• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

Yeni orfoqrafiya qaydalarının və lüğətinin yaradılmasına ehtiyac var

10.10.17 16:37 1760
Yeni orfoqrafiya qaydalarının və lüğətinin yaradılmasına ehtiyac var
Yeni orfoqrafiya qaydalarının və lüğətinin yaradılmasına ehtiyac var. AZƏRTACxəbər verir ki, bu fikir oktyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi və nüfuz qazanmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Ümummilli Liderin həyata keçirdiyi dil siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və onların kitabxanalara pulsuz paylanılması bunun parlaq göstəricisidir. Təqdirəlayiq haldır ki, ulu öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə reallaşıb. Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması barədə 2012-ci il 23 may tarixli Sərəncamı ana dilimizin saflığının və zənginliyinin qorunmasında mühüm dönüş olub. Vurğulanıb ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
İ.Həbibbəyli diqqətə çatdırıb ki, bu günədək altı dəfə orfoqrafiya lüğəti hazırlanıb. Ancaq müstəqillik dövrü orfoqrafiya qaydalarına yenidən baxmağı tələb edir.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Ana dilimiz - milli varlığımızdır” müsabiqəsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Konfransda mövzuya dair məruzələr dinlənilib.
banner

Oxşar Xəbərlər