AZE | RUS | ENG |


Yeni üçlü formatların yaranması regiondakı vəziyyətə adekvatdır

Yeni üçlü formatların yaranması regiondakı vəziyyətə adekvatdır
Millət vəkilləri hesab edirlər ki, Azərbaycan dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurmaqda hər zaman maraqlıdır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu” agentliyinə müsahibəsində bildirib ki, yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır. O, indiyə qədər Qafqazda yaradılmış üçlü mexanizmlərin uğurlu şəkildə davam etdirildiyini diqqətə çatdıraraq əlavə edib ki, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür. Xatırladaq ki, türkiyəli nazir tərəfindən anonsu verilən üçlü mexanizmlərdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran formatları yaradılıb, prezidentlər səviyyəsində görüşlər keçirilib. Bu hadisələrdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasından da söhbət açıb. Bəs, bu formatlar, yaradılan üçlü mexanizmlər region, o cümlədən Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMA) sədri Elşən Musayev deyib ki, regionda ən çox təsadüf olunan mexanizmlər özündə "üçlü” formatı ehtiva edir. Millət vəkili, türkiyəli nazirin açıqlamasından xeyli müddət əvvəl Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatına şahidlik edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, indi zaman dəyişib və artıq bundan sonra reallaşacaq formatlar tək siyasi-iqtisadi təmərküzləşməni deyil, həm də təhlükəsizlik məsələlərini əhatə edəcək: "Çünki region qarışıb və iqtisadi təlatümlərin ardınca bir də bölgəni terror təhlükəsi sarıb. Təbii, hazırda söhbət əsasən Türkiyədən gedir. Baxmayaraq ki, kritik vəziyyət Rusiya sərhədlərinə qədər adlayıb. Amma bütün hallarda Çavuşoğlunun timsalında verilən yeni birlik mesajı gələcəyə, perspektivə hesablanıb. Düşünürəm ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü tezliklə reallaşacaq. Yenə də söhbət üçtərəfli formatdan gedir. Böyük ehtimal, bütün detalları da hesablanıb və razılaşdırılıb. Təbii, həm də qeyd etmək yerinə düşər ki, bu format mövcud vəziyyət üçün həm də son dərəcə lazımlı formatdır. Yəni, regiondakı vəziyyətə adekvatdır. Düzdür, bu gün bir çoxları fikirləşə bilər ki, Azərbaycan stabil, sabit durumu ilə bölgənin lider dövlətidir, onun hansısa ittifaqa ehtiyacı yoxdur. Amma, elə deyil. Azərbaycan dövləti heç vaxt tək özünü düşünməyib, paralel olaraq həm də bölgənin, regionun, öz sərhəd qonşularının maraqlarının qorunmasına səy göstərib. Təbii, Ermənistan istisnası ilə. Və bu gün Türkiyədə baş verən hadisələr bizi də çox incidir, sarsıdır. Çünki, hədəfdə strateji müttəfiqimizdir. Belə məqamda qardaş ölkəyə edilə biləcək ən böyük jest isə bərabərlik formatını ortaya qoymaqdır. Azərbaycan da bunu edir. Heç şübhəsiz, prezidentlərin görüşündən sonra yeni formatla bağlı məram və məqsədlər, strategiya, perspektivlər tam aydın olacaq. Eyni zamanda, qənaətim bundan ibarətdir ki, üçtərəfli görüş ən uzağı yay aylarına qədər reallaşacaq”.
 
 

Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə qəzetimizə açıqlamasında bildirib ki, bu formatlar ölkələr arasında əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək, bir sıra məsələlərdə bir-birinə arxa-dayaq, kömək olmaq məqsədi daşıyır. Deputat "Tək əldən səs çıxmaz” atalar misalını xatırladıb. Qeyd edib ki, Azərbaycanın xarici siyasətində özünə "böyük qardaş” deyil, bərabərhüquqlu dost-qardaş dövlətlər axtarır, bu çərçivədə münasibətlər qurur və inkişaf etdirir: "Hansı dövlət Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmaqda, dost olmaqda maraqlıdırsa, əməkdaşlığa can atırsa, həmin ölkələrə qapımız açıqdır. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri ilə bu çərçivədə hərtərəfli münasibətlər qurur, əlaqələrini inkişaf etdirir. Yeni formatların yaranmasına gəlincə, bu faktın özü də sübut edir ki, Azərbaycan dünya üçün maraqlı dövlətdir. Bu formatlar qarşılıqlı maraqlara hesablanıb”.
 
 

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev türkiyəli nazirin açıqlamasında qeyd edilən yeni formatları, həmçinin indiyə qədər bir neçə üçlü mexanizmlərin yaradılmasını sevindirici hal kimi xarakterizə edib. Bu barədə "Kaspi”yə danışan millət vəkili deyib ki, xüsusən də türk dövlətlərinin hər hansı mexanizmdə bir yerdə olması digər formatlardan daha effektlidir: "Əgər Avropa İttifaqı yunan fəlsəfəsinə, yaxud xristian dəyərlərinə söykənən bir yerdirsə, burada hər hansı ortaq dəyərdən danışmaq qeyri-mümkündür. Amma türkdilli dövlətlərin İslam fəlsəfəsinə, ənənələrinə söykənən yeni birlik yaratmaları bu ölkələrin hər birinə fayda verə bilər. Digər tərəfdən, açığı, Türkiyə başda olmaqla bizi qısqanır, bir sıra təşkilat və birliklərə yaxın qoymur, yıpratmağa çalışırlar. Belə olan halda, türk dövlətləri ilə iqtisadi-ticari, mədəni, humanitar əlaqələri hərbi-siyasi münasibətlər müstəvisinə keçirməyin də zamanı gəlib. Bu kontekstdə yeni yaranacaq formatlara da müsbət yanaşıram. Əvvəlcə hər hansı dövlətlərlə üçlü mexanizmlərin yaradılması normal haldır. Lakin son məqamda türk cümhuriyyətlərinin vahid orqanda çıxış etməsi, bir araya gəlməsi qonşu dövlətlərin də bu birliklə hesablaşmasına, yaxşı münasibətlər saxlamasına gətirib çıxaracaq. Çünki digər dövlətlər də öz iqtisadi inkişafının, təhlükəsizliyinin həmin o nəhəng türk birliyi, o cümlədən buradakı ölkələr ilə münasibətlərdən asılı olduğunu dərk edəcək. Düşünürəm ki, təməli qoyulacaq Azərbaycan-Türkmənistan-Türkiyə, eləcə də Azərbaycan-Qazaxıstan-Türkiyə formatları inkişaf edəcək, gələcəkdə bu münasibətlər vahid birlik vasitəsilə koordinasiya olunacaq. Nəticədə bu ölkələr arasında mədəni və iqtisadi əlaqələr həm də siyasi-hərbi müstəviyə transfer olunacaqdır”.
 
 

Millət vəkili F.Quliyev Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarına da diqqət çəkib. Deyib ki, bu üçlü mexanizmlər də zərərli hesab edilə bilməz. Deputatın sözlərinə görə, dostluq istənilən düşmənçilikdən daha faydalıdır: "Azərbaycanın balanslı xarici siyasət kursu var. Dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən münasibətlər qurulur və inkişaf etdirilir. Azərbaycanın əsas devizi də "qonşularla sıfır problem” siyasətidir. Qonşulardakı heç bir problem bizdən, yəni Azərbaycan dövlətindən, xalqımızdan qaynaqlanmır. Bu gün qonşu Ermənistanla hər hansı münasibətlərimiz yoxdursa, buna görə onlar günahkardırlar. Azərbaycanın 20 faiz ərazisi məhz bu dövlət tərəfindən işğal olunub, Ermənistan siyasi rəhbərliyinin yürütdüyü soyqırımı və deportasiya siyasətinin nəticəsi olaraq 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, on minlərlə vətəndaşımız şəhid, yaxud sağlamlığını itirərək əlil olub. Belə olan halda işğalçı qonşu ilə hansısa normal münasibətlərdən danışmaq yersizdir. Digər qonşumuz İran isə bir sıra hallarda Azərbaycanın müstəqil xarici siyasət kursundan narahatlıq keçirir, hətta İran rəsmiləri buna görə ölkəmizin ünvanına müxtəlif bəyanatlar səsləndirirlər. Təbii ki, İranın bu narahatlığına da biz səbəbkar deyilik. Azərbaycan İranın ərazi bütövlüyünü dəstəkləyir, mehriban qonşuluq siyasətinə uyğun olaraq bu ölkənin maraqlarını da nəzərə alır. Ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə, o cümlədən qonşuları ilə də xoş münasibətlər saxlamaqda maraqlıdır. Bu mənada yeni yaradılan formatlar da əvvəlki formatlara, üçlü mexanizmlərə arzuolunmaz təsir göstərməyəcək. Əksinə, yeni formatlar, özündən əvvəlki üçlü mexanizmlərlə ilişkilərini daha da rahatlaşdıra, asanlaşdıra bilərlər. Çünki, formatların yaradılması zamanı özünü göstərən elementlər digər formatlarda da var. Bununla münasibətlər daha da inkişaf edəcək, qarşılıqlı əlaqələr gücləndiriləcəkdir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001