“Yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib”
Bir neçə gün
bundan öncə Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının
xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. Aİ Şurasına
sədrlik edən Estoniyanın Aİ Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri
Yaan Reynhold qəbul zamanı dövlət başçısının diqqətinə çatdırıb ki, təmsil
etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi önəm verir və Azərbaycan-Aİ əməkdaşlığı
çox müsbət şəkildə inkişaf edir. Y.Reynhold yeni sazişlə bağlı da əhəmiyyətli
irəliləyiş əldə edildiyini və Aİ-nin bu istiqamətdə səylərini bundan sonra da
əsirgəməyəcəyini vurğulayıb. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq
Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd edib ki, Aİ Şərq Tərəfdaşlığına, eyni
zamanda bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı
yüksək qiymətləndirir. Diplomat bir daha bəyan edib ki, Aİ-Azərbaycan əlaqələri
pozitiv və dinamik şəkildə inkişaf edir. Bununla yanaşı, o, bildirib ki, Aİ-Azərbaycan
əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm
əsaslara söykənir.
Prezident İlham
Əliyev də Aİ ilə əlaqələrin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı
təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Aİ-yə üzv olan 10-dan çox
ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını xatırladıb, bunu əlaqələrimizin
yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla Aİ arasında sazişə toxunan
dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini
bildirib. Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələrimiz uğurla
inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən
demokratik inkişaf, multikulturalizm, iqtisadi, həmçinin digər sahələri əhatə
edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyən Prezident
ilham Əliyev investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə
sahələrində də əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Dünən isə
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev "Trend”
İnformasiya Agentliyinə açıqlamasında qeyd edib ki, siyasi məsələlər, təhlükəsizlik
Azərbaycan və Aİ arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti
danışıqlar mərhələsində əsas müzakirə mövzusudur. Nazir müavini bildirib ki, Aİ
ilə danışıqlar üç blok üzrə aparılır. Bunlar siyasi məsələlər və təhlükəsizlik,
ticarət və investisiyalar, eləcə də sektoral blokdur. Onun sözlərinə görə, bu
gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər
hansı biri üzrə tam razılaşma hələ yoxdur. Nazir müavini bildirib ki, ümumiyyətlə,
mövqelərdə yaxınlaşma var. XİN rəsmisinin sözlərinə görə, 2-3 iclas artıq
keçirilib, eləcə də video-konfranslar, yazışmalar aparılıb. Nazir müavini
danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.
Həm rəsmi
qəbulda səsləndirilən fikirlərdən, həm də XİN səlahiyyətlisinin mətbuata
açıqlamasından göründüyü kimi Azərbaycan-Aİ arasında qarşılıqlı maraqlara
söykənən əməkdaşlıq var və bu əlaqələrin
daha da inkişaf etdirilməsi üçün hər iki tərəfin iştirakı ilə geniş müzakirələr
aparılmaqdadır.
Tərəflər arasında razılaşdırılma mərhələsində olan və gələcəkdə
imzalanması gözlənilən yeni saziş bu münasibətləri tamamilə yeni müstəviyə
daşıyacaq. Milli MəclisinGənclər
və idman komitəsinin sədri,Avronest Parlament Assambleyasındakı nümayəndə
heyətininrəhbəri Fuad Muradov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında
bildirib ki, yaxın vaxtlarda Brüsseldə Şərq Tərəfdaşlığı üzrə sammitin
keçirilməsi və bu sammitdə ölkə başçılarının iştirakı nəzərdə tutulub. Onun
sözlərinə görə, sammitin yekunu olaraq, adəti üzrə deklarasiyanın qəbul
olunması, eyni zamanda Aİ ilə üzv olmayan ölkələr arasında müxtəlif sahələri
əhatə edən müəyyən sənədlərin imzalanması gözlənilir. Millət vəkili deyib ki,
bu sammitdə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında yeni
sazişlərin imzalanması da gözlənilir: "Moldova, Ukrayna və Gürcüstan Şərq
Tərəfdaşlığının Qonşuluq siyasəti çərçivəsindən daha geniş anlamda sənəd qəbul
edəcəklər. Azərbaycan isə Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək
üçün yeni sənədin müzakirəsinə başlayıb. Bunu həm avropalı rəsmilər, həm də dövlət
başçısı İlham Əliyev öz çıxış və açıqlamalarında dəfələrlə vurğulayıblar.
Bildiyim qədərilə yeni sənəd üzərində müzakirələr indi də davam etdirilir. Bu
sənəd bir neçə istiqaməti, o cümlədən siyasi, iqtisadi məsələləri əhatə edir.
Bununla əlaqədar Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə
səfirlərindən ibarət nümayəndə heyəti noyabrın 7-də Bakıda olublar, Azərbaycan
Prezidenti ilə də görüşüblər. Bundan öncə də səfirlər daha geniş tərkibdə
ölkəmizdə olublar, dövlət başçısı ilə də görüşüb müzakirələr, fikir mübadiləsi
aparıblar. Avropa Komissiyası da maraqlıdır ki, Azərbaycan ilə Avropa İttifaqı
arasında yeni saziş imzalansın. Bizim üçün ikitərəfli əlaqələr çox vacibdir,
prioritetdir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında böyük iqtisadi
əməkdaşlıq var. Biz bu əlaqələri Avropa İttifaqı, o cümlədən bu təşkilata daxil
olan ölkələrlə davam etdirməkdə maraqlıyıq. Viza məsələsi ilə bağlı da prosesə
artıq start verilib, bununla əlaqəli müvafiq qanun qəbul olunub. Yəni,
Azərbaycan tərəfdən ilkin addımlar atılıb. Bu, hər bir Azərbaycan vətəndaşı
üçün yaxşıdır. Tərəflər arasında digər önəmli məqam siyasi məsələdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqından
daha aydın, sərt, ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən,
işğalçını öz adı ilə çağıran mövqe gözləyirik. Düzdür, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri ilə paralel olaraq, Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi barədə Avropa Parlamentinin, Avropa İttifaqının da
məlum sənədləri var. Ancaq biz daha sərt mövqe gözləyirik”.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin
üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəhesab edir ki, ölkəmizlə Aİ arasında imzalanacaq sənəd qarşı tərəfdən
ləngidilib. Onun qənaətinə görə, əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün Aİ
tərəfindən tanınması, Dağlıq Qarabağ münaqişənin yalnız bu çərçivədə həlli və s
əməkdaşlıq dairələrinin müəyyənləşdirilməsidir. Millət vəkili qəzetimizə
açıqlamasında əminliklə deyib ki, Azərbaycan ilə Aİ arasında imzalanacaq sənəd
tezliklə hazırlanacaq və qəbul ediləcək: "Qarşıdan gələn sammitdə olmasa da,
növbəti yaxın mərhələdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq
sazişinin imzalanacağına ümid edirəm. Avropa İttifaqı Azərbaycanla bir neçə
istiqamətdə əməkdaşlıq edir. Hər iki tərəf arasında enerji sahəsinə dair
tərəfdaşlıq sazişi imzalanıb. Bu gün Azərbaycan Avropanın enerji
diversifikasiyasında çox mühüm rol oynayır, Avropanın etibarlı tərəfdaşı kimi
tanınır. Bununla yanaşı, siyasi və humanitar sahədə də əməkdaşlıq əlaqələri
mövcuddur. Avropa İttifaqı Azərbaycanın xarici ticarətində əsas
tərəfdaşlarından biridir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən nəqliyyat
dəhlizi rolunu oynaması, bu istiqamətdə layihənin işə başlaması tərəflər
arasında ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək. Yəni, Avropa
İttifaqı ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq imkanları var. Biz bu
imkanlardan maksimum yararlanmalıyıq. Hesab edirəm ki, tərəflər arasında yeni
sazişin imzalanması ilə bu əlaqələr daha da gücləndirilə bilər”.
Rufik İSMAYILOV