• çərşənbə, 24 Aprel, 08:42
  • Baku Bakı 13°C

“Yeni Qazax Şeiri Antologiyası” təqdim olundu

04.12.17 17:12 4522
“Yeni Qazax Şeiri Antologiyası” təqdim olundu
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyi və "Kaspi" qəzetinin təşkilatçılığı ilə "Yeni Qazax Şeiri Antologiyası”nın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə "Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, şairə Sona Vəliyeva açaraq qonaqları salamladı. Sona xanım "Yeni Qazax Şeiri Antologiyası”nın Bakıda işıq üzü görməsinin bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirdi. O, bu kitabın çağdaş qazax ədəbiyyatı nümayəndələrini, ələlxüsus, perspektiv vəd edən yeni nəsli tanımaq baxımından önəmli olduğunu vurğuladı, neçə-neçə dostluqların, işbirliklərinin əsasının qoyulacağını qeyd etdi.
Daha sonra söz Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya verildi. O, təqdimat mərasiminin təşkilinə görə təşəkkürünü bildirərək, nəşrin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışdı.
Qeyd edək ki, antologiyada Sona Vəliyevanın "Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Mükafatı laureatı Temirxan Mədətbəkin isə "Ön söz”ü yer alıb. 57 nəfər yeni nəsil qazax şairinin şeirləri toplanmış kitabın baş redaktoru Əkbər Qoşalıdır. Antologiyanın tərtibçiləri Tanagöz İlyas, Dauren Kasenov (Qazaxıstan), Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri millət vəkili Cavanşir Feyziyev, Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, rəyçiləri akademik Nizami Cəfərov, Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir.
Antologiyaya daxil edilən şeirlər qazaxıstanlı yeni nəsil yazarlardan Gülnaz Faizulla, Gülnaz Satbay, azərbaycanlı yazarlar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.
Təqdimat mərasimində Qazaxıstanın əməkdar mədəniyyət işçisi, tanınmış şairAlmas Ahmetbekoğlu, Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müaviniDauletkerey Kapoğlu,Ə.Yasəvi adınaTürk-Qazax Universitetinin əməkdaşı, şair-tərcüməçiGülnaz Faizulla, "Yeni Qazax Şeiri Antologiyası”nın tərtibçiləriTanagöz Tolkınqızı, Dauren Berikkajıoğluvə Qazaxıstanın müxtəlif ədəbi mükafatları ilə təltif olunmuş digər şair-publisistlər, habelə Saxa (Yakutiya) Yazıçılar Birliyi Gənc Şairlər Bölümünün başçısı, şair-tərcüməçiQavril Andros, yenə Saxa RespublikasındanRüstəm Kazhenkin, Qırğızıstandan gənc şairBekbolat Sarıbay, Özbəkistandan şair-tərcüməçisi Şoxista Artukova iştirak edirdilər.
Təqdimat mərasimində, analogiyanın ərsəyə gəlməsində müstəsna rolu olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu vəsədri Umud Rəhimoğlu, həmçinin Azərbaycan Mətbuat Şurasıİdarə Heyətinin üzvü Azər Həsrət və başqa ziyalılar çıxış edərək "Yeni Qazax Şeiri Antologiyası”nın türk xalqları arasındakı əlaqələrə və ədəbiyyata önəmli təsirini vurğuladılar. Umud Rəhimoğlu şeirlər toplusunda tanımalı olduğumuz müəlliflərlə yanaşı, Abay, Cambul və Oljas Süleymenov kimi ədiblərin adlarına da rast gələcəyimizi vurğuladı.
Təqdimat boyunca məhz bu kitab vasitəsilə Qazaxıstanın mövcud ədəbi mənzərəsini izləmək imkanımızın yarandığı, qardaş xalqların gələcəkdə bu kimi layihələri genişləndirməsinin məqsədəuyğunluğu vurğulandı.
Çıxışlardan sonra tədbirdə iştirak edən şairlər şeirlərini səsləndirdilər. Qazaxıstan Dövlət Elmi Kitabxanasının direktor müaviniDauletkerey Kapoğlu isə dombrada qazax xalq musiqisini ifa etdi.
Tədbirə yekun vuran S.Vəliyeva qardaş ölkələrdə böyüyən gənc nəslin bir-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin daha da yaxınlaşması məqsədlərini güdən bu nəşrin hazırlanmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.
Qeyd edək ki, kitabın 2017-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Qazaxıstanın Türkistan şəhərində də təqdimatının keçirilməsi nəzərdə tutulub.

Aysu Kərimova








banner

Oxşar Xəbərlər