AZE | RUS | ENG |

Yeni orfoqrafiya lüğəti birmənalı qarşılanmır

Yeni orfoqrafiya lüğəti birmənalı qarşılanmır
Nadir Abdullayev: “Lüğətdəki xeyli sözün yazılışının dəyişdirilməsi kütləvi savadsızlığa gətirib çıxara bilər”

“Orfoqrafiya lüğəti hər dəfə yenilənərkən lüğətdə olan sözlərin tez-tez dəyişilməsi xeyirli deyil və insanlar arasında çaşqınlıq yarada bilər”. Bu sözləri bizimlə söhbətində Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru Yusif Seyidov bildirdi. O, sözlərin tez-tez dəyişməsinin yazılarda problem yarada biləcəyini düşünür. Amma Y.Seyidovun fikrincə, bu çaşqınlıq tədricən aradan qalxacaq: “Dilçilər, ictimaiyyət nümayəndələri bir araya gəlib müzakirə aparmalı və problemin həlli yollarını tapmalıdırlar”
Azərbaycan dilinin yeni çap olunacaq orfoqrafiya lüğətində bəzi sözlərə edilən dəyişikliklər dilçi-alimlər tərəfindən birmənalı qarşılanmır.
Qeyd edək ki, yeni orfoqrafiya lüğəti çap olunmaq üçün "Qərb və Şərq" nəşriyyatına artıq təqdim edilib. Onun yaxın aylarda işıq üzü görəcəyi gözlənilir. Yeni lüğətdə rus dilindən alınma və sonu rus dilində olduğu kimi, "a" ilə bitən bır sıra sözlərdə "a" hərfi götürüləcək. Məsələn, "metafora" sözü metafor, "marfema" sözü marfem kimi yazılacaq. Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılacaq. “Fel” və “cism” sözlərinə də "şeir" sözündəki kimi "i" əlavə olunacaq. Bundan başqa, "toparlamaq", "transsərhəd", "aksesuar", "ağır-cəngi", "kimlik" (şəxsiyyət vəsiqəsi kimi), super-yaxta, super-market və s. sözlər lüğətə daxil ediləcək. Vitse, super, ober, anti, eks sözlərindən sonra isə defis işarəsi qoyulacaq. Ancaq dəyişikliklər bunlarla bitmir.
Dilçi-alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Nadir Abdullayev yeni orfoqrafiya lüğətlərinin hazırlanmasını dilçiliyin inkişafına kömək edən amillərdən sayır: “Çünki bu zaman dilə çoxlu yeni sözlər daxil olmaqla dilimiz zənginləşir. Hazırda Dilçilik İnstitutunun təşəbbüsü ilə sözlərin yazılışını düzgün tələffüzə uyğunlaşdırmaq üçün işlər görülür. Dilçilikdə belə bir prinsip var ki, əcnəbi sözlər dilin daxili imkanları hesabına uyğunlaşdırılıb yazılmalıdır. Amma bu o demək deyil ki, alınma sözlər mənbə dilindən çox fərqlənməlidir. Məsələn, yazılışla tələffüzü eyniləşdirsək, “konfet”i, “kanfet”, “Moskva”nı “Maskva” və s. kimi yazmaq düzgün olmaz. Düzdür, yazılışı ilə tələffüzü müxtəlif olan sözləri tədris etmək asan deyil, amma çətin də olsa öyrədirik”.
N.Abdullayev əvvəlki lüğətdə mövcud olan xeyli sözün yazılışının dəyişilməsinin, eyni zamanda bəzi sözlərin bir neçə dəfə dəyişilməsinin yaxşı nəticə verməyəcəyini, kütləvi savadsızlığa gətirib çıxara biləcəyini dedi: “2004-cü ildə çıxan lüğətdə sözlərin dəyişilməsindən sonra çox adam hələ indiyə kimi o sözlərin əksəriyyətinin yazılışını öyrənə bilməyib. Məsələn, şeir sözünü hələ də çoxları “şer” kimi yazır. Yaxud “kompyuter” sözü 2004-cü ilə qədər “kompüter”, 2004-cü ildə yeni lüğətdə kompyuter kimi göstərilirdi, indi isə yenidən “kompüter” olub. Belə olan halda təlimdən, təhsildən kənarda olan vətəndaşlarımız həmin sözlərin dəyişilməsindən xəbərsiz olurlar və onlar köhnə qaydada yazırlar. Yeni lüğətdə çox sözdə dəyişiklik edildiyindən bu, narahatçılıq doğuran məsələdir”.
N.Abdullayev heç də sözlərin yazılışının dəyişməsinin əleyhinə olmadığını dedi: “Amma düşünürəm ki, sözlər tədricən dəyişilməlidir. Bu zaman tədrisdən kənar insanlar da nəzərə alınmalıdır və onlar arasında maarifləndirmə işləri aparılmalıdır. Məsələn, balaca kitabçalar, broşürlar şəklində cəlbedici başlıqlarla nəşrlər hazırlayıb insanlar arasında pulsuz paylamaq olar”.
Xatırladaq ki, «Azərbaycan Respublikasının Dövlət Dili haqqında» Qanuna əsasən, orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunub. Aradan 8 il keçəndən sonra bu il yeni lüğət oxucuların ixtiyarına veriləcək. Beş ildən sonra çap olunacaq lüğətdə sözlərin sayının artırılaraq 100 minə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırkı lüğətimizdə 80 min söz var. Yeni çap olunacaq lüğətə 2 minə yaxın yeni söz əlavə ediləcək.
Müqayisə üçün onu da deyək ki, ingilis dilində 500 minə yaxın söz ehtiyatı var.
Lalə Musaqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991