• cümə axşamı, 25 aprel, 05:17
  • Baku Bakı 19°C

Yeni reklam qurğularının hansı üstünlükləri var?

09.01.19 19:32 793
Yeni reklam qurğularının hansı üstünlükləri var?
Şirkətlər öz məhsulunu və ya göstərdiyi xidmətləri müştərilərinə müxtəlif formalarda təqdim edirlər. Bunlar arasında öz tarixinə görə ən qədim və daha effektiv olanı isə reklamdır. Çünki reklam insanların düşüncəsinə ən çox təsir edən məlumatlandırma vasitəsidir. Texnologiyanın inkişaf etdiyi bir dövrdə reklam sahəsində də müxtəlif yeniliklər tətbiq edilir. Bu mənada qabaqcıl ölkələrin təcrübəsindən geniş istifadə olunur. Bu yaxınlarda isə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarını ölkəyə gətirib. Belə ki, agentlikdənbildirilib ki, reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında ölkəyə xaricdən idxal olunan innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılar artıq paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb. İstifadəyə yararsız reklam qurğuları isə yeniləri ilə əvəzlənib. Quraşdırılan 30 ədəd yeni nəsil reklam daşıyıcısı Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Bu reklam qurğuları sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır. Aparılan araşdırmaların nəticəsi olaraq, Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsi nəzərdə tutulur.
2019-cu il ərzində paytaxtda daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir. Daha sonra bu proses mərhələli şəkildə davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq. Ekspertlər hesab edirlər ki, ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.
Mövzu ilə bağlı Dövlət Reklam Agentliyinin (ADRA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəriilə əlaqə saxladıq. Qurum rəsmisi bəzi məqamlara toxundu: "Yeni reklam qurğuları Bakının iqlim şəraitinə daha çox uyğundur. Küləkli hava şəraitində təhlükəsizliyin təminatı baxımından bu qurğular daha əlverişlidir. Yeni qurğular şəhərin bəlli ərazilərində yerləşdirilib. Hələlik bu qurğuların sayı 30-dur. 2019-cu il ərzində bu qurğuların sayı daha da artacaq. Hal-hazırda bu sahədə müvafiq araşdırma aparılıb. Apardığımız araşdırmaların nəticəsinə əsasən təqribən min ədəd reklam daşıyıcısı yenilənməlidir. Çünki həmin qurğular tələb olunan standartlara cavab vermir. Ölkəmizə yeni gətirilən reklam qurğuları dünyanın bir sıra qabaqcıl ölkələrində istifadə olunur”.
H.Azəri bildirdi ki, şəhərdə yerləşən reklam daşıyıcıları konkret sahibkarlara məxsusdur: "Əslində Dövlət Reklam Agentliyinin konkret reklam daşıyıcısı yoxdur. Biz həmin reklam daşıyıcılarına vahid mənbədən nəzarət edirik. Bu mənada biz sahibkarlarla müəyyən müzakirələr aparmışıq. Onlara reklam daşıyıcılarını yeniləməyi tövsiyə etmişik. Hal-hazırda ölkəmizdə turizm sektoru inkişaf etməkdədir. Ölkəmizə böyük turist axını var. Bunu nəzərə alaraq paytaxtın və regionların estetik baxımdan daha da gözəlləşdirilməsi əsas məqamdır və böyük əhəmiyyət kəsb edir. Yeni reklam konstruksiyaları açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq. Bu həm də sözügedən sahədə rəqabətin daha da güclənməsinə gətirib çıxaracaq. Rəqabət olan yerdə isə inkişaf da olar. Yeni qurğular əvvəlkilərlə müqayisədə bir sıra innovativ xüsusiyyətlərinə görə fərqlənir. Amma qeyd etdiyim kimi ilkin mərhələdə Bakının iqlim şəraiti nəzərə alınıb. Bildiyiniz kimi, Bakı küləkli şəhərdir və köhnə reklam daşıyıcılarının aşmaq təhlükəsi çoxdur. Ona görə də yeni reklam konstruksiyaları sifariş verilərkən küləkli havaya dözümlü olması əsas şərt kimi nəzərə alınıb. Yeni qurğuların led ekranları da və şüşələri istənilən iqlim şəraitinə dözümlüdür”.
Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti Sayalı Səfərova bizimlə söhbətində bildirdi ki, belə bir yeniliyin tətbiq olunması müsbət hal kimi qiymətləndirilməlidir: "İstənilən halda, bu, sözügedən sahədə tətbiq edilən növbəti yeniliklərdən biridir. Hal-hazırda reklam bazarında vəziyyət qaneedici səviyyədə deyil. Reklam verənlərin sayında azalma müşahidə olunur. Ümid edirəm ki, yeni konstruksiyaların gəlməsi həm də onları bu sahəyə yenidən cəlb edəcək. Daha keyfiyyətli reklam bu mənada çox vacibdir. Yeni qurğuları gətirməkdə əsas məqsədlərdən biri də xarici görünüş və dizayn məsələsidir. Şəhərdə tikilən müasir binalara uyğun yeni reklam konstruksiyalarının olması daha məqsədəuyğundur. Amma bu qurğuların bazara necə təsir edəcəyi barədə hələlik nə isə demək üçün çox tezdir. Çünki hazırda reklam bazarındakı vəziyyət qeyd etdiyim kimi elə də ürəkaçan deyil. Qiymətlərdə müəyyən artımlar var. İndi küçə reklamlarına o qədər də maraq yoxdur. Daha çox saytlardakı reklamlara üstünlük verilir. Ümid edirəm ki, yeni qurğuların gətirilməsi ilə bu sahədəki vəziyyət müsbətə doğru dəyişəcək. İnsanların reklamlara olan marağı yenidən əvvəlki səviyyəyə qayıdacaq. Hazırda bu sahədə müəyyən işlər görülməkdədir. Əslində reklam məhsulun tanıtımı deməkdir. Əhalini maarifləndirməkdə reklamın rolu böyükdür. Yeni qurğuların quraşdırılması bu mənada insanların diqqətini daha da cəlb edə bilər. Amma əsas məsələ qiymətlərin münasib olmasıdır. Çünki əgər qiymətlər reklam verənlərə sərf etməsə, bu sahədə vəziyyət daha da pisləşə bilər”.


Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər