• cümə, 29 Mart, 11:49
  • Baku Bakı 5°C

Yeniliyə cəhd, risk və çox işləmək... – Uğur hekayəsi

22.05.15 06:26 3840
Yeniliyə cəhd, risk və çox işləmək... – Uğur hekayəsi
21 yaşı var. Azərbaycan Dillər Universitetində tərcümə fakültəsinin 4-cü kurs tələbəsidir. Birinci kursdan AIESEC-ə qoşulub. Orada layihə, yerli komitə rəhbəri və s. vəzifələrdə könüllü kimi çalışıb. Hazırda “AIESEC Azərbaycan”ın prezidentidir. Məryəm Məcidova ilə yaxından tanış olaq...
- Deyəsən, 15 yaşınızda ilk dəfə xaricə getməyiniz sonrakı həyatınızda böyük rol oynayıb...
- İlk dəfə 9-cu sinifdə oxuyanda Almaniyada təqaüd proqramı qazandım. Bir il sonra yenidən Almaniyaya səfərim oldu. Onda 10-cu sinifdə oxuyurdum və dil kursuna qatılmaq üçün sözügedən ölkəyə tək getməli idim. Buna görə o vaxt anamla problemlərim yarandı. O, məni Almaniyaya təkcə buraxmaq istəmirdi. Heç pasportum da yox idi. Təsəvvür edin, özüm səfirliyə getdim, Təhsil Nazirliyinə üz tutdum ki, Almaniyaya təhsil xətti ilə getdiyim barədə sənəd versinlər, mən də bu sənədlə pasport alım. Sənədləşmə işlərinin hamısını özüm həll etdim. Atam rəhmətə gedib, anam inanmırdı ki, mən bu işləri edə bilərəm. Ata nənəm mənə maliyyə köməkliyi etdi. Almaniyada kursa gedib əlimdə sertifikat geri dönəndə onların mənə inamı daha da artdı. Mən xoşbəxtəm ki, 16 yaşımda Almaniyaya sərbəst getdim, yoxsa ondan sonra sərbəst ola bilməzdim. O vaxt anamın sonda mənə icazə verməsi, güvəni, inamı indiyə qədər şəxsi inkişafıma böyük təkandır.
- Necə oldu “AIESEC Azərbaycan”a prezident seçildiniz? Bildiyimə görə, “AIESEC Azərbaycan”a 7 il idi əcnəbilər rəhbərlik edirdilər.
- AIESEC çox demokratik təşkilatdır, son 7 ildə ən demokratik iş yeri sayılır. Çünki burada təşkilatı gənclər idarə edir. Burada kimsə işləmək istəyirsə, mütləq müsahibədən keçməlidir. AIESEC-ə seçilməyimə gəlincə, üzvlər arasında seçki keçirildi və mən qalib oldum. Əcnəbilərdən də iki nəfər namizədliyini vermişdi. Üzvlərimiz yerli liderin qabağa çıxmasını istəyirdilər. Çünki azərbaycanlı liderlə işləmək daha rahatdır. Həm dil baxımından, həm də ki, azərbaycanlı lider yerli bazarı tanıyır, üstəlik, gənclərin psixologiyasına bələddir. Xaricdən gələnlər ölkəyə bələd olana, özlərinə gələnə kimi 6 ay keçir. Bizdə də təşkilata rəhbərlik ya bir, ya da iki il olur. Deməli, 6 ay itirilmiş vaxt sayılır.
- Siz, deyəsən, ikinci il də seçkilərdə qalib oldunuz...
- Bəli. Çünki ikinci il üçün hələ yerli lider yox idi. Mən istəmədim ki, bu qədər görülən işlərdən sonra xaricilər gəlsin. Əslində üzvlərimiz arasında ADA Universiteti, Ali Neft Məktəbi və İqtisad Universitetində təhsil alan liderlər var. Sadəcə, onlar üçün oxuya-oxuya işləmək çətindir. Mənim təhsil aldığım universitetdə işləməyim üçün şərait yaradırlar. Bir sözlə, çəkdiyimiz əziyyəti yerə qoya bilmədim və “AIESEC Azərbaycan”a daha bir il də rəhbərlik etməyə qərar verdim. Dostlarım az maaşla ikinci dəfə təşkilata rəhbərlik etməyimi istəmirdilər. Təcrübəm olduğundan daha yaxşı yerdə yaxşı maaşa işləyə biləcəyimi deyirdilər. Amma mən düşündüm ki, hələ mən AIESEC-ə onun mənə verdiyi qədərini qaytarmamışam. Qeyd edim ki, bizim təşkilatda heç kim məcbur işləmir. Maaş 250-300 manat olur. Amma sponsor olmayanda maaş da olmaya bilər.
- Sponsor kimlər olur?
- Hazırda bizim sponsorumuz “Azərfon”dur. Xaricə səfərlərimiz, beynəlxalq mübadilələrimiz çox olur. Bu zaman səfərlərimizi sponsorlarımız maliyyələşdirir. Ötən il xaricə 120 gənc gedib, bu il 150 nəfər göndərmək istəyirik. Gənclərimiz müxtəlif ölkələrdə təlimlər verir, getdikləri ölkə haqqında press-relizlər yazır, fotolar, videolar çəkib paylaşır, getdikləri ölkəni tanıdır, təcrübələrini bölüşürlər. Kim nəyi bacarır, onu edir.
- Birinci kursdan AIESEC-də müxtəlif vəzifələrdə çalışırsınız. Dərslərinizi necə çatdırırsınız?
- Dekanımızla danışmışam. Görürlər ki, boş-boş işlərlə məşğul deyiləm, dili bilirəm, ictimai işlərlə məşğulam. Onlara da bu lazımdır. Universitetin dəstəyi olmasaydı, mən heç vaxt indiki vəziyyətimdə ola bilməzdim.
- Yəqin bu il bakalavr təhsilinizi başa vurandan sonra xaricdə təhsil almağı planlaşdırırsınız...
- AIESEC-in rəhbərliyindən gedəndən sonra nə istəyəcəyimi bilmirəm. Beynəlxalq təşkilatlara üz tutmaq istəyirəm. Amma təhsil haqqında hələ düşünmürəm. Atam rəhmətə getdiyindən anam təkdir. Onu maddi baxımdan təmin etmək mənim üzərimdədir. Mən işləyib pul qazanmalıyam. Amma ola bilər, bir neçə ildən sonra pul qazanıb təhsil arxasınca gedərəm.
- 21 yaşınız olsa da, çox iddialı, bacarıqlı, lider xüsusiyyətlərinə malik xanımsınız...
- Bir daha qeyd edim ki, anamın məni 16 yaşımda sərbəst xaricə getməyimə icazə verməsi özü bir təkan idi. Birinci sinifdən sinif nümayəndəsi olmuşam. Sinif nümayəndəsi olandan sonra daha çox ünsiyyətcil olmağa başladım, nə isə təşkil etməyə meyl göstərdim. Məncə, sadaladığınız xüsusiyyətlər məndə məktəb vaxtından yaranmağa başladı.
- Davranışlarınız, danışığınız sizi yaşınızdan böyük göstərir. Bu, nəylə bağlıdır?
- Doqquz yaşımda atamı itirmişəm. Düzdür, əminin, dayının öz yeri var. Amma atamdan sonra arxalana biləcəyim insan olmayıb. Əziyyətlə böyümüşəm. Özüm özümə arxa olmuşam, həyatda özümə güvənmişəm.
Anam müəllimədir və çox sakit qadındır, heç vaxt ictimai, korporativ işlərə qarışan deyil. Atam rəhmətə gedəndən sonra ata nənəmin formalaşmağımda zəhməti keçib. Ətrafımda da həmişə yaxşı insanlar olub, mənə mənəvi dəstək veriblər. Heç vaxt atamın yoxluğu üzümə vurulmayıb, bu tərəfdən əskikliyimi hiss etməmişəm. Çox gözəl dostlarım var.
- Dörd ildir AIESEC-dəsiniz. Azərbaycan gənclərinin 3 əsas qüsuru hansılardır?
- Praktik deyillər. Həmişə gözləyirlər ki, nəyisə onlara hazır gətirib verəcəklər. Nəyisə sıfırdan başlamağı sevmirlər. Risk etməyi xoşlamırlar, yenilikdən qorxurlar. Birdən-birə hər şeyin yaxşısını istəyirlər. Amma bu, mümkün deyil. Ya da bir səbəb tapıb, deyirlər ki, hər şey tapşırıqla, daydayla həll olunur. Getdiyim hər bir ölkədə bu xüsusiyyət var. Məncə, bizdə də heç vaxt biliyi olanın qarşısını almırlar, işəgötürənlər normal təcrübəsi olanı axtarırlar. Gənclərə risk etməyi məsləhət görürəm. 16 yaşımda etdiyim riskin bəhrəsini hələ də görürəm.
İkincisi, azərbaycanlı gənclərin əksəriyyətində patriotluq əməldə deyil, görüntüdədir. Düşünürlər ki, facebookda profil şəkillərinə bayraq qoymaqla vətənpərvərdirlər. Amma təəssüflər olsun ki, ölkədən kənara çıxanda Azərbaycanın problemlərindən danışırlar. Başa düşmürlər ki, özləri də Azərbaycana, həmin o problemə aiddirlər. Belələrindən bu ölkə üçün nə etdiklərini soruşsan, məlum olacaq ki, heç nə etməyiblər. Sadəcə, boş-boş danışırlar.
Üçüncü, mentalitetdə, düşüncə tərzində çox böyük problemlər var. Belə ki, cəmiyyətin fikri ilə oturub durmağı xoşlayır, “cəmiyyət nə deyər” fikrini əsas götürürlər.
- 40 yaşınızda özünüzü harada təsəvvür edirsiniz?
- Özümü mətbəxdə yemək bişirən, uşaqlara baxan xanım kimi görmürəm. Eyni zamanda, arzu edirəm ki, həm xoşbəxt ana, həm də ictimai xadim ola bilim. İnsanlara motivasiya vermək, onlarla daim ünsiyyətdə olmaq istəyirəm. Amma konkret olaraq kim olmaq istədiyimə qərar verə bilməmişəm. Məncə, bu, təhsilimizin problemindən irəli gəlir ki, gənclərimiz hətta ali məktəbdə oxuduğu müddətdə belə, kim olmaq istədiklərini müəyyənləşdirə bilmirlər.
Ana olanda da övladımı sevgi ilə böyütmək istəyirəm. Düşünürəm ki, ananın tərbiyəsi və sevgisindən məhrum olan heç bir uşaq heç bir şeyə nail ola bilməz. Anamın sevgi və qayğısı olmasaydı, mən heç vaxt bu səviyyəyə gəlib çıxmazdım. Cəmiyyətə aqressiv olmamağımın səbəbi anamın mənə olan qayğısıdır. Nə qədər problem olsa da, anam, nənəm həmişə yanımda olub. Buna görə mən də öz övladlarımı sevgi ilə böyütmək istəyərəm.
- Uğur sirriniz nədir?
- Uğur sirrim yeniliyə cəhd, risk etmək, çox işləməkdədir. Şəxsi inkişafa nail olmaq üçün öz üzərində işləmək vacibdir. Kitab oxumaqla heç nə bitmir. Səni öyrədə bilən başqa məqalələr, videolar və s. var. hansısa pilləyə çatıb yerində oturmaq olmaz. Risk etmək lazımdır. Düzdür, risk həmişə uğurla bitmir, amma ən azından sən buna cəhd edir və təcrübə qazanırsan. Birinci cəhd alınmayanda geri çəkilməyi xoşlamıram, düşünürəm ki, ikinci, üçüncü cəhddə mütləq alınacaq. Bir də bilirəm ki, göydən heç nə düşmür, evdə oturanda heç kim mənə göydən zənbillə nəsə göndərməyəcək. Başa düşürəm ki, hər şeyə özüm nail olmalıyam.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər