• cümə axşamı, 18 aprel, 16:56
  • Baku Bakı 22°C

Yeni teatr mövsümü başlayır: kim, harada, necə?

09.09.15 13:02 2466
Yeni teatr mövsümü başlayır: kim, harada, necə?
Hazırda teatr cameəmiz yeni teatr sezonunun açılışına hazırlaşır. Xatırlayırsınızsa, ötən mövsümü müxtəlif qalmaqallar, yeni premyeralar və xarici səfərlər ilə yola saldıq. Buna görə də növbəti mövsümdən gözləntilərimiz böyükdür. Ümid edirik ki, bu mövsüm daha məhsuldar və yaddaqalan olacaq. Bu baxımdan, teatrların yeni mövsümə necə hazırlaşdıqları, hansı tamaşa ilə mövsümə başlayacaqları da maraqlıdır. Bütün bunları öyrənmək üçün bir çox teatrlarımızla əlaqə saxladıq.
Akademik Milli Dram Teatrının daxilində bəzi problemlər yaşansa da teatr mövsümü sentyabrın 18-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, teatra yenicə bədii rəhbər və baş rejissor təyin olunmuş xalq artisti Azər Paşa Nemət və direktor İsrafil İsrafilovun iştirakı ilə sentyabrın 11-də mətbuat konfransı keçirləcək. Burada media nümayəndələri maraqlandıqları suallara cavab ala biləcək, mövsüm ərzində nəzərdə tutulan yenilikləri teatrın bədii rəhbərinin özündən eşidəcəklər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi sentyabr ayının 1-də növbəti məzuniyyəti başa vurub yeni - 88-ci teatr mövsümünün açılışına start verdi. Teatrı öz qapılarını sevimli tamaşaçılarının üzünə sentyabrın 19-da açacaq. Həmin gün saat 12.00-da H.K.Andersenin “Çirkin ördək balası”, saat 19.00-da U.Şekspirin “Romeo və Culyetta” tamaşaları göstəriləcək.
Sentyabr ayının 20-də saat 19.00-da yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış “Miras” tamaşası nümayiş etdiriləcək. Benefis - tamaşa teatrın qocaman aktyoru, Əməkdar Artist Rahib Əliyevin anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Teatrda 88-ci mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad” və hər il olduğu kimi uşaqların yeni il tətili üçün uşaq tamaşaları hazırlanacaq. Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Mükafatını qazanmış "O olmasın, bu olsun" tamaşasıyla baş tutacaq.
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızının, xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamalın, xalq artisti Fatma Mahmudovanın, Gültac Əlilinin, əməkdar artistlər Əkbər Əlizadənin, Novruz Qartalın, Nərgiz Kərimovanın, Ələkbər Əliyevin, Çingiz Əhmədovun, eləcə də gənc aktyorların iştirakıyla "Toya bir gün qalmış" (Ə. Səmədli), "Qızıl toy" (O. Kazimi, R. Heydər), "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva), "Ər və arvad" (Ü. Hacıbəyli), "www-ferzeli-kef.com" (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir" (Ə. Haqverdiyev) və başqa tamaşaları izləyə biləcəklər. Habelə rus dilli və balaca tamaşaçılar üçün "Fransız sayağı qarnir" (M. Kamoletti), "Skapenin kələkləri" (J.B. Molyer), "Düyməcik" (H.K. Anderson), "Yağış göbələyinin macərası" (R. Şəfəq, V. Zimin), "Dəcəl çəpişlər" (O. Zülfüqarov, R. Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq. Sentyabr ayının son günlərində SSRİ Xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" tamaşasının premyersı nəzərdə tutulur. Oktyabr ayında eyni zamanda teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu palnlaşdırılır. Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keriləcək. 25 dekabr tarixindən isə 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrından aldığımız məlumata görə teatrın truppası sentyabrın 17-də rus dramaturqu Lev Korsunskinin “Kələkbaz” komediyası ilə özünün 125-ci mövsümünə başlayacaq. Əsərdə bəşəriyyətin əbədi mövzularından olan atalar və uşaqların ailədaxili münasibətlərindən bəhs olunur. Tamaşada xeyirxah və isti münasibətlərin zəngin olduğu bir atmosfer hökm sürür. Səhnə əsərinin quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova ifa edirlər.
Qeyd edək ki, “Kələkbaz” komediyasını orijinaldan Azərbaycan dilinə yazıçı-jurnalist Ağaddin Babayev çevirib.
Teatrın direktoru Tofiq Heydərovun verdiyi məlumata görə, hazırda əməkdar artist Təvəkkül Əliyevin quruluşunda uşaqlar üçün iki səhnə əsərinin – “Göyçək Fatma” və Şarl Perronun “Qırmızı papaq” nağıl-tamaşalarının məşqləri gedir.
Oktyabr ayında isə teatrın baş rejissoru Tural Mustafayevin quruluşunda Kamal Abdullanın “Unutmağa kimsə yox” əsərinin məşqlərinə başlanılacaq.
Sumqayıt Teatrının direktoru İslam Həsənov bizimlə söhbətində bildirdi ki, mövsümü Hidayətin “Burdan min atlı keçdi” əsəri ilə başlayacaqlar. Tamaşanın quruluşçu rejissoru Firudin Məmmədovdur. Əsas obrazları əməkdar artist Namiq Şirməmmədov, xalq artisti Məzahir Süleymanov, əməkdar artistlər Vidadi Məmmədov, Rauf Ağakişiyev, İzaməddin Bağırov və Nazir Rüstəmov canlandırırlar.
Teatrın direktoru ötən mövsümün onlar üçün uğurlu keçdiyini də qeyd etdi: “Bildiyiniz kimi ötən mövsüm teatra Ukraynadan rejissor dəvət etmişdik. O, Qoqolun “Ölü canlar“ əsərinin əsasında “Çiçikovun sərgüjəştləri” tamaşasını hazırladı. Hazırda Mirzə Fətəli Axundzadənin “Hacı Qara” tamaşası hazırlanır. Bu mövsüm isə Bolqariyadan rejisor dəvət etmişik. O, U.Şekspirin “Otello”sunun əsasında muzikl hazırlayacaq. Bu da oktyabrdan sonra olacaq”.
Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 12-də açacaq.
Həmin gün teatrda yazıçı-dramaturq Əli Əmirlinin "İki yetimin taleyi" adlı əsəri əsasında xalq artisti, rejissor Vaqif Əsədovun hazırladığı tamaşa nümayiş etdiriləcək.
Qeyd edək ki, teatrda ilin sonunadək 2 yeni tamaşanın təhvil verilməsi planlaşdırılır.
YUĞ Dövlət Teatrı da mövsümü Sentyabrın 18-də “Sonuncu” tamaşası ilə açmağı düşünür. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğludur. Birpərdəli pyesdə əməkdar artist Fərhad İsrafilov, aktyor Hikmət Rəhimov və aktrisa Könül Cəfərzadə çıxış edirlər.
Pantomim Teatrı isə bu mövsümdə öz tamaşaçılarını sentyabrın 19-da “Pantomim Buketi” ilə salamlayacaq. Teatrın direktoru Elman Rəfiyevin sözlərinə görə ötən mövsüm U.Şeksprin “Hamlet” əsərini sözlü şəkildə hazırladıqları üçün bu mövsüm həmin əsərin pantomim versiyasını hazırlayacaqlar. Bundan əlavə pantomimsevərlər bu mövsüm də yaradıcı kollektivdən yeni maraqlı tamaşalar görə biləcəklər. Yeni mövsümdə teatrın yaradıcı heyəti tərbiyəvi əhəmiyyətli uşaq tamaşası hazırlamaq niyyətindədir.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünə start verir. Teatrın direktoru Rəşad Əhmədzadə “Kaspi” yə açıqlamasında mövsümə 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olması və Musiqi günü münasibətilə onun məşhur “O olmasın, bu olsun” tamaşası ilə (saat 14, 16, 18.00-da) start veriləcəyini dedi. Direktor ilin sonunadək təhvil veriləcək tamaşalar barədə də ətraflı məlumat verdi: “Bu ilin sonunadək iki tamaşanı təhvil verməyi düşünürük. Bunlar teatrın baş rejissoru Qurban Məsimovun quruluş verəcəyi “Qırmızıpapaq” və teatrın gənc rejissoru Anar Məmmədovun hazırlayacağı “Bədheybət və gözəl” tamaşalarıdır. Bundan başqa, İngiltərədən dəvət olunacaq rejissorun quruluşunda “Şair ayı” tamaşası da iş planındadır”.
Bakı Uşaq Teatrı isə sentyabrın 26-da “Tıq-tıq xanım” tamaşası ilə öz tamaşaçılarının görüşünə gələcək. Tamaşanın rejissoru İntiqam Soltan, rejissor köməkçisi Afaq Əhmədovadır. Tamaşada canlı musiqilərdən də istifadə olunub.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər