• cümə axşamı, 28 mart, 17:52
  • Baku Bakı 16°C

Yeni nazirlik ideyası dəstəklənmədi

07.11.14 11:48 1519
Yeni nazirlik ideyası dəstəklənmədi
Azərbaycanda reallaşdırılan tikinti işlərində bir sıra neqativ hallara rast gəlinir. Bu günlərdə deputat Zahid Oruc da bu məsələyə toxunub. O, Milli Məclisin beş komitəsinin və hökumət üzvlərinin iştirakı ilə 2015-ci il dövlət büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı yeni nazirliyin yaradılması təklifi ilə çıxış edib. Qeyd edib ki, hər nazirlik özünün tikinti qurumunu yaradıb: “Bir məktəbin amortizasiya dövrü 50-60 ilə hesablanmalı olduğu halda, həmin məktəb 3-5 ildən sonra əsaslı təmirə dayanır. Elə son günlər yağan yağışlar da məktəblərin durumunu ortaya qoydu. Düşünürəm ki, Azərbaycanda tender üzrə xüsusi bir qurum, ya da Tikinti Nazirliyi yaradılmalıdır. Dövlət bunun şərtlərini müəyyən etməlidir. Tikintini özəl qurumlar apararsa, rəqabət də artar”.
Qeyd edək ki, Azərbaycanda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi fəaliyyət göstərir. Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan agentlik tərkibində 9 müxtəlif qurumu birləşdirir. Baş Dövlət Tikinti Müfəttişliyi respublika ərazisində I və II məsuliyyət səviyyəli bina və qurğularda aparılan tikinti-quraşdırma işlərinin müvafiq tikinti norma və qaydalarının, standartlarının tələblərinə və layihə sənədlərinə uyğunluğunu, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin və razılaşdırılmaların mövcudluğu və tikinti obyektlərinin istismara qəbulunda müvafiq qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanıdır. Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə sifarişçi funksiyalarını yerinə yetirən dövlət orqanı kimi fəaliyyət göstərir. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi layihəqabağı və tikinti layihə sənədlərinin layihələndirmə və smeta üzrə tikinti və şəhərsalma norma və qaydalarının tələblərinə, verilən texniki şərtlərə, müvafiq razılaşdırılmaların mövcudluğuna, mühəndis-geoloji nəticələrinin uyğunluğuna və ümumiyyətlə inşa olu¬¬nacaq bina və qurğuların dayanıqlığına, o cümlədən sey¬smik təsirlərə davamlılığı üz¬rə normativ tələblərə uyğunluğuna dövlət nəzarətini həyata keçirən qurumdur. Tikintidə Qiymətqoyma Mərkəzi dövlət büdcə vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində dövlət nəzarətini həyata keçirən təsərrüfat hesablı hüquqi şəxsdir. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən, təsərrüfat hesablı fəaliyyət göstərən qurumdur. İnstitutun tərkibində Mühəndis-Geoloji, Topoqrafiya-Geodeziya və Seysmoloji Təhlil Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı dövlət qurumudur.
“Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu emal müəssisələrinin, eləcə də iqtisadiyyatın digər sahələrində obyektlərin, onlarla bağlı qurğuların, avadanlıq və sistemlərin, infrastruktur obyektlərinin layihələndirilməsini, tikinti ilə əlaqədar mühəndis-axtarış işlərini həyata keçirir, təsərrüfat hesabı prinsipi əsasında fəaliyyət göstərir. “Azərdövləttikintilayihə” Dövlət Layihə, “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu bina və qurğuların, o cümlədən kommunal təsərrüfatlı obyektlərin layihələndirilməsini həyata keçirir, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodiki-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edir.
Göründüyü kimi, tikintiyə nəzarət üçün kifayət qədər qurum mövcuddur. Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hazırkı dövrdə yeni bir nazirliyin yaradılmasının effektivliyi iş prosesindən sonra məlum ola bilər: “Lakin tikintidə baş verən problemlərin aradan qaldırılması üçün yeni nazirliyə ehtiyac yoxdur. Ondansa, bəzi dövlət qurumlarında olan tikinti idarələrinin və tikintiyə nəzarət funksiyalarının bir yerdə cəmlənməsi, yəni “bir pəncərə” sisteminə keçilməsi daha məqbul olar”.
Müstəqil ekspert Ramil Osmanlı da ayrıca olaraq Tikinti Nazirliyinin yaradılmasına ehtiyac duymadığını deyir: “İstənilən məsələ nəzəri cəhətdən mümkündür. Amma bununla belə, düşünmürəm ki, ayrıca olaraq Tikinti Nazirliyinin yaradılmasına ehtiyac var. Əlavə bir strukturun yaradılması, onun təchizat məsələləri kifayət qədər əlavə vəsait aparan bir işdir. Zənnimcə, indiki halda bu məsələnin reallaşması o qədər də uğurlu addım olmazdı. Yeni strukturun saxlanma xərcləri var ki, bu da dövlət büdcəsində əlavə xərclərin yaranmasına gətirib çıxaracaq. Belə bir təkliflə çıxış edənlər ona daha mütərəqqi şəkildə yanaşsalar, daha yaxşı olar”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər