“Yenilik heç zaman yekdilliklə qəbul olunmur” - Fotolar
Son
zamanlar Gənc Tamaşaçılar Teatrının səhnəsindəki gənclər diqqətimi çəkir. Və
onlar arasında son bir neçə ildə Bəhrəm Əliheydər öz səhnə performansı,
plastikası ilə seçilir. Belə gənclər Azərbaycan teatrının qazancıdır. Sonuncu dəfə
onu "Leyli və Məcnun” tamaşasında izləmişdim. Nicat Kazımovun quruluşunda
hazırlanan tamaşanın gənc Qeysi ilə söhbət etmək qərarına gəldik. Teatrımızın
müasir Məcnunu dərviş imiş, xəbərimiz yoxuymuş.
-
Gənc Tamaşaçılar Teatrının 90 yaşı tamam
oldu. Bu münasibətlə sizi və kollektivinizi təbrik edirik.
-
Təşəkkür edirəm. Yubiley gecəsində teatrımızın
repertuarında xüsusi yer tutan bir sıra səhnə əsərlərindən hissəciklər nümayiş
etdirdik. Bu da böyük maraqla qarşılandı.Artıq
5 ildir ki, bu teatrda işləyirəm. Aktyoru teatrsız təsəvvür etmək mümkün deyil.
Mənim üçün Gənc Tamaşaçılar Teatrının xüsusi yeri var. Sanki universitetdə elə
Gənc Tamaşaçılar Teatrı üçün hazırlanmışam. Tələbəlik illərində xəyal edirdim
ki, gələcəkdə bu teatrda işləyim və arzularımı gerçəkləşdirdim.
- Niyə məhz Gənc Tamaşaçılar? Bu teatrın
sizin üçün özəlliyi nədir?
-
Mənim üçün mərhum xalq artistimiz Yusif Vəliyev bir fenomendir. O, ömrünün
axırına kimi həmin teatrda çalışıb. Demək, burada nəsə var ki, o, ömrünün
sonuna kimi məhz Gənc Tamaşaçılar Teatrında
çalışıb. Biz faciə, komediya, dram, uşaq tamaşaları oynayırıq. Bəzən elə
olur ki, səhər səhnəyə dovşan, axşam da Qeys kimi çıxırıq. Bu çox çətin bir
prosesdir.
- Səhər tamaşasında dovşan, axşam
tamaşasında isə Qeysi oynamaq psixoloji olaraq sizə hansı hissi yaşadır?
-
Kitablarda oxuduğumuza görə, aktyorun ruhu dincəlməli, obraza özünü hazır hiss
etməlidir. İnanın ki, bunların hamısı bəhanədir. Öz üzərində işləyən aktyor günə
40 tamaşa oynaya bilər. Bu bizim işimizdir. Misal üçün, əgər bir həkim səhər
böyrək əməliyyatı edibsə, axşama ürək əməliyyatı edə bilməz kimi bir anlayış
yoxdur. Bizim sənət də onun kimi.
- Biz "Leyli və Məcnun”
tamaşasına Opera və Balet Teatrında baxmışıq. Gənc Tamaşaçılar Teatrının səhnəsində
bu tamaşanın yeni üslubda hazırlanmasının heç də birmənalı qarşılanmadığının
şahidi olduq. Qeys obrazına təklif aldıqda hansı hissləri keçirdiniz?
-
Əslində gözləmirdim ki, tamaşanın rejissoru Nicat Kazımov bu obraza məni uyğun
görər. Nicat müəllim ssenarini Füzulinin dilindən çevirirdi. Mən də ona kömək
etmək məqsədi ilə sözlərə baxırdım. Dekabrda gedib saçlarımı keçəl elətdirmişdim.
Nicat müəllim dedi ki, çox nahaq saçını kəsdirmisən, çünki sən Qeys olacaqsan.
Mən də çox təəccüblənmişdim.Opera
və Balet Teatrında bu operaya ən azı 30 dəfə baxmışam. Yenilik heç zaman yekdilliklə
qəbul olunmur. Bu bizi ağrıtsa da, ağrıtmasa da, belədir. Bu yeniliyi hələ də qəbul
etməyənlər var. Hamımız Füzulidən, onun dünyasından, fəlsəfəsindən danışırıq.
Amma o danışanlar belə Füzulini heç 10 faiz dərk etmirlər. İki qəzəlini deyib,
özlərini Füzulişünas hesab edirlər. Ancaq Füzulinin həyat tərzindən xəbərləri
yoxdur. Gah deyirlər Nicat Kazımov səhnədə erotika göstərir, gah da başqa mənasız
bir şeyi bəhanə gətirirlər. Əgər siz "Leyli və Məcnun”u bir dəfə əlinizə alıb
oxumusunuzsa, bilməlisiniz ki, orada hansı səhnələr var. Nicat Kazımov oturub,
özündən səhnə yazmayıb. Mən heç zaman cəmiyyətin fikri ilə yaşamamışam və
yaşamaq fikrim də yoxdur. Kimsə mənə aid nəsə deyəndə dinləyirəm,
ağlabatandırsa əməl edirəm. Yox əgər ağlabatan deyilsə, üstündən keçirəm.
- Qeysin sözlərini əzbərləmək həqiqətən
də çətindir. Siz bu baxımdan hər hansı çətinliklərlə üzləşdinizmi?
- Ərəb-fars dillərinə meylli olduğum üçün az da
olsa ondan xəbərim var. Əgər sən acsansa və sənə bir şey verirlərsə, baxmırsan
ki, yumşaqdır, bərkdir, dadlıdır, dadsızdır. "Təki mədəmə bir şey getsin, doyum”
təfəkkürü ilə o qidanı qəbul edirsən. O şey səndən aralıdır və sən can atırsan
ki, onu yeyəsən. Mən bu tamaşaya ac idim. Ən çox sözlər Səbinə Məmmədova
(Leyli) ilə məndə idi və biz sözləri əzbərləməmişdik. Nicat müəllim bir il
bizimlə işlədi. Nəinki öz sözümüzü, şəxsən mən bütün pyesi əzbər bilirəm. Bu,
artıq vərdişə çevrilib.
- Yaradıcılığınıza nəzər saldıqda,
daha çox Nicat Kazımovla çalışdığınızı görürük. Bu sizin rejissorla yaxşı dil
tapdığınızdanmı irəli gəlir?
-
Nicat Kazımov hər zaman deyir ki, "başqa aktyor seçməyə şansımız yoxdur. Bizə gətirib
kadrı verirlər və deyirlər ki, bundan nəsə düzəldin”.Mən
də teatra gələndə, Nicat Kazımov üçün yararsız aktyor idim. 89 kilodaydım və
günüm yeyib-yatmaqla keçirdi. Teatra ilk gələndə, o mənə baxıb, dedi ki, "mən
bundan nə düzəldəcəm?” Məndə hikkə və məqsəd var. Çalışdım, çabaladım və istədiyim
formaya düşdüm. Beləliklə, Nicat Kazımov mənə ilk obrazı verdi. Teatra yeni gələndə
ilk baş rolum teatrımızın baş rejissoru Bəhram Osmanovun məsləhəti ilə Boris
Manciyevin "Xortdanın cəhənnəm məktubları”nda Fərman obrazı oldu. İlk
partnyorum Səbinə Məmmədova idi. Nicat Kazımov quruluş verdiyi tamaşalarda yalnız "Leyli və Məcnun”da mənə baş rolu həvalə
edib. N.Kazımov fiziki imkanı olan hər bir gənclə işləyir, aktyoru boş qoymur.
-
Qeyd etdiniz ki, hikkəli birisiniz.
Nicat Kazımov sizə baş rol həvalə etdikdə, o "yararsız” sözünü xatırlatdınızmı?
-
...Hər gün. O qədər yeməksiz qalırdım ki, gecə 3-4-də durub anama plov süzdürən
adamam. Ondan sonra yemək üçün ağlayırdım. Ancaq bu mənim özümü bir aktyor kimi
inkişaf etdirməyim üçün lazım idi. Aktyorda hikkə, məqsəd olmasa, qabağa gedə
bilməz. Nicat Kazımov kimi bizi sındıran rejissor olmayıb. Məşqlərdə "yararsızsınız”,
"danışıq probleminiz var” və s. kimi ifadələrlə bizi daha da qıcıqlandırırdı.
Biz də özümüzü inkişaf etdirməyə və düzəltməyə çalışırdıq.
- Bəs, universitetdə öyrənib,
teatra gəlməmisinizmi?
-
İncəsənət Universitetinin tədrisi ilə razı deyiləm. Görürsən ki, tələbələr universiteti
bitirib teatr mühitinə düşür, yenə də düzəlmirlər. Bizim evimizi yıxan android
telefonlardır. Bir də görürsən ki, səhnəyə telefonla çıxırlar, gənclər rəqsləri,
plastikanı bilmirlər. Bunları öyrənmək əvəzinə, telefon əllərindən düşmür. Tamaşanın
premyerasında qrim edib, "selfie” çəkib paylaşmaqla aktyor olmursan. Bunu
hamımız edirik və bu artıq reklam xarakterli bir şeydir. Ancaq işləməsən, bəhrəsini
görə bilməzsən. Mən hər kəsdən öyrənirəm. Mənim yerişimdə problem olub və onu
düzəltməyə çalışmışam. Biri də var ki, problemim var və bunu düzəltmək istəmirəm.
Rejissora lazım olan kimi olmalısan. Teatrımızda elə bir rejissor yoxdur ki,
onların quruluş verdiyi tamaşalarda əsas obrazları canlandırmayım. Xoşbəxtçiliyim
ondadır ki, bu gün "Leyli və Məcnun”da Qeysi oynayıramsa, sabah "Romeo və
Cülyetta”da lap arxada kölgəni də oynayıram və bundan utanmıram.
- Ancaq elə aktyorlar var ki,
epizodik rola çəkilməyi özlərinə ar bilirlər.
-
Düzdür, 99 faiz aktyorlar epizodik rol oynamaq istəmirlər. Səhnəyə çıxsalar belə,
o tamaşanı olaraq məhv edirlər. Halbuki, biz aktyoruq və işimiz budur. Kütləvi
səhnə də, baş rol da bizimdir. Teatrımızda elə aktyorlar var ki, epizodik rolda
çıxış etsələr də, sonda onları hamıdan çox alqışlayırlar. Aktyorun işi budur,
çalış, beynini işlət, standart prosedurlardan imtina et və üzə çıx. Baş rolu
hamı oynayar.
-
Ancaq mən inanmıram ki, Məcnunu hər kəs
oynaya bilər...
-
İstək olsa, oynayar.
- Gənc aktyorlar çox zaman
rejissorlarla dil tapmaqda çətinlik çəkirlər. Ancaq siz gənc aktyor kimi onlara
haqq qazandırırsınız.
-
Hərdən rejissorlara yazığım gəlir. Şəxsən mən rejissor olsam, bir həftədən
sonra iflic olaram. Deyirsiniz ki, Nicat Kazımovla işləyirsiniz, sabah teatra gənc
bir aktyor gəlsə, təbii ki, həmin aktyordan istifadə olunacaq. Misal üçün,
bizim teatrın Elgün Yəhya, Ramil Məmmədov, Anar Səfiyev, Anar Seyfulla kimi
istedadlı aktyorları var. Amma maraqlı, istedadlı, aktyor standartlarına uyğun
olan gənclər teatra çox az gəlir. Gəlsələr də, məsuliyyətsiz olurlar.
- Səbəb nədir?
-
Bunun müəyyən səbəbləri var. Bizim çəkdiyimiz əziyyətlərə onlar dözə bilmirlər.
İşin maddiyyat tərəfi də üstünə gəldikdə, müəyyən yayınmalar olur.
- Bioqrafiyanıza baxanda görürük
ki, daha çox klassik əsərlərdə rol almısınız. Bunu klassik əsərlərə sevginizlə əlaqələndirmək
olarmı?
-
Əsla. Daha çox fantastik, qeyri-adi, müasir rollar oynamaq istəyirəm. Mənə elə
gəlir ki, vaxtından sonra doğulmuşam, köhnə tipli insanam. Evdə antikvar əşyalar
saxlayıram. Sanki dövr olaraq avtomat, telefon dövründə deyil, qılınc, at
dövründə doğulmalı idim (gülürük). İçimdə bir dərvişlik var. Məni qınayan
olmasa, yenə o əmmamədən geyərəm. Sadəcə olaraq, adamı cəmiyyətdə lağlağıya
qoyarlar. O ki qaldı sualınıza, heç zaman arzum olmayıb ki, klassik əsərlərdə
oynayım. Tamaşada tryuklar olsun, işləyək, hərəkətli obrazlar olsun. Bugünkü
tamaşaçını klassika ilə çox saxlamaq olmaz. Gərək tamaşada hərəkət də olsun.
Günün tamaşaçısı hərəkətə baxmağı sevir.
- İndiyə qədər Məcnunu oynamış
aktyorlar gəlib sizin ifanızı izləyiblərmi və hansı fikirləri bildiriblər?
-
Leylilər gəlib bizim Leylilərə baxıblar.
-
Yəqin Məcnunlar bir az yaşlı olduqları
üçün qısqanclıqdan sizi izləməyiblər...
-
(gülür) Yeniyetmə yaşlarımda Opera və Balet Teatrında mühafizəçi işləyirdim.
Ona görə bu tamaşaya çox baxmışam. Bu, operadır və burada nəyisə müzakirə etsək,
düzgün olmayacaq. Quruluşlar, sistem fərqlidir. Misal üçün, Opera və Balet
Teatrının Məcnunları mənim o düşdüyüm yüksək yerdən düşüb, o plastik hərəkətləri
edə bilərmi? Mən də onlar kimi səhnədə ifa edə bilmərəm. Opera və Balet
Teatrının baş rejissoru Hafiz Quliyev gəlib bizim tamaşaya baxıb.
- Hansı fikirləri bildirib?
-
Mənim onunla söhbətim olmayıb, amma...
- Amma heç kim öz ayranına turş
deməz.
-
Eynən, deməz və deməyəcək də. Biz işimizi görürük və ondan enerji alırıq.
- Tamaşaçı bu tamaşanı qəbul edə
bildimi?
-
"Leyli və Məcnun” tamaşasının bir il əvvəl premyerasını etdik. Artıq Nicat
Kazımov "Öldürsənə məni, Canikom” tamaşasını hazırlayıb. Və mən bu tamaşada bir
striptiz göstərdim. Mənə yaxınlaşıb deyirdilər ki, "ayıb deyil, o boyda Məcnundan
sonra striptiz göstərirsən?” İnsanlar sadəcə, danışmağa nəsə axtarır. Ağıllı
insanlar danışmır, onlar sadəcə iki kəlmə ilə rəyini bildirib, kənarda dayanırlar.
"Leyli və Məcnun” haqqında o qədər danışdılar ki...
- Nəticədə siz tarixdə gənc Məcnun
kimi qaldınız.
-
Bu mənim xoşbəxtçiliyimdir.
- Və heç kim demir ki, bu aktyor
Məlikməmmədi, Sabiri, əcinnəni canlandırır. Deyirlər ki, bu, Məcnunu oynayan
aktyordur.
-
Əslində elədir.
- Hesab edirəm ki, bu obraz sizin
ilk dönüş nöqtəniz olub.
-
Bir aktyorun bir obrazı ilə tanınması həqiqətən dəhşətlidir.
-
Müsahibələrinizin birində demisiniz ki,
heç zaman kastinqlərə getmərəm. Hollivudun özündə belə, tanınmış aktyorlar
kastinqə gedir. Bu özgüvən hardan qaynaqlanır?
-
Bəli, işin mahiyyəti bundan ibarətdir.
- Düşünürsünüz ki, Məcnun kastinqə
getməz?
-
Əsla. Həqiqəti deyim?
- Əlbəttə.
-
Bu iş Azərbaycanda bir neçə özünə güvənən insanların əlindədir. Kim bu işlərə
baxırsa, onların o mənəm-mənəmliyi, təkəbbürü,
qapıçısından tutmuş hamısının belə bir eqosu var ki, sanki Al Paçinodurlar. Cəmi
bir dəfə kastinqə getmişəm. Qohumlarımız dedi ki, hamı çıxdı efirə, sən
çıxmadın. Onlara da izah etmək mümkün deyil ki, mən özüm seriala, filmə çəkilmək
istəmirəm. Onda kastinqə getdim. Gedib söhbət edirsən, soruşur ki, adın nədir sənin?
Bunu o adam soruşur ki, tələbə vaxtı mən ona Stanislavski, Meyerxolun
kitablarının rəngini göstərmişəm, "oxumasan, məhv olacaqsan” demişəm. O insan məndən
soruşur ki, adın nədir? Və yaxud da elə bir yerə getmişəm ki, vəziyyəti göstərmişəm,
deyiblər ki, sən baş rolu oynayacaqsan, get prodüserin yanına, o biri məsələləri
həll et. Prodüser də mənə deyir ki, "qiymətini de”... Ya biz əxlaqsızıq, ya
danışıq qabiliyyətini bilmirik, ya da bizi ələ salırlar. "Qiymətini de” nə deməkdir?..
- Bəs siz nə cavab vermisiniz?
-
Teatrda canlandırdığım tamaşaların adlarını sadalamışam, demişəm ki, "mənim
qiymətimə qalsa, sizin seriala xərclədiyiniz pulun ümumi həcmi çatmaz”.
Xəyalə
Rəis