• çərşənbə axşamı, 19 mart, 14:56
  • Baku Bakı 8°C

Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər açıqlanıb

22.06.17 17:58 1417
Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər açıqlanıb
Yenidən baxılacaq 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər məlum olub.

"APA-Economics"in xəbərinə görə, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd olunub ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat,Vergilər Nazirliyiüzrə 135 mln. manat,Dövlət Gömrük Komitəsiüzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.

Qanun layihəsində 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat və ya 1,8% çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür.

Sənəddə bildirilir ki, qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur.

Vergi orqanlarının xətti ilə tədiyyə növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

əlavə dəyər vergisi üzrə proqnoz 2 mlrd. 583 mln. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 85 mln. manat və ya 3,4% çoxdur. Bu tədiyyə növü üzrə proqnozun artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından 2017-ci ildə əlavə istifadə ediləcək vəsaitlər hesabına dövlət büdcəsinə daxilolmalardır;

Sair daxilolmalar üzrə 140 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 50 mln. manat və ya 55,6% çoxdur.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən 2017-ci ilin yanvar ayının 1-dən vergi qanunvericiliyinin pozulmasına görə, inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Belə ki, nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi maliyyə sanksiyalarından daxilolmaların artımını zəruri edib. Bu məqsədlə, vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnozun 50 mln. manat artırılması nəzərdə tutulur.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat və ya 2,3% çoxdur.

Gömrük orqanlarının xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

əlavə dəyər vergisi üzrə 1 mlrd. 674 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 35 mln. manat və ya 2,1% çoxdur;

gömrük rüsumları üzrə 469 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 15 mln. manat və ya 3,3% çoxdur. Bu daxilolmaların artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payı üzrə 2017-ci ildə əlavə tələb olunan vəsaitlər hesabına idxal olunacaq mallar üzrə əlavə dəyər vergisinin və gömrük rüsumlarının ödənilməsidir.

Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması,Dövlət Gömrük Komitəsitərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub.
banner

Oxşar Xəbərlər