• şənbə, 20 Aprel, 17:01
  • Baku Bakı 23°C

“Yenilik etmək üçün maliyyə vəsaiti lazımdır”

10.01.17 11:00 2746
“Yenilik etmək üçün maliyyə vəsaiti lazımdır”
Artıq 2017-ci ilin ilk ongünlüyü arxada qalıb və bəzi təşkilatlar bu il üçün öz fəaliyyət strategiyalarını müəyyən ediblər. Bəs media kapitanları 2017-ci il üçün planlarını hazırlayıblarmı? Çətin keçən 2016-cı ildən sonra yeniliklərə imza atmağı, yeni layihələr təqdim etməyi planlaşdırırlarmı?

"Şərq” qəzetinin baş redaktoruAkif Aşırlı "Kaspi”yə açıqlamasında dedi ki, 2016-cı il çətin olsa da, ayaqda qalmağı bacarıblar. Baş redaktor 2017-ci ildə də çətin sınaqlarla üz-üzə qala biləcəklərini istisna etmir. Hesab edir ki, artıq çap mətbuatı üçün əlverişsiz mühit yaranıb: "Bütün bunlara baxmayaraq, qəzeti qorumağa çalışdıq. Bu il qəzetin internet səhifəsini gücləndirmək fikrindəyik və artıq internet variantımız fəaliyyətini genişləndirməkdədir. Düşünürəm ki, bu sahədə müəyyən uğurlarımız da var. Hesab edirəm ki, bu, obyektiv düşüncənin və proseslərin məntiqi bir nəticəsidir. Qəzetin çap versiyasını saxlamaq və onun səhifələrinin sayını artırmaq fikrimiz vardı. Ancaq bu, indiki dönəmdə mümkünsüz görünür. Amma qəzetin elektron versiyası aktivdir. Demək olar ki, 24 saat ərzində informasiyaları yerləşdirə bilirik. Qəzetdə gedən yazıları, əlavə olaraq, operativ informasiyaları məhz qəzetin elektron versiyasında yerləşdiririk. 2017-ci ildə bununla kifayətlənəcəyik. Rubrikalarımız ənənəvi rubrikalardır. Sosial medianın inkişafı ilə əlaqədar ola bilsin, rubrikalarda müəyyən yeniliklər edək. Sosial şəbəkələrdə gedən müzakirələrin qəzetdə, çap formatında davamını düşünürük”.

"İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə düşünür ki, media sahəsi daim yenilik tələb edir və həmişə yeniliklə yadda qalır: "Buna görə bizim də qarşıda müəyyən planlarımız var. Qəzet olaraq, 2017-ci ildə də təhlili, analitik yazılarla çıxış edəcəyik. Həm qəzetin saytı, həm də qəzetin tərkibində "İki sahil TV” olaraq, müxtəlif layihələrimiz var. Mətbuata, ümumiyyətlə mediaya olan diqqətə, qayğıya cavab olaraq, ölkəmizdəki bu yüksək inkişaf xəttini daim mətbuatımızda işıqlandırmaq, ölkə, dünya ictimaiyyətinə çatdırmaqda müxtəlif planlarımız var. Zamana ehtiyac var. Zaman keçdikcə, oxucular bunun şahidi olacaqlar”.

V.Rəhimzadə 2016-cı ildə hər hansı çətinlik yaşayıb-yaşamadıqları haqda sualımıza cavabında dedi ki, asan bir iş yoxdur, bütün işlərdə bugünkü günlə razılaşmaq lazım deyil: "Bu gün "bir” işləyən, sabah "iki” işləməlidir ki, dövrə uyğun olaraq, inkişaf edə bilsin. Çətinliksiz iş olmur. Təsərrüfatla məşğul olan işçi də zəhmət çəkməlidir, fəaliyyətini genişləndirməli, daha çox çalışmalıdır. Bizim sahə də xüsusi yaradıcılıq tələb edən zehni işdir. Heç kim sənin qapını döyüb demir ki, bu cür yaz, belə et və s. Yazını ortaya qoymaq üçün, maraqlı etmək üçün axtarışda olmalısan, onu dövrün, zamanın tələbinə uyğun hazırlamalısan, bütövlükdə cəmiyyətin arzu-istəyini nəzərə almalısan. Bu zaman ortaya effektli və məhsuldar bir iş qoya bilərsən. Yəni hər bir iş zəhmət tələb edir. Jurnalistikada da ortaya davamlı və sistemli əmək qoyulmalıdır”.

"Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova 2017-ci ildə keçən ildən qalan işlərini davam etdirəcəyini dedi. Bildirdi ki, bu il 2016-cı ilin davamıdır və işlər eyni tempdə davam edəcək: "Qəzetimiz gündəlik nəşr olunacaq. Bildiyiniz kimi, qəzetin hafta.az saytı var. O da gündəlik olaraq yenilənir. Perspektivdə əsas hədəfimiz işin tempini qoruyub saxlamaqdır. Mənə görə, 2017-ci ilin əsas planı budur. Yeni layihələr ola bilər. Bu, hansısa yazı, proyektlə bağlı ola bilər. Bütövlükdə işi genişləndirmək, saytın fəaliyyət dairəsini böyütmək haqda hələ ki düşünmürük. Açığını desəm, maliyyə problemi var. Bu, bütün qəzetlərdə yaşanan çətinlikdir ki, bizdə də var. Yenilik etmək üçün maliyyə vəsaiti lazımdır. Bu fakt 2016-cı ildə hamı kimi, bizə də çətinlik yaratdı. Amma bunu atlada, 2016-cı ili başa vura bildik. Düşünürəm ki, 2017-ci ildə də bunun öhdəsindən gələ biləcəyik. Qəzet gündəlik fəaliyyətini davam etdirəcək. Bildiyiniz kimi, biz KİVDF-nin layihəsini qazanmışıq. Ən azı, 6 ay ərzində çap olunmalıyıq və KİVDF-nin yazılarını dərc etməliyik. Ümid edirəm ki, 2017-ci il media qurumları üçün düşərli olar, o cümlədən də bizim üçün”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da 2016-cı ildə müəyyən çətinliklərin yaşandığını bildirdi. Qeyd etdi ki, hazırda qəzetin çap versiyasını davam etdirmək çox çətin bir məsələyə çevrilib: "Əsas planımız odur ki, qəzetin yaşamını davam etdirək. Musavat.com saytının əlavə TV variantı ilə bağlı işlərimizi genişləndirmək və onu yayımlamaq üçün bu il də çalışacağıq. Təəssüf ki, manatın devalvasiyası baş verdi. Biz manatla işləyirik. Satdığımız məhsul da, aldığımız reklam da manatladır. Bu baxımdan, müəyyən çətinlik yaşanmaması mümkün deyil. Amma şükürlər olsun ki, 2016-cı ili "Yeni Müsavat” media qrupu olaraq, sağ-salamat başa vurduq. 2017-ci ildə hədəf odur ki, dünyanı və ölkəni bürümüş bu böhranın yaratdığı çətinlikləri dəf edərək az zərərlə çıxaq. 2017-ci ili az itkilərlə, yaxud tam itkisiz başa vurmaq istəyirik”.

"APA Holding”in prezidenti Vüsalə Mahirqızı vurğuladı ki, 2017-ci ildə hazırkı layihələri davam etdirəcəklər. Bundan əlavə, xarici əlaqələri daha da gücləndirəcəklər: "Bir neçə onlayn biznes layihəsinə başlamaq fikrimiz var. Amma yeni layihələrimiz haqda hələ ki məlumat verə bilmərəm”.

Azvision.az saytının baş redaktoruVüsal Məmmədov saytda video-xəbərləri daha da genişləndirməyi, çoxaltmağı, onlayn tv meyarlarına yaxınlaşmağı düşündüklərini dedi. Qeyd etdi ki, yaxın perspektivdə saytın ərəbdilli versiyasını açmaq planları da var: "Bir də, Azvision tezliklə tamam yeni, Azərbaycanın onlayn mediası üçün fərqli dizayna keçəcək. Mən özüm də bunu və veriləcək reaksiyaları səbirsizliklə gözləyirəm”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov da yeni ildə yeni planlarının olduğunu söylədi: "Bir neçə gündən sonra saytımız oxucularının qarşısına yeni dizaynla çıxacaq. Bu istiqamətdə son tamamlama işləri aparılır. Bundan əlavə, yaxın vaxtlarda mobil tətbiqlərimiz təqdim olunacaq. Oxucularımız "İOS" və "Android" əməliyyat sistemləri üzərindən Ölkə.az-ın xəbərləri ilə tanış ola biləcəklər. Yaya qədər Ölkə.az saytının rus versiyasının hazırlanması və istifadəyə verilməsini planlaşdırırıq. Həm Azərbaycanda rusdilli oxucu auditoriyasına çıxışımız olacaq, həm də ölkə hüdudlarından kənarda Azərbaycan barədə məlumatlar yayacağıq. Amma daim artan oxucu kütləmiz bununla kifayətlənməyə imkan vermir. Artıq qısa müddətdən sonra sutkalıq xəbər sisteminə keçməyi düşünürük. Bunun üçün gecə növbəsinin işi gücləndirilir. Ölkə.az saytının oxucuları sutkanın istənilən saatında rahatlıqla həm Azərbaycan, həm də dünya xəbərlərini oxuya biləcəklər. Digər planımız isə multimedia şöbəmizin yaradılmasıdır. Bunun üçün avadanlıqların alınması istiqamətində iş gedir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər