Yeni təlim emalatxanasının açılışı olub - Fotolar
Gəncədəki
peşə məktəbində yeni təlim emalatxanasının açılışı olub. Təlim emalatxanası
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi
tərəfindən həyata keçirilən "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya
Mərkəzinin Yaradılmasına Dəstək” layihəsi çərçivəsində qurulub. Layihə Avropa İttifaqının maliyyə
dəstəyilə reallaşdırılır.
Sənaye
emalatxanasının açılışından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Niyazi Bayramov Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev,
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident əlaqələndiricisi
Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycan Respublikasındakı
Nümayəndəliyinin müşavif-elçisi Simona Gattini qəbul edib. Görüşdə Gəncədə
həyata keçirilən layihə, onun məqsədi və prespektivlərindən söz açılıb.
Bildirilib ki, layihənin əsas məqsədi Gəncə və ətraf rayonlarda peşə təhsilinin
cəlbediciliyini artırmaq, tələbələrin peşə təhsilinə qəbulu və buradakı
iştirakını genişləndirmək, habelə peşə təhsili sistemini mövcud bazar tələbatı
və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdır.
Görüşdən
sonra şəhər rəhbəri və qonaqlar Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye
emalatxanasının açılışında iştirak ediblər.
Müasir
standartlara uyğun şəkildə qurulan emalatxana ötən il təsis olunan Gəncə Peşə
Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına
daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün
dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb
isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış
obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik
boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət,
maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və
yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə
kadr hazırlayır.
Gəncədəki
yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı
Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona
Gatti qeyd edib ki, "Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi
sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə
müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə bu layihə, vərdişləri əmək
bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcək. "Bizim bu gün Gəncə
Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana,
tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcək” – deyə Simona
Gatti vurğulayıb.
Gəncədə
yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzində 60 tələbə təhsil
alır. Tələbələr yeni açılan emalatxanada avadanlıq və texnika ilə necə işləmək
lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.