• şənbə, 20 Aprel, 00:34
  • Baku Bakı 15°C

Yenidən

24.10.16 11:03 1730
Yenidən
Yenə qızmar günəşə qalib gələn qəfil yağışın Bakını öz əsarəti altına aldığı bir gün... Amma bu dəfə nəsə fərqlilik sezirdim bu dəvətsiz qonaqda. Sanki anlatmaq istədiyi nəsə var idi şəhərin insanlarına. Qulaq verdim yağışa. Digərləri kimi qaçıb gizlənmədim binaların altında. Əksinə, üzümü daha da yüksəklərə qaldırdım, yağışı daha yaxşı duya bilim deyə. Çünki hər şeydən əvvəl, hava necə olursa olsun, səma aşiqi idim mən. Əllərimi bədənimə sarıb isitmədim özümü, izn verdim soyuq damlaların bədənimin hər zərrəsini üşütməsinə. Xeyli vaxt diqqətlə düzəltdiyim saçlarımın da qayğısına qalmadım, yağışın insafına buraxdım xəfif əsən küləkdən uçuşan hər bir saç telimi. Mənim əksimə, özünə sığınacaq tapmaq üçün qaçışan, daha çox üşüməmək üçün evlərinə tələsən insanlara inad, yağış israrla döyəcləyirdi Bakının küçələrini. Sanki yuyub aparmaq istədiyi nəsə varıydı - bəlkə də keçmişin tozunu. Təbiətin bütün şıltaqlıqlarının ən sakit, ən vəfalı izləyiciləri ağaclarınsa, ümumiyyətlə, qaçmaq, ya da yarpaqlarını gizlətmək kimi bir şansı yoxuydu. Niyə də gizlətsin ki? Axı yağış günəşin uzun müddətdir qurutduğu yarpaqlarına həyat verirdi.
Hər gün minlərlə həyatın şahidi olan sadiq yollar tənhalaşmağa üz tutmuşdu artıq. Uzaqlardan şiddətli yağışın amansızlığına tuş gəlmiş insanların qaçarkən ayaqlarının şappıltlısı gəlirdi. Sevimli damcılarına qovuşan gölməçələr getdikcə hüdudlarını genişləndirirdi. Bəziləri üçün yağış yalnızca hamını işindən-gücündən edən, səliqə ilə ütülənmiş paltarlarını isladıb bərbad hala salan, yeni ayyaqqabılarını palçığa bulayan səbəb, sevgilisi ilə ilk görüşə gedənlər üçünsə romantik xatirə idi. Amma, zənnimcə, yağış bundan daha artığını bəxş edirdi insanlara. Başlanğıcının harada olduğu bilinməyən sonsuzluqdan ələnən su damcıları yaşanmışlıqların son qırıqlıqlarını sağaltmağa qadir idi. Nə yalan deyim, o an bütünlüklə təslim olduğum yağışa qarşı duyduğum yeganə hiss qibtə idi. Çünki o, güclü idi. Ucsuz-bucaqsız qalaktikanı öz işığı ilə aydınladan günəşlə mübarizə aparacaq qədər cəsarətli idi. Ən əsası isə vaz keçmirdi. Bir neçə saat sonra günəş yer üzündəki hökmünə davam edib yağışa aid bütün izləri öz şüaları ilə yox edəcəkdi. Amma zamanı gəldiyində yağış yenə də yenidən, yenidən və yenidən öz mübarizəsinə davam edəcəkdi. Bütün bunlar tam da hər şeyə yenidən başlamaq istəyən birinin ehtiyacı olan şeylər idi. Ümid hər zaman var elə deyilmi? Lap kiçicik belə olsa. Yeni başlanğıclar, yeni macəralar, yeni xəyallar hər zaman mümkün idi. Həyat səni nə qədər yaralamış olsa belə, həmişə yenidən sağalmaq üçün ümid var idi. Əgər yağış hər şeyə rəğmən səni hüznündən xilas edib üzünə təbəssüm yerləşdirə bilirdisə, deməli, hələ də ümid var. Etməli olduğun tək şey nə zaman, hara və necə yağacağı bəlli olmayan sirli yağışların altında islanmaq və sonunda cəsarətini möhtəşəm göy qurşağı ilə taclandırmaqdı..
Sadəcə, bir az cəsarət..
Qısa müddətli də olsa günəş üzərində öz qələbəsini təntənəli şəkildə qeyd edən yağışın dünyanın bütün parfümlərindən qat-qat məftunedici olan qoxusu saçlarıma sinərkən, şəffaf damcıları ömür səhifəmə öz izini həkk edirdi: "Yenidən”..

Xədicə Tağızadə




banner

Oxşar Xəbərlər