• şənbə, 20 Aprel, 08:53
  • Baku Bakı 14°C

Yeni neft şokunun yaşanma ehtimalı varmı?

23.11.18 09:00 1169
Yeni neft şokunun yaşanma ehtimalı varmı?
ABŞ prezidentiDonald Trampneft qiymətlərinin ucuzlaşmasına sevinib.Bunu Tramp özünün "Twitter” səhifəsində yazıb: "Dünyada neftin qiymətləri ucuzlaşdı. Əla! Bu, ABŞ və bütün dünya üçün vergi güzəştləri kimidir. Kef edin! 54 dollar bu yaxınlarda 82 dollar idi”, - deyə o vurğulayıb.Qeyd edək ki, dünyada neftin qiymətləri 7 faiz ucuzlaşıb. "Brent” markalı neftin bir barelinin qiyməti 62 dollardan aşağı düşüb, WTI markalı neftin bir bareli isə 53,43 dollara satılır.Son günlər Trampın neftin qiyməti ilə bağlı verdi açıqlamaların bazara necə təsir etdiyini və 2014-cü ildəki vəziyyətin yenidən təkrarlanma ehtimalının olub-olmadığını öyrənməyə çalışdıq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd edir ki, bunun qarşısını almaq üçün tədbirlər görülməsə, 2014-cü ildəki vəziyyət yaşana bilər: "Hər ölkə və ya şirkət bazara istədiyi qədər neft çıxarsa, elə bir vəziyyət yaşana bilər. Çünki müşahidələrimə əsasən deyə bilərəm ki, səhər saat 9-da neftin qiyməti birjada 63,12, indi isə (günorta saatları – red.) 62,54 dollardır. Yəni neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Təbii ki, bunun da obyektiv səbəbləri var. Ona görə ki, neft alğı-satqısı ilə məşğul olanlar gələcəyə çox böyük risklərlə baxırlar. Bu gün nefti istənilən qiymətə satmağa razıdırlar. Çünki hesab edirlər ki, sabah və biri gün satacaqları qiymət daha ucuz olacaq. Yayılan informasiyalar ona dəlalət edir ki, artıq bazarda kifayət qədər neft bolluğu var. İlin sonuna və o cümlədən 2019-cu ilin birinci rübü üçün bazara təklif edilən neft tələbi üstələyəcək. OPEC-in son açıqlamasında qeyd edilir ki, 2019-cu ilin əvvəlində gündəlik bazara çıxarılacaq neft 290.000 barel daha çox olacaq, istehlak isə 210.000 barel azalacaq”.

Ekspert deyir ki, oktyabrın əvvəlindən bu günə qədər, yəni ay yarımda neftin qiymətində artıq 27 faiz ucuzlaşma qeydə alınıb: "Bu, kifayət qədər hiss olunacaq göstəricidir. Çünki 2018-ci ilin 9 ayında neftin qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz bahalaşmışdı. İndi təsəvvür edin ki, 9 aya 39 faiz bahalaşan neft, 45 günə 27 faiz ucuzlaşdı. Təbii ki, hər şey bazar iştirakçılarından asılıdır. Əgər onlar gedişata reaksiya verməsələr, hər situasiyaya hazır olmalıyıq. Hesab edirəm ki, dekabrın əvvəlində OPEC Vyanadakı cari ilin sonuncu konfransında bu nüansları nəzərə alacaq və hansı addımları atması ilə bağlı nəinki kartel daxilində, o cümlədən ona dəstək verən OPEC+ ölkələri ilə məsləhətləşib bəzi qərarlar qəbul edəcək. Bu da bazara öz müsbət təsirini göstərə bilər, hətta göstərməlidir. Artıq Səudiyyə Ərəbistan rəsmiləri elan ediblər ki, ilin sonunu gözləmədən 500.000 barel hasilatı azaltmaq haqqında qərar veriblər. Hətta real rəqəmlərə əsasən, 2019-cu ilin əvvəlinə bazarda 2 milyon barelədək izafi neft olması gözlənilir. Təbii ki, bu 2 milyon barel bazardakı qiyməti aşağı salacaq”.

İqtisadçı Vüqar Bayramov bildirir ki, neftin bazardakı qiymətinin aşağı düşməsi gözlənilən idi: "Neftin qiymətinin baha olduğu dövrdə mətbuata açıqlamalarımızda qiymətin yüksək olmasına baxmayaraq, bunun dayanıqlı olmadığını bildirirdik. Çünki qiymətlərdəki artım real bazaya malik deyildi. Məsələn, bazardakı qiymət 85 dollara qalxan zaman, əslində, real qiymət və ya bazar tarazlığı 60 dollar idi. Digər tərəfdən də ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar neft bazarına birbaşa təsir göstərdi. Amma gözlənilənin əksi olaraq ABŞ İrandan neft idxal edən 8 ölkəyə idxalını davam etdirməsi ilə bağlı bir növ yaşıl işıq yandırdı. Nəticədə, xüsusən də sanksiyalar fonunda bazar gözlədiyi təsiri almadı. Bu da təbii ki, dünya bazarında neftin qiymətinə birbaşa təsir edən faktora çevrildi”.

V.Bayramov dünya iqtisadiyyatında azalmaların olduğunu vurğuladı: "Çin birjalarında qiymətli kağızların ucuzlaşması ilə neftin qiymətində azalma müşahidə edildi. Eyni zamanda hazırda bazarda təklif çoxdur. Mövcud vəziyyəti təklifin tələbi üstələməsi kimi qiymətləndirmək olar. Səudiyyə Ərəbistanı gözləniləndən daha çox neft hasil etdi. ABŞ artıq neft hasilatına görə birincidir, həmçinin Rusiya və digər ölkələr də hasilatı artırıb. Bu da nəticə etibarilə qiymətə təsir etdi. Növbəti il, güman edilir ki, xüsusən də OPEC və ona üzv olmayan ölkələr hasilatı azaltmasalar, o zaman ucuzlaşma qaçılmazdır. Hətta 2014-cü ilin yenidən təkrarlanma ehtimalı var. Çünki qiymətlərdə azalmalar davam etdiyi üçün neftin qiymətinin 60 dollardan aşağı düşməsi mümkündür. Bir müddət öncə BP-nin rəhbərinin qeyd etdiyi kimi, bu gün neft istehsal edən ölkələr üçün uyğun qiymət 60-65 dollardır. Güman edirəm ki, OPEC təklifi tarazlaşdırmaqla məhz 60-65 dollar intervalındakı qiyməti qoruyub saxlamağa çalışacaq. Əgər hasilat artmaqda davam edərsə, bu, neft ölkələri üçün yeni neft şokunun yaşanmasına gətirib çıxara bilər. Bu baxımdan 2014-cü ilin təkrarlanması riski var. Amma bütün hallarda OPEC-in mövqeyi və qlobal iqtisadi artımla bağlı rəqəmlər çox önəmli rol oynayır. Hələlik neft bazarındakı qiymətlər neft ölkələrinin maraqlarına uyğun olaraq dəyişmir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər