"Yenilənmək mütləqdir"
Deyirlər, səhəri necə
açırsansa, günün də elə keçir. Dünyada və ölkəmizdə baş verən hadisələr haqda insanları
xəbərdar etmək məqsədi güdən, xəbərçinin öz yozumunu da qatdığı "ATV Səhər”
digər səhər verilişlərindən seçilir. Elə bizim "Seçilənlər” layihəmizin də
qonağı həmin verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Turan
İbrahimovdur.
-
Turan bəy, aparıcılıq etdiyiniz "ATV Səhər” verilişi televiziya məkanımızda bir
ilkdir. İstərdik, bu layihənin meydana gəlməsi barədə danışasınız.
- Bu, 90-cı illərin sonlarından
bütün dünyada BBC və CNN-in başlatdığı informasiya xarakterli bir veriliş
növüdür. Adətən Qərb telekanallarında səhərlər xəbər vaxtı olur. SSRİ dövründə
səhər verilişləri musiqi, informasiya xarakterli olurdu. O ənənə bizdə hələ də davam
etdirilir. Sırf müəllif verilişi, xəbərin müəllifin yozumu ilə təqdim olunması,
aparıcının özünün mövqeyinin ortaya qoyulması, şərhlərin aktuallığı, hazırlanan
süjetlərin hamısının birbaşa olaraq müəllifin süzgəcindən keçməsi bizdə yox idi.
Uzun zaman idi ki, belə bir layihənin bizim televiziya məkanında da həyata
keçməsini arzulayırdım. Ancaq bizim bəzi televiziya rəhbərləri, bu sahədə sözü
keçərli olan insanlar bunu qəbul etmək istəmirdilər. Deyirdilər ki, səhər-səhər
insanlara yalnız xəbər təqdim etmək olarmı? Onlar ənənəvi səhər proqramlarının olduğu
kimi davam etdirilməsinin tərəfdarı idilər. Uzun müddət idi ki, bu layihə
üzərində çalışırdım. Çünki bu, improvizədir. Başqa verilişlərdə iştirak edərək
özümü buna hazırlayırdım. ATV-nin yeni rəhbərliyinə bu layihə barədə məlumat
verdim. İlk mövsümümüz hər kəs üçün qeyri-müəyyən idi. Tənqidlərimiz də sağlam
deyildi.
- Televiziya tamaşaçıları səhərləri şou nümayəndələri ilə açmağa vərdiş
edib...
- Səhər verilişi deyəndə
ilk növbədə informasiyalı-musiqili proqram anlayışı var idi. İnformasiyalı da
dedikdə, o informasiyanın nə dərəcədə xəbər olduğunu demək olmazdı. Çox zaman bizim
verilişə də şou əhlini görmək istəyində olan tamaşaçılar baxırdılar. Məhz bu
düşüncələrə görə 3-4 ay ciddi təzyiqlərə məruz qaldıq. Ondan sonrakı mövsümdə
tamaşaçılar belə qənaətə gəldilər ki, elə ən yaxşısı bu imiş. Baxmağa qalsa, elə
ilk verilişdən baxılırdıq. Ancaq anlamırdılar, deyirdilər ki, internetdən videolar
götürürsünüz, efiri bunlarla doldurursunuz. Xəbər agentliklərinin internet, "Youtube”
olduğunu düşünürdülər. Çox qarışıq bir mühit idi. Artıq dördüncü mövsümdür ki, "ATV
Səhər” fərqli xəbər devizi altında fəaliyyət göstərir. Hazırda ən yüksək auditoriyası
olan verilişdir. Gözləntilərim özünü doğrultdu. "ATV Səhər” Azərbaycan xəbər sektorunda
diktə edən bir verilişdir. Digər televiziya kanallarındakı verilişlər də bununla
hesablaşmaq məcburiyyətindədirlər. Xəbər aparıcısının manerası, danışıq tərzi, müstəqil
olmağa çalışması - bunların hamısı "ATV Səhər”də mövcuddur.
- Xəbər aparıcısının həm də bir müəllif olaraq efirdə sərbəst şəkildə
fikir bildirməyinə öyrəncəli deyilik. Efirdə hər hansı situasiya ilə bağlı
müstəqil şəkildə fikir bildirmək üçün dünyada və ölkəmizdə baş verənlərdən xəbərdar
olmaq gərəkdir. Bu gün isə o intellektə sahib xəbər aparıcıları barmaqla
sayılası qədərdir.
- Azərbaycanda xəbər aparıcılarının
çoxu diktorluqdan kənara çıxa bilmir. İntonasiya ilə üzündən oxumağı çox gözəl bacarırlar.
Ən primitiv zəkalı insan belə, üzündən oxuyaraq bunu edə bilər. Televiziyalarımızda
çox güclü redaktorlar var. Xəbəri, informasiyanı koordinasiya edən redaktorları
nəzərdə tuturam. Aparıcılar isə redaktorların hazırladıqları xəbərləri əzbərləyib,
efirdə danışan insanlardır. İndi müstəqil fikrə malik olan, verilişində bütün mövzularla
bağlı öz mövqeyinin də yer aldığını gördüyüm elə bir aparıcı yoxdur. Bizdən əvvəlki
nəslin içərisində belə aparıcılar olub. Ancaq onların dövründə efirə çıxıb
müstəqil şəkildə çıxış etmək mümkün deyildi. Aparıcı kimi öz mövqeyini
bildirmək üçün bütün proseslərdən xəbərdar olmalısan. Xəbər sektorunda ictimai-siyasi
istiqamət üzrə fəaliyyət göstərən jurnalistlər var ki, ancaq işlərinin tələbi olaraq
proseslərlə maraqlanırlar. İşləri bitdikdən sonra özlərini şou-biznes simaları ilə
uyğunlaşdırmağa çalışırlar. İndi çox ziddiyyətli bir dövrdür. Mən hətta bu dövrü
keçid dövrü də adlandırıram. İnsanlar düşünür ki, xəbər aparıcısı mütləq şəkildə
kostyum geyinməli, özünü boğmalı, nəfəsini zorla alıb, tez xəbəri
çatdırmalıdır. Bizim layihədə isə bu yoxdur. "ATV Səhər”də kostyum geyinməkdən imtina
etmişəm. Bu da bir stereotipin dağılmağının işarəsidir. Kostyum avtomatik o deməkdir
ki, sən fikirlərini ütüləməli, senzuradan keçirməlisən. Önəmli olan nə dediyin
və tamaşaçıya nə çatdırdığındır. "ATV Səhər” alternativ bir informasiya mənbəyidir.
Azərbaycanda televiziya kanalları, yazılı və elektron media arasında çox böyük uçurum
var. Elektron media televiziyadan lazımi səviyyədə qidalanır. Bu layihədə biz bunun
da əsasını qoyduq. Rəqabət gözəldir, ancaq oğurlamaq, başqasından götürmək peşəkarlığın
olmamasından xəbər verir.
- İki saat davamlı olaraq tamaşaçını ekrana cəlb etmək çətin deyilmi?
- Azərbaycanda 40-45 faiz tamaşaçı
səhərlər ATV-ni izləyir. Onun 30 faizi stabil, daimi tamaşaçılarımızdır. Digər
15 faizi isə təsadüfi izləyicilərimizdir. Sırf bir qrup şəxsin baxdığı veriliş reytinq
vermir. Səhər saatlarında bu qədər reytinq dünya rekordudur. Dünən rəhbərliyimiz
mənə ana xəbər buraxılışını aparmağı təklif etdi. Ancaq mən bundan imtina
edirəm. Bizim rəhbərlik yenilik edərkən işçilərlə məsləhətləşir, onların
fikirlərinə böyük önəm verərək ortaq yol tapır.
-
Qəbul etməməyinizin səbəbi nədir?
- Müəyyən səbəblərdən bu
təklifdən imtina edirəm. Əslində apara da bilərəm. Buna gücüm çatır. Mən çox gözəl bilirəm ki,
Azərbaycanın dinamik əhalisinin rəyi nədir. Səhərin bu vaxtı izləyiciləri
ekrana cəlb etməyin ən gözəl vaxtıdır. Evdar qadınlar, təqaüdçülər, işsiz insanlardan
başqa Azərbaycan cəmiyyətini ayaqda tutan təbəqə həmin zaman çərçivəsində bu
verilişi izləyir. İctimaiyyətə nəyisə çatdırmaq, içindəkini insanlarla bölüşmək
tamam ayrı bir duyğudur.
-
Müəllif kimi fikirlərinizə görə tənqidlərə tuş gəlmisinizmi?
- Əgər bir insan mövqeyini ortaya
qoyursa, bu, istənilən halda kimisə qıcıqlandırır. Mövqe varsa, əks mövqe də mütləq
olmalıdır. Tənqidlər sağlamdırsa, bu mənə qəbuldur. Sağlam deyilsə də, bu
layihəni həyata keçirərkən bu və ya digər məsələləri də gözə almışam. Ən azından,
müzakirə olunursan. Sənin gördüyün iş ictimai rəyə təsir edirsə, deməli bu, düzgün
görülmüş işdir. Söhbət bundan gedir.
- Bəzən canlı efirdə iynəli sözlərdən də istifadə edirsiniz.
- "ATV Səhər” tərkibində tənqid
olan, həm dövlətin, həm də cəmiyyətin maraqlarını ən çox nəzərə alan verilişdir.
Qurumlar və şəxslər üzərində qurulmuş tənqidi belə, dövlət və cəmiyyət maraqlarından
kənarda tutmamağı bacarmağın özü asan deyil. Gərək insanın eqosu, daxili o qədər
təmiz olsun ki, şəxsi maraqlarını və şəxsi baxışlarını tənqid etdiyi məsələnin süzgəcindən
sağlam keçirə bilsin. Tənqidin səbəblərini aradan qaldırmaq və özlərinə haqq qazandırmaq
üçün səninlə kontakta girməyə çalışırlar. Amma mənim dilimdən tərif səslənəndə də,
buna normal yanaşırlar, bilirlər ki, bu, 100 faiz belədir. Bu, "ATV Səhər”in ən
böyük uğurudur. Azərbaycanda fikrin sərbəst ifadə edilməsi və azad şəkildə tənqid
etmək üçün hər bir şərait var. Bəzən müəyyən jurnalistlər hansısa qurumları təzyiqlərlə
üzləşmələrinə səbəb göstərirlər. Amma araşdırdıqda, görürsən ki, məsələnin kökündə
başqa şey var – qərəz, xaricdən dəstək alaraq nələrisə yeritməyə çalışmaq və s.
Bir də var, sən müstəqilsən, heç kimdən asılılığın yoxdur. Dövlətin və cəmiyyətin
maraqlarını ön planda tutursan, işin yaxşılığa doğru dəyişilməsi üçün nələrsə edirsən,
dağılması üçün yox. Ona görə də fəaliyyətini davam etdirməyin üçün sənə hər baxımdan
dəstək verirlər. Cəmiyyətdən də dəstək gəlir, dövlətdən də.
- Xəbər hazırlayarkən hansı meyarları əsas götürürsünüz?
- Bizim auditoriyamız böyükdür,
burada hər yaş qrupuna və müxtəlif intellekt səviyyələrinə malik tamaşaçılar var.
Səhər-səhər neqativ xəbərləri tamamilə yığışdırmışıq. Ən çox da qəza xəbərlərini.
Neqativ labüddürsə belə, insanları pessimizmə, ruh düşkünlüyünə sürükləyəcək şəkildə
deyil, burdan bir ibrət götürmək lazımdır şəklində təqdim edirik. Ümumiyyətlə, aqressiya
və ruh düşkünlüyü yaradacaq tərzdə olan materiallardan kənar dururuq. Çünki "ATV
Səhər” ən geniş diapazona malik bir verilişdir.
- "ATV Səhər”dən sonra özünüzü hansı layihədə görürsünüz?
- Mən yaşın hər işdə böyük önəm
kəsb etdiyini düşünən insanlardanam. 35 yaşım var, özümü orta yaş nümayəndəsi
hesab edirəm. Düşünürəm ki, müəyyən şeylərdən danışmağa tam haqqım var. Xarici görünüş
və tipaj olaraq nə qədər gənc görünsəm də, bu, reallıqdır. Yaş verilişlərdə müəyyən
mənada rol oynayır. Düşünürəm ki, "ATV Səhər” elə ən böyük layihədir. Əslində çox
çətin və mürəkkəb layihədir. Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək,
bu yükü üzərimdə hiss etmirəm. Bu verilişi hər gün iki aparıcı ancaq apara bilər.
Çünki həm də müəllif olmaq, bütün bu prosesləri koordinasiya etmək çox çətin məsələdir.
Xəbərləri təqdim edən aparıcılar gün ərzində onun hazırlıqları ilə məşğul olurlar.
Yazırlar, yazdıqlarını əzbərləyirlər. Ancaq mənim işim belə deyil. Ona görə də davamlı
olaraq öz üzərimdə işləyirəm.
-
İndi də öz üzərinizdə işləyirsiniz?
- Hər gün bir saat nəsə oxumasam,
o günümü itirilmiş hesab edirəm. Hər gün incəsənət, ədəbiyyat, ictimai-siyasi sferalarla
bağlı informasiyalar əldə edirəm. Bizim ən böyük problemimiz odur ki, insanlar bir
səviyyəyə çatldıqdan sonra rahatlaşırlar. Qonşu ölkələrdə kanalların
aparıcıları nə üçün bizdən üstündürlər? Çünki davamlı olaraq öz üzərlərində işləyirlər.
Onlar arasında böyük rəqabət mühiti var. Bu rəqabətə davam gətirmək üçün onlar məcburdurlar
ki, mütaliə etsinlər. Həmin aparıcıların taleyi onların hər gün yenilənməklərindən
asılıdır. Yenilənmək mütləqdir. Azərbaycan ictimai sektorunda bu problem var. Məncə,
ilk növbədə televiziya nümayəndələri, jurnalitstlər özlərini yeniləməlidirlər. Çünki
onlar cəmiyyətə yön verən insanlardır. Onların səviyyəsi nə qədər artarsa, əhalinin,
cəmiyyətin intellekt səviyyəsi də artacaq. Bu gün Azərbaycan dilinin işlək olmasının
bir nömrəli səbəbkarı jurnalistlər, televiziyalar, yazılı mediadır. Zamanında SSRİ
şineldindən çıxmış istedadlı jurnalistlər olmasaydı, bu keçid dövrü alınmazdı.
Xəyalə Rəis