• cümə, 19 Aprel, 05:39
  • Baku Bakı 18°C

Yenidən dirçəldilən ənənəvi sahə

13.02.18 10:00 716
Yenidən dirçəldilən ənənəvi sahə
2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq. Trend-in məlumatına görə, bu, Prezidentin sərəncamı ilə təsdiq edilmiş çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulub. Proqramda qeyd edilir ki, 2016-cı ildə 2,5 min hektarda çəltik əkilib və 5,6 min ton məhsul yığılıb.
2017-ci ildə isə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artaraq 5,1 min hektara çatdırılıb, ölkə üzrə 15,9 min ton məhsul toplanıb və orta məhsuldarlıq 31,1 s/ha olub: "Lakin ölkənin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Bu baxımdan Dövlət Proqramının çəltikçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin daha da gücləndirilməsinə və bu sahənin inkişafına mühüm təkan verəcəyi gözlənilir".
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ötən ilin sentyabr ayında Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri də çəltikçilikdir: "Aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, son iki ildə çəltik əkini 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb. Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 2 min tona yaxın çəltik istehsalı gözlənilir. Artıq çəltik yığımına başlanıb, bu günə olan məlumata görə, sahələrdən 1750 ton məhsul yığılıb və biçin davam edir. Bu il rayonumuzda çəltik əkini ilə məşğul olanların sayı 1345 nəfər olub. Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünün ixrac potensialı da böyükdür. Aparılan təhlillər göstərir ki, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini bir neçə dəfə artırmaq mümkündür".
Q.Ağayev əlavə edib ki, hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək: "Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq”.
Sözügedən müşavirədə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyib ki, gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututarın daxili imkanlar və "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq.
Bəs görəsən çəltikçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin əhəmiyyəti nədir? Proqramda qeyd edilən məsələlərin həlli üçün kifayət qədər potensial varmı?
İqtisadçı millət vəkili Aydın Hüseynov deyir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində böyük nailiyyətlər əldə olunub: "Regionlarda infrastruktur problemi, fasiləsiz enerji təminatı və s. kimi ciddi problemlər artıq öz həllini tapıb. Növbəti mərhələdə prioritet hədəf regionlarda aqrar sahənin inkişaf etdirilməsidir. Bu baxımdan hər bir regionun xüsusiyyəti nəzərə alınır. Vacib kənd təsərrüfatı məhsullarının becərilməsi ilə daxili bazar yerli məhsul hesabına təmin ediləcək. Bu çox mühüm məsələdir. Eyni zamanda, rəqabət qabiliyyətli məhsulların ixracı üçün geniş imkanlar var. Bu baxımdan cənub bölgəsində çəltik ənənəvi sahələrdən biri hesab olunur. Çəltik əkinçiliyi ilə bağlı ölkədə daxili tələbat var. Daxili tələbatın ödənilməsi üçün bu proqramın qəbul edilməsi çox vacibdir. Proqramda göstərilən nəticələr əldə olunarsa, yerli tələbatı ödəməklə yanaşı, xaricə də çəltik ixrac edə bilərik. Bu isə bizim kənd təsərrüfatının inkişafına və ümumilikdə ölkə iqtisadiyyatına təkan verəcək”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı bildirdi ki, çəltik kənd təsərrüfatının önəmli sahələrindəndir: "Çəltik dünya əhalisinin təqribən 40 faizinin qidasını təşkil edir. Uzun ömürlülər ölkəsi kimi tanınan Yaponiyada ən çox istifadə edilən qida məhsulundan biri də düyüdür. Bu baxımdan deyə bilərəm ki, qida təhlükəsizliyinin təmin edilməsində də çəltiyin rolu böyükdür. Bu, Azərbaycanda da ənənəvi sahələrdən biri hesab olunur. Bir zamanlar ölkədə onlarla keyfiyyətli məhsul sortu yetişdirilib. 60-cı illərin sonlarından etibarən bu sahəyə olan diqqət azaldı və nəticədə unudulan bir sahəyə çevrildi. Amma bu sahədə təcrübə və ənənə var. Çəltik Azərbaycanda əsasən cənub zonasında yetişdirilir. Əgər çəltikçilik sahəsi yenidən inkişaf etdirilərsə, yerli istehsal özümüzü tam təmin edə bilər və satışda olan aşağı keyfiyyətli xarici düyülər sıradan çıxar. Düşünürəm ki, Türkiyə, Orta Asiya, Çin, Vyetnam, Hindistan kimi ölkələrlə əməkdaşlıq edə bilərik. Bu əməkdaşlıq sayəsində həm təcrübə qazanar, həm də çəltik yetişdirilməsinin yeni metodları ilə tanış ola bilərik. Qəbul olunmuş dövlət proqramı yerlərdə düzgün icra edilərsə, biz çəltikçiliyi yenidən dirçəldə bilərik. Bunun üçün bölgələrdə xüsusilə torpaq, su məsələləri dərindən araşdırılmalı və təmin edilməlidir. Proqram imkan verəcək ki, yaxın müddət ərzində Azərbaycan regionun ən çox çəltik yetişdirilən ölkələrindən birinə çevrilsin. Bunun üçün təbii şərait və böyük potensial var. Amma yaxşı olardı ki, məsələyə kompleks şəkildə yanaşılsın”.
Şəbnəm
banner

Oxşar Xəbərlər