin problemi deyil, bütün cəmiyyətin problemidir.
- Prinsipcə siz haqlısınız. Ancaq hər kəsin əhval-ruhiyyəsi, mənəvi narazılığı hakimiyyətin hansısa mənasız qərarlarından, qanunlarından qaynaqlanır.
- Ən asan üsul «Yeşik» qarşısında oturub hakimiyyəti söyməkdir. Amma nə üçün nə səndən, nə də məndən konkret təkliflər eşitmirik? Biz ilk dəfə bunu Soljenitsından eşitdik. Amma nə ölkənin yeni xilas layihələri haqqında, nə də ümumxalq müzakirələrini eşitmədik. Bizdə nədənsə ölkənin iqtisadi inkişafını mənəvi cəhətdən dağıtmaq qəbul olunub. Əlbəttə, cəmiyyət təkcə ziyalılardan ibarət ola bilməz. Peşəkarların da işi hiss olunmalıdır. Mən hərdən öz siyasətçilərimizi eşidəndə aydın olur ki, onlar hətta, hansı cəmiyyəti qurduğumuzu da bilmirlər. Bax, bu qızlar - həyatdan getməyə qərar verənlər - özlərini lazımsız hiss ediblər. Onlardan biri yazıb: «Məncə həyat mənsiz daha gözəl keçər...»
- Bizim cəmiyyət mənəvi baxımdan rəhmsizdir...
- Məsələ də bundadır. İndi bizdə sürətli savadsızlaşma prosesi gedir. Həssaslığı itiririk. Bu bizim üçün çox əhəmiyyətli məsələdir.

İstedadlı şeirlərdən yan keçə bilmərəm

- Yevgeniy Aleksandroviç, siz nə qədər yaralarımız haqqında danışdınız, amma ümumi iş öz yerində qalır. Şəxsən biz Antraktida buzlarını əridə bilmərik.
Siz 23 il ərzində 10 əsri əhatə edən rus poetik obrazlarını toplayaraq beş cildlik rus antologiyasını nəşrə hazırlamısınız. Cəsarətli addımdır. Qurmaq, rus poeziyasının nəhəng heykəlini ucaltmaq…

- Antologiya üzərində iş şəxsən mənim özümü dəyişdirdi. Mənim əlimə hələ Stalin dövrünün 1925-ci ilə aid köhnə antologiyası düşəndə heyrətləndim. Baxmayaraq ki, Svetayeva emiqrasiyada idi, tərtibçilər hansısa möcüzə nəticəsində onun şeirlərini çap etdirmişdilər. Qumulyov güllələnərək həyatdan getmişdi, ancaq kitabda onun şeirləri vardı. Bu, mənim üçün bir kəşf idi. Mənim «Əsrin strofikası» adlı ilk antologiyam 1995-ci ildə çap olundu. Mən onun üzərində hələ Brejnevin dövründə işləməyə başladım. Parisə getdim, emiqrantlarla görüşdüm, gözəl şair, intellektual insan Georgi Viktoroviç Adamoviçlə söhbətləşdim. O, məni heyrətləndirdi. Birdən mənim şeirlərimi əzbərdən dedi. Heyrətini gizlətmədi: «Necə gözəl yazılıb, necə maraqlı səslənir». Bilirsinizmi, poeziya siyasətdən yüksəkdədir. O, birləşdirir. Ayırmır. 60-cı ildə poeziyanın antologiyası ideyası yarananda o, bütün əsrə aid idi.
- Hazırda antologiyanın vəziyyəti nə yerdədir?
- Antologiya 11-ci əsrdən - «İqor polku haqqında dastan»dan başlayır. Min səhifəlik birinci cild Puşkinlə bitir və tərtibata hazırdır. Biz Vladimir Radzişevski ilə eyni zamanda iki cildi buraxmaq istəyirik. İkinci cild Sluçevski ilə bitir. Üçüncüsü Blokla, Axmatova ilə başlayır…
- Müasir şairlərdən kim bu antologiyaya düşəcək? Kim görkəmli şairlərin izini davam etdirməyə layiq olacaq?
- Mən ümumiyyətlə, bu nəşri “təkcə böyük şairlər üçün” deyib, sıralamıram. Bəziləri dörd, bəziləri isə ikimisralı şeirlərlə təmsil olunub. Gilyarovski ümumiyyətlə, şair deyil. Ancaq onun gözəl və aktual beytləri var. Əyalətlərdən də yaxşı şairlər var. Mən istedadlı şeirlərin müəlliflərindən yan keçə bilmərəm.

Məgər keçmişi dəyişmək olar?

- Siz geniş qəlbli adamsınız. Yəqin ki, arvadlarınız – mənəvi dünyanızın əsas hissəsidir.
- Əlbəttə ki, belədir. Mən hər arvadımı ürəkdən sevmişəm. Onların heç birindən boşanmaq istəməmişəm. Mənim belə bir xüsusiyyətim var, yəqin ki, bu, qadınlar üçün asan deyil - mən hər işə qarışan, maraq göstərən adamam. Başa düşürsünüz? Başqa qadınlara gözümü yummağı bacarmıram. Özümə haqq qazandırmıram, ancaq mən heç vaxt ədəbsiz olmamışam. Heç vaxt öz ailəmi dağıtmaq niyyətində olmamışam.
- Siz cəngavərsiniz. Məhəbbətinizdə açıq və vicdanlı olmusunuz. Sevirdiniz və evlənirdiniz. Amma boynunuza alın, birinci arvadınız - sevimli Bella sizə necə təsir bağışladı?
- Onunla qəlblərimiz arasında yaxınlıq vardı. O, hansısa xəyali, gerçək olmayan quş kimi idi. O, necə gözəl şeirlər oxuyurdu! Mən ona qədər belə gözəl səs eşitməmişdim. Çox adamlar onu gözəlliyinə görə qınayırdı. Bu, təbii gözəllik idi. Bella şeirə həvəs göstərirdi və bir neçə gözəl şeir yazmışdı. Bunlar ölməz şedevrlərdir. Onlardan biri mənə həsr olunmuşdu. Mənim hətta onun şeirlərini Bellanın yas mərasimində də oxumağa ürəyim gəlmədi. Məgər keçmişi dəyişmək olar? Keçmişə qısqanclıq etmək olmaz. Keçmişi özünün bir hissən hesab etməlisən.
- Dörd oğlunuzdan hansı daha çox Yevtuşenko yolu ilə gedir?
- Fikrimcə, onların hamısında bu hiss var. Ancaq daha çox Maşadan olan böyük oğlum Jenyadadır. O, politoloq olacaq. Saşa isə rus və ingilis dillərində şeirlər yazır, amma heç kimə göstərmir. O, universiteti bitirir. Onun qardaşı Toşa şükür allaha ki, salamatdır. Ancaq onun xəstəliyi sağalmazdır. Uşaqlarım ingilis dilində mükəmməl danışırlar, onlar Amerikada oxuyurlar. Bugünlərdə Saşa məni sevindirib. O, mənə qız nəvəsi bəxş edib. Bilirsinizmi, ən gözəl olan nədir? Mənim bütün uşaqlarım ayrı-ayrı nikahlardandır, amma onlar dostluq edirlər.

Həyatsevərliyin sirri

- Siz əsl beynəlmiləlçi və novatorsunuz. Siz Peredelkindəki evinizin yanında incəsənət muzeyi açmısınız.
- Bu, nadir hadisədir. Mən öz torpaq sahəmdən kəsərək muzey qurmuşam. İndiyə qədər topladığım eksponatları və aldığım hədiyyələri ora qoymuşam. Muzeyi Rusiyaya hədiyyə etmişəm. O, məni tərbiyə edib. Bu yaxınlarda ayrı-ayrı ölkələrdən 30 nəfərlik qrup muzeyə gəlmişdi. Onların çoxu ruslar idi. Nastalgiya onları muzeyi ziyarətə çağırır. Başqa ölkələrdən gələnlər də olur.
- Mümkünsə deyin, sizin insanı heyrətə salan həyatsevərliyinizin sirri nədədir?
- Mən çox gəzirəm. Öz-özümə deyirəm, əgər insan bağlı və ya yarıbağlı yaşayırsa, qəlbinin gözlərini bağlayırsa, onu həyatda xoşagəlməyən, qəfil hadisələr gözləyir. Ona elə gəlir ki, hər tərəf qaranlıqdır. Amma mənim bəxtim gətirib. Mən dünyanın hər bir bucağında olmuşam. Dünyanın 96 ölkəsini gəzmişəm. Sovet İttifaqının bütün respublikalarını gəzmişəm. 1941-ci ildə evakuasiyaya gedərkən şeirlərimi perrondan oxumuşam. Bir parça çörəklə bir stəkan çay içərək mahnı oxumuşam. Toylarda rəqs etmişəm. Mən həmişə insanların kədərini yüngülləşdirməyə çalışmışam. Hər yerdə insanların fotosunu çəkmişəm. Mənim nəhəng fotoqrafiya kolleksiyam var. Mənim üçün dünyada insanın işıqlı üzündən müqəddəs heç nə yoxdur. Ona görə mən tənha deyiləm. Hətta, öz muzeyimdə fotolarla təklifdə qalanda da öz şeirlərimi yazır və çoxdankı sədaqətli oxucularıma oxuyuram. Özümü heç vaxt tənha hiss eləmirəm.

Tərcümə etdi:
Təranə Məhərrəmova