• çərşənbə, 24 Aprel, 19:20
  • Baku Bakı 23°C

“Yeni Müsavat” və “Azadlıq” partiyaların ruporuna çevrilib

23.01.14 09:17 1490
“Yeni Müsavat” və “Azadlıq” partiyaların ruporuna çevrilib
AXCP ilə Müsavat Partiyası arasında münasibətlər gərginləşdikdən sonra “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin qeyri-rəsmi olaraq təmsil etdikləri qurum adından mübarizəyə qalxması çoxları tərəfindən birmənalı qarşılanmır. Hesab olunur ki, “Azadlıq” qəzetinin birmənalı şəkildə AXCP-nin, “Yeni Müsavat” qəzetinin isə Müsavat Partiyasının maraqlarını müdafiə etməsi yolverilməz haldır. Həmçinin, onların yalnız öz mövqelərini dərc edərək qarşı tərəfə sözünü demək üçün şərait yaratmaması plüralizm prinsipləri ilə ziddiyyət təşkil edir. Hər zaman demokratiyadan dəm vuranların bu məqama dırnaqarası yanaşması onların özünün demokratik fəaliyyətinə şübhə ilə yanaşanların fikrini təsdiqləyir, bu orqanları “partiya ruporu” adlandıranların haqlı olduğunu üzə çıxarır.
Bu mövzu ilə bağlı fikirlərini qəzetimizə açıqlayan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli söylədi ki, hər iki qəzet partiya təsisçiliyindən imtina etmiş orqanlar olduğuna görə plüralizm prinsiplərinə riayət etməlidir: “Hər ikisində əvvəllər partiya təmsilçiliyi olub. Lakin sonradan demokratik mühitə uyğun fəaliyyət göstərəcəklərini elan edərək təsisçiliyi siyasi partiyaların nəzarətindən çıxardılar. Baş redaktor və redaksiya kollektivi təsisçiliyi üzərinə götürdü. Yəni, adı çəkilən qəzetlər özlərini müstəqil orqan adlandırırlar. Amma son vaxtlar baş verən hadisələr bunun əksini göstərir”.
JuHİ sədri bu məsələdə qəzetçiliklə uyğunluq təşkil etməyən iki məqamı qeyd etdi. Birinci məsələ mövzunun özüdür: “Mövzu siyasi məsələdir, müxalif siyasi düşərgədə baş vermiş neqativ amillərdir. Məsələyə bu qədər həssas yanaşılması və ifrat dərəcədə yer verilməsi göstərir ki, qəzetlər zahirən müstəqil olduqlarını elan etsələr də, görünən odur ki, yenə həmin siyasi partiyaların maraqlarını müdafiə edirlər. Məsələyə yanaşma tərzləri bu fikri səsləndirməyə əsas verir. Digər neqativ məqam budur ki, tərəflər bir-birinə qarşı etik davranmır, əxlaq kodeksi prinsiplərinə riayət etmirlər. Beləliklə, standartlar pozulur. Peşə etikasına və prinsiplərinə qarşı məsuliyyətli olmaq lazımdır”.
M.Ələsgərlinin qənaətincə, bu məsələdə «Yeni Müsavat» qəzeti daha etik davranır. Çünki yazılarda göstərilir ki, Rauf Arifoğlu bir neçə dəfə müraciət edərək “gəlin, bu mövzuları saxlayaq, birtərəfli moratorium qoyaq” kimi fikirlər bildirir: “O, qarşı tərəfin mövqeyini sistemli şəkildə olmasa da, yerləşdirməyə çalışır. Lakin digər tərəfdə bu halı müşahidə etmirik. Bütün bunlar ciddi problemlərdən xəbər verir. Əgər onlar elan etdikləri kimi müstəqil xətt yürüdürlərsə və hələ də bu iddiada qalırlarsa, fəaliyyətlərində dəyişiklik etməlidirlər. Bu, həm ölkə üçün, həm də informasiya ilə maraqlanan insanlar üçün əhəmiyyətli olar. Hər halda, siyasi mübarizəni bu qədər ifrat həddə çatdırıb küçə səviyyəsinə endirmək olmaz. Çünki çox vaxt bir-birlərinə qarşı vulqar, jarqon ifadələrdən istifadə edirlər. Bu məsələ qəzetçilikdə yolverilməz haldır”.
Müsahibimiz həm də baş verənlərin yetişməkdə olan gənc nəsildə yanlış təəssürat oyadacağından narahatdır: “Onlar siyasi mübarizənin bu cür aparılmalı olduğunu düşünə bilərlər. Yəni, adıçəkilən qəzetlər gənclərə yanlış siyasi mübarizə yolu aşılayırlar. Peşəkardırlarsa, tənqidə önəm verirlərsə, bir-birinin fikrinə hörmətlə yanaşmalıdırlar və qarşı tərəfin mövqeyini əks etdirməlidirlər. Təəssüf ki, biz hələ bu vəziyyəti müşahidə etmirik. «Yeni Müsavat» qəzetinin rəhbərliyi buna bir neçə dəfə cəhd göstərdi. Nə dərəcədə riayət etdiyini bilmirəm, amma hər halda, cəhdlər oldu. Ümumi şəkildə götürdükdə isə qəzetlərin peşə prinsiplərindən kənar hallara yol verdiklərini gizlətmək mümkün deyil”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də qəzetlərin partiyaların yedəyində getməsinin zərərli olduğunu vurğuladı: “Konkret olaraq, «Azadlıq» və «Yeni Müsavat» qəzetləri faktiki olaraq bir-birinə qarşı duran siyasi qüvvələrin tribunası rolunda çıxış edir, bir növ vəkillik funksiyasını yerinə yetirirlər. Bu isə belə eybəcər vəziyyətin yaranmasına səbəb olub. İstəməzdim ki, qəzetlərimiz siyasi partiyaların münasibətlərinin müəyyənləşdirilməsində bu qədər dərinə baş vursunlar. O partiyaların arasında bölə bilmədikləri nəyinsə olması normaldır, təbiidir. Lakin heç bir halda etik hədləri aşmaq olmaz. Onların üzvü olmadığımıza görə işlərinə qarışmırıq. Amma media təmsilçisi olaraq qəzetlərin bu münaqişəyə cəlb edilməsi və onların tərəf kimi çıxış etməsi acınacaqlı bir haldan xəbər verir”.
CASCFEN sədri də neqativ hallara daha çox «Azadlıq»da rast gəldiyini bildirdi. Söylədi ki, burada qarşı tərəfin mövqeyinə yer verilməməsini biabırçılıq kimi qiymətləndirmək olar: “Tənqid edilən tərəfə mövqeyini açıqlamaq üçün imkan yaradılmalıdır. Təəssüflər olsun ki, xüsusən «Azadlıq» qəzetində buna riayət olunmur. Bu məqam azad media prinsipləri ilə daban-dabana ziddir. Belə olan təqdirdə, düşünürəm ki, o qəzetin «Azərbaycanda media azadlığı yoxdur» deyə car çəkməsi yanlışdır. Bu adamlar əvvəlcə öz qəzetlərində azadlığı təmin etməlidirlər, sonra başqalarından bunu tələb edə bilərlər”.
Müsahibimiz bildirdi ki, o qəzetlər partiya maraqlarına xidmət edə bilərlər. Lakin bunun üçün üzərində hansı partiyanı təmsil etdiklərini dərc etməlidirlər: “Sırf partiya qəzeti olan “Yeni Azərbaycan” qəzetində fərqli fikirlərin səsləndirilməsinə şərait yaradılır. Yəni, fərqli kəsimlərdən olan, Yeni Azərbaycan Partiyasına heç bir dəxli olmayan insanların fikirləri orada əksini tapır. Amma «Azadlıq» qəzetində yalnız Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və ya partiyaya bu və ya digər şəkildə rəğbəti olan adamların fikirlərinə yer verilir. Məncə, bu müqayisədən hər şeyi başa düşmək olur. «Azadlıq» qəzeti AXCP-nin rəsmi orqanı deyil. Onlardan soruşduqda müstəqil qəzet olduqlarını deyirlər. Amma bütün fəaliyyətləri sırf partiya təbliğatları, partiyanın xəttini yürütmək üzərində qurulub”.
A.Həsrət «Yeni Müsavat» qəzetinin «Azadlıq»dan fərqli olduğunu vurğuladı: “Rauf Arifoğlu dəfələrlə bəyan edib ki, bu qəzet mənim şəxsi qəzetimdir. Bildiyiniz kimi, əvvəl qəzetin təsisçisi İsa Qəmbər idi. İ.Qəmbər bundan imtina etdikdən sonra qəzet sırf Rauf Arifoğlunun şəxsi təşəbbüsü ilə çıxmağa başladı. O isə hər zaman vurğulayır ki, “bu qəzet mənim biznes vahidimdir. Yəni, mən bu qəzeti partiya tribunası kimi dərc etdirmirəm. Sadəcə olaraq, «Azadlıq» qəzetində “Yeni Müsavat”a qarşı səslənən fikirlərə cavab verirəm” deyir. Bütün hallarda, deməliyəm ki, bu vəziyyət ürəkaçan deyil. Azərbaycan hakimiyyətindən media azadlığı, plüralizm tələb edən qəzetlər əvvəlcə özləri demokrat olmalıdırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər