• cümə axşamı, 25 aprel, 15:06
  • Baku Bakı 23°C

Yeni universitet, yeni planlar, yeni ümidlər...

25.12.14 11:25 1317
Yeni universitet, yeni planlar, yeni ümidlər...
Azərbaycanda Turizm və Menecment Universiteti yaradılır. Prezident İlham Əliyevin bir neçə gün əvvəl bununla bağlı imzaladığı sərəncamda deyilir ki, Nazirlər Kabineti Azərbaycan Turizm və Menecment Universitetinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılacaq.
Qeyd edək ki, səslənən şərhlərdə tez-tez Azərbaycan turizmində mövcud olan problemlərin əsasən idarəçiliklə, yəni menecmentin düzgün qurulmaması ilə bağlı olduğu bildirilirdi. Mütəxəssislər turizm menecmenti üzrə ixtisaslı kadr çatışmazlığının ciddi problemlər yaratdığını tez-tez vurğulayırdılar. Bu baxımdan qeyd edilən sərəncamın kifayət qədər böyük əhəmiyyəti var.
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, ölkə prezidenti bu sərəncamla Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrini ortaya qoydu: “Bu, ilk növbədə Azərbaycan təhsilində artıq mövcud olan strukturun yeni bir mərhələyə çıxması ilə bağlı bir sənəddir. Bu sənədin icrası da belə bir universitetin ortalıqda olmasına imkan verəcək. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu, spesifik bir universitetdir. Yəni, turizmin inkişafına daha əhəmiyyətli şəkildə xidmət edə biləcək bir universitetin olması nəzərdə tutulur. ATİ-nin kollektivinin çox işlər görmək imkanı, potensialı və arzusu vardı. Mövcud maddi-texniki baza o istəklərimizin həyata keçməsinə o qədər imkan vermirdi. İndi bu işlərin reallaşacağı təqdirdə Azərbaycan iqtisadiyyatına daha keyfiyyətli kadrlar hazırlamaqdan ötrü çox böyük imkanlar yaranır. Digər tərəfdən, artıq yalnız turizmlə də iş məhdudlaşmır. Yeni universitet Turizm və Menecment Universiteti adlanır. Bu, o deməkdir ki, turizm bu universitetin aparıcı qolu olmaqla yanaşı, artıq idarəetmənin başqa sahələrində də kadr hazırlığı ilə bağlı bu ali təhsil ocağının üzərinə vəzifələr qoyulur. Bütün bu məsələlərlə bağlı çoxlu müzakirələr olmuşdu”.
Yeni universitet Azərbaycan Turizm İnstitutunun fəaliyyət dairəsini də genişləndirir. C.Cəfərovun sözlərinə görə, Turizm Universiteti mövcud baza çərçivəsində olan həddə qədər gəlib çatıb: “Bundan sonrakı inkişafdan ötrü mütləq şəkildə əlavə nəfəsə ehtiyac duyulurdu. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində ölkə prezidenti bu kollektivə belə bir hədiyyə etdi və eyni zamanda da üzərimizə çox böyük bir məsuliyyət qoydu. Bu böyük bir etimaddır və bu etimadı doğrultmaq üçün artıq qüvvələr səfərbər olunur”.
Rektor qeyd edir ki, indiyədək qəbul planını artırmaq üçün ATİ-nin mövcud bazası imkan vermirdi. Sərəncamda institutun maddi-texniki bazasının genişləndirilməsi, müvafiq tədris şəhərciyinin yaradılması da nəzərdə tutulur: “Bu, neçə illərdir bizim ürəyimizdə yatıb qalan arzuların reallaşması üçün bir şans yaradır. Bu, müasir tədris şəhərciyinin yaradılması deməkdir. Bunun içərisində müasir təlim hoteli və restoranı, tədris otaqları, idman qurğuları, tələbə yataqxanaları, müəllimlər üçün lojmanlar və s. yaradılacaq. ATİ Bakı Turizm və İdman Kollecinin maddi bazası əsasında yaradılmışdı. Bir kollec bazasının əsasında bu 9 il ərzində mümkün olan nə varsa, o əldə olunub. Mümkün olduğu qədər inkişaf etməkdə olan turizm sahəsi üçün zəruri kadr ehtiyaclarını ödəməyə çalışmışıq”.
“Yeni universitetdə hansı yeni ixtisaslar olacaq?” sualına cavab verən C.Cəfərov bildirdi: “Biz Mədəniyyət və Turizm Nazirliyinin də razılığı ilə günün tələbatına cavab verməklə turizmə yaxın olan sahələr üzrə ayrı-ayrı ixtisaslarda kiçik də olsa qruplarda tələbə qəbulunu aparırdıq. İndi yeni baza yaradılacağı təqdirdə onların genişləndirilməsi nəzərdə tutulur. Amma burada əsas yük yenə də turizmin üzərinə düşəcək. Bu universitetdə hələ uzun müddət aparıcı ixtisas olaraq turizm olacaq. Ola bilsin ixtisasın bölünməsi ilə bağlı hökumət qarşısında reyestrə təkliflərimiz olsun. Turizm və hotelçiliyin artıq təsdiq olunmuş ayrı-ayrı proqramlar əsasında aparılması, fakültələrin ayrı fakültələrə bölünməsi kimi məsələlər gündəmdədir”.
Yeni universitetdə ATİ-nin məzunlarından kadr kimi istifadə ediləcək. Bu barədə məlumat verən ATİ rektorunun sözlərinə görə, artıq institutun 15-ə qədər əməkdaşı öz məzunlarıdır: “5 il bundan öncə bu sərəncamdan irəli gələn məsələləri həyata keçirmək üçün kadr potensialı olmaya bilərdi. Amma indi öz məzunlarımızın gücünə də əsaslanaraq, xaricdə təhsillə bağlı yeni dövlət proqramı hazırlanır, onun çərçivəsində kənardan müəllimləri cəlb etməklə, yerli turizm sənayesində çalışan və müəllimlik qabiliyyəti olan mütəxəssislərin cəlb olunması hesabına bu işi yeni səviyyəyə qaldırmaq imkanları yaranır”.
Turizmdə müşahidə olunan ən böyük problemlərdən biri – idarəçilikdəki boşluq yeni universitetin fəaliyyəti nəticəsində yaxın illərdə aradan qalxacaq. Rektorun sözlərinə görə, bu günə qədər ATİ-nin 995 məzunu sənayedə çalışır və öz işlərini aktiv şəkildə görürlər: “Onların bir çoxu turizm müəssisələrində aparıcı mövqe tutublar. Amma bu, yenə də kifayət deyil. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilə kimi ölkəmizin turizm sahəsində kadrlara olan tələbat tam ödənilməyəcək. Həmin müddətə kimi turizmin ayrı-ayrı sahələri üzrə kadra olan tələbatın (sahələrdən asılı olaraq) 5-də birinin, yaxud 10-da birinin ödəniləcəyi gözlənilir. Kadrlara olan ehtiyac müəyyənləşdirilərkən həm ATİ-də, həm də ölkənin bir sıra ali təhsil müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadrlar nəzərə alınıb. Burada bu sərəncamın verilməsi böyük bir uzaqgörənliyin, ölkənin gələcəyi üçün məsuliyyətin göstəricisidir. Onu da ölkə prezidenti həmişə olduğu kimi, nümayiş etdirdi.
Hotellərdə, iaşə müəssisələrində xidmət keyfiyyəti ilə bağlı insanlar problemlərlə üzləşirlər. Şübhəsiz ki, bu da ümumi idarəçiliyin, menecmentin bir göstəricisidir. Bu xidmət personalının hazırlığı da ayrıca bir problemdir. Bu işin çərçivəsində biz ATİ-nin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin işinin yenidən təkmilləşdirilməsi ilə bağlı addımlar atmağı düşünürük. Yaxın gələcəkdə peşə məktəbinin 5 yerdə regional filiallarının yaradılması nəzərdə tutulur.
Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti yekunda turizm əmək bazarında yeni keyfiyyətli kadrların ortaya çıxması imkanını yaradacaq. Bu isə öz növbəsində rəqabət mühitini, o da daha keyfiyyətli xidmətin təqdim olunması üçün şərait yaradacaq. Əmək bazarında olan bu bolluq turizmin ümumi inkişafına təsir edən faktorlardan olacaq.
Bu uzunmüddətli bir prosesdir. Böyük uzaqgörənliklə hazırlanmış bu sənədin ölkəmizin gələcəyi üçün faydalı olacağına inanıram”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər