• cümə, 26 Aprel, 19:01
  • Baku Bakı 22°C

Yeni yolun “köhnə dərdi” - Foto

17.01.18 12:30 867
Yeni yolun  “köhnə dərdi” - Foto
Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mərkəzində ölkə vətəndaşları, insan amili dayanır. Bu barədə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib. Məhz bu siyasətdən irəli gələrək, regional inkişaf proqramları, çoxsaylı sosial layihələr uğurla icra edilib və edilməkdədir. Bu çərçivədə şəhərlər, qəsəbələr, kəndlər, məhəllələrarası yollar da yenidən qurulur, genişləndirilir, ən müasir standartlar səviyyəsinə çatdırılır. Coğrafiyası hər il daha da genişlənən belə layihələr hər bir Azərbaycan insanının daha rahat yaşamasına xidmət edir. Ötən ildən təmirinə başlanılan Binəqədi şosesi, həmçinin buradan Abşeron rayonunun Mehdiabad, Fatmayı, Pirşağı, Digah və digər qəsəbələrinə qədər uzanan yolların təmiri də bu amala xidmət edir.Aylarla təmirə bağlanan həmin yollar 2017-ci il dekabrın 29-da dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Beləliklə də Abşeron rayonunda on minlərlə sakinin yaşadığı məntəqələri birləşdirən Binəqədi-Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda hərəkət rahatlaşıb. Lakin insanların bu sevinci uzun sürməyib. İstifadəyə veriləndən cəmi bir həftə sonra həmin yolun Binəqədi-Balaxanı-Mehdiabad kəsişməsindəki "Abşeron Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısından, üzü Mehdiabad qəsəbəsi istiqamətində qazıntı işlərinə başlanılıb. Beləliklə də, ötən il dekabrın 29-da təhvil verilən və ən müasir standartlara cavab verən avtomobil yolunda asfalt örtüyün 1 metr, hətta bəzi yerlərdə 2 metr eni qazılıb.
Sözügedən ərazidə yaşayan bir sakin kimi bu mənzərəyə seyrçi qala bilmədim və qazıntı işlərinin nə üçün aparılması ilə maraqlandım. İş icraçıları bildirdilər ki, qazıntı işləri yeni kanalizasiya xəttinin çəkilişi ilə əlaqədardır. Onlarla söhbət zamanı bu işlərin nə üçün yol təmirə aylarla bağlı olarkən aparılmadığını soruşdum. Təbii ki, heç biri sualımı cavablandırmadı. Belə qərara gəldim ki, məsələni aidiyyəti qurumların diqqətinə çatdırım. Maraqlıdır, nə üçün aidiyyəti dövlət qurumları bu yolda təmir-bərpa işləri apararkən, prosesi koordinasiyalı şəkildə qurmayıblar? Olmazdı ki, su, kanalizasiya və digər xətlər istismara veriləndən sonra asfalt örtük çəkiləydi?

Məsələ ilə bağlı "Kaspi”yə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, hazırda Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu yenidən qurulur. Həmin yolun yenidən qurulması layihəsi çərçivəsində yol boyu Digah, Mehdiabad, Binəqədi qəsəbələrinə, həmçinin sözügedən əraziyə də su və kanalizasiya xətləri çəkilir, yaxud yenidən qurulur. Agentlik rəsmisinin sözlərinə görə, öncədən bu işlərin aparılması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib ki, layihə çərçivəsində yolun yenidən qurulması işləri bitməmiş yeraltı kommunikasiya xətləri çəkilsin: "Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Mehdiabad qəsəbəsinin giriş yolu ilə kəsişməsində bu işlərin aparılması başqa istiqamətdə mümkün olmadığı üçün məcburiyyət qarşısında yeni təmir edilmiş yolun kənarı ilə aparılır. Məhz bu səbəbdən yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurum tərəfindən orda kiçik bir hissədə qazıntı işləri aparılır. Sonradan həmin ərazinin bərpası sözügedən qurumun öz hesabına əsaslı şəkildə bərpa olunacaq”.
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd edilən ərazidə kanalizasiya xəttinin çəkilişini 2018-ci ilin layihəsi kimi qələmə verdi. Bildirdi ki, həmin ünvanda kiçik bir ərazidə kanalizasiya xətti çəkilir və bu, açıq kanala birləşdiriləcək: "Fikir versəniz, görərsiniz ki, orada qazıntı işləri yolun yataq hissəsinə düşmür. Əsasən yolun kənarı ilə kiçik bir hissədə qazıntı işləri aparılır. Çünki, həmin nöqtədə birləşdirici hissə var və bu hissə də asfaltın qazıntı aparılan kiçik hissəsindədir. Qalan bütün işlər yolun kənar hissəsi ilə aparılacaq. Bu xəttin çəkilişi layihəsi elə tərtib olunub ki, heç bir yerdə yolu kəsib keçmir. Yolun qazılan kiçik bir hissəsi isə işlər yekunlaşdıqdan sonra bərpa olunacaq. Əgər bu layihə 2017-ci ilin layihəsi olsaydı, o zaman oradakı işlər asfalt örtük yenilənənə qədər yekunlaşdırılacaqdı. Çünki həmin ərazidəki digər layihələrimizdə bu, belə olub. Ancaq bu kanalizasiya xəttinin çəkilişi 2018-ci ilin layihəsidir və dövlət büdcəsindən ayrılan vəsait hesabına mərhələlərlə həyata keçirilir”.
Ekspert Azər Allahverənovun da hadisəyə münasibətini öyrəndik. O, bizimlə söhbətində bu kimi halların hələ də baş verməsinə təəssüf etdiyini bildirdi: "Yol infrastrukturuna cavabdeh olan qurum, yaxud orada iş görən digər bir qurum adətən bəyan edirlər ki, hər hansı işə başlamazdan əvvəl məlumat verilir, koordinasiya qurulur. Lakin qeyd etdiyiniz ünvanda baş verən növbəti hadisə reallığın fərqli olduğunu nümayiş etdirir. Əgər dövlət qurumları arasında əlaqələndirmə lazımi səviyyədə olsaydı, qeyd edilən mənzərə üzə çıxmazdı. Nə görə yeni çəkilən yol, əsaslı şəkildə yenidən qurulmasına dövlət büdcəsindən külli miqdarda vəsait xərclənən asfalt örtük bir həftə sonra yenidən qazılmalıdır? Lap bir metr ərazi olsa belə, yeni çəkilən asfalt örtüyün qazılması, təmirinə əlavə vəsaitin xərclənməsi yaxşı hal deyil”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər