Yeni medianın yaratdığı yeni situasiya - Fotolar
Milli Məclisin 2018-ci il
yaz sessiyasının ilk iclasında Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili
Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusuna yenidən nəzər
salınmasını təklif edib. O, təklifini əsaslandırmaq üçün qeyd edib ki, şura Azərbaycanda
medianın özünütənzimləmə orqanı kimi fəaliyyət göstərir. Qurumun əsas missiyası
media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Millət vəkili deyib
ki, il ərzində şuraya təxminən 400-450 şikayət daxil olur, bununla bağlı
qərarlar çıxarılır. Qərarlar ictimai qınağa əsaslanır. Orada heç bir hüquqi
məsuliyyət nəzərdə tutulmur. Şura sədrinin qənaətinə görə, bu, bir tərəfdən çox
yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır. Çünki
MŞ yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələrindən çoxsaylı
şikayətlərə baxılırdı. Bu, məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik, media
orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Amma MŞ
fəaliyyətə başladıqdan sonra bunun qarşısı alınıb.
Bununla yanaşı, hazırda KİV
müstəvisində özünü media kimi təqdim etməyə çalışan, ancaq heç bir qanunun,
peşə davranışı qaydasının tələblərinə məhəl qoymayan, bir sözlə, "reketçiliklə”
məşğul olan media vasitələri az deyil. Onlar internetin verdiyi imkanlardan
yararlanaraq saylarını, qazanc yollarını daha da "təkmilləşdirilər”, hətta kimlərdənsə
bu və ya digər formada dəstək də alırlar. Millət vəkili Ə.Amaşov vurğulayıb ki,
həmin media qurumlarının məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara –
ziyalılara, iş adamlarına, məmurlara böhtan atmaq, qorxutmaq, bunların
müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. O, bu halın geniş yayıldığını,
üstəlik, hüquq-mühafizə orqanlarının da baş verənlərdən xəbərsiz olmadığını
təəssüflə diqqətə çatdırıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təşkilati-hüquqi
forma baxımından ictimai təşkilat olduğunu xatırladaraq, bir çox hallarda
ictimai qınaq müstəvisindəki fəaliyyətin yetərsiz təsir bağışladığını söyləyib.
Məhz buna görə də, MŞ-nın hüquqi statusuna yenidən nəzər salınmasını təklif edib.
Ə.Amaşov hesab edir ki, şuranın
hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, MŞ həm
ictimaiyyətin, həm də medianın maraqlarını daha çox balanslaşdıra, uzlaşdıra
bilər. Onun qənaətincə, ictimaiyyət "reket” yönlü mediadan narazıdır və istəyir
ki, media məkanında sui-istifadə olmasın. Media özü də maraqlıdır ki, onun
adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri götürülsün,
media nüfüzuna xələl gətirən ünsürlərdən azad olsun. MŞ sədri ümumən media
azadlığı məsələsinin mütləq qaydada nəzərə alınmasının da vacibliyini
vurğulayıb. Onun sözlərinə görə, məsələyə elə həssas yanaşılmalıdır ki, həm azadlıq
məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr
yaranmasın. Ə.Amaşov deyib ki, bunun yolu MŞ-nın fəaliyyət formasında hüquqi
təkmilləşdirmə işinin aparılmasından keçir. O, fikrinin sonunda millət
vəkillərinə, ümumilikdə isə ictimaiyyətə sualla müraciət edib. Qeyd edib ki, əgər
şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa,
qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı
reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy
verə bilməsin?
Hüquqşünas
Sahib Məmmədov millət vəkilinin bu təklifini müsbət
dəyərləndirib. Qeyd edib ki, gec-tez dünya dövlətləri sözügedən məsələni
tənzimləyəcəklər: "Bu tənzimlənmə aparılan zaman söz və mətbuat azadlığına hər
hansısa formada xələl gəlməməlidir. Azərbaycanda Mətbuat Şurası ictimai birlik
statusu daşıyır. Bu isə onun təsiredici qərarlar qəbul etməsinə mane olur.
Hesab edirəm ki, əslində Mətbuat Şurasının fəaliyyəti jurnalistlərin peşə
təşkilatı kimi ayrıca bir qanunla tənzimlənməlidir. Jurnalist statusu almaq
üçün bu təşkilata üzv olmaq lazımdır. Necə ki, hüquqşünaslar vəkillərin peşə
təşkilatına üzv olmadan vəkillik fəaliyyətini həyata keçirə bilmirlər. Eləcə də
audit kimi fəaliyyət göstərmək istəyənlər Auditorlar Palatasının üzvü
olmalıdır. Həm vəkillər, həm də auditorlarla bağlı qanunvericilik də var.
Belədə əlbəttə bu təşkilata üzv olmadan da kimlərsə fəaliyyət göstərəcək. Misal
üçün, blogerlər, sosial şəbəkə istifadəçiləri və sair. Amma onlar jurnalistlər
kimi müdafiə altında olmayacaqlar. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının təşəbbüsü ilə millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi işçi qrup
"Peşə təşkilatları haqqında” qanun layihəsi hazırlayıb Mİlli Məclisə təqdim
edib. Onun daha da təkmilləşdirilməsinə, dəyişdirilməsinə ehtiyac var. Mətbuat
Şurası da bu qanuna uyğun olaraq yenidən qeydiyyatdan keçə, yeni status əldə
edə bilər”.
Hüquqşünas
Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycanda teleradio
sferasını tənzimləyən dövlət qurumu kimi Milli Teleradio Şurası fəaliyyət
göstərir. Bununla yanaşı, onlayn medianın bağlanması, onlara qarşı cəza,
sanksiya tətbiq edilməsi "İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” qanunla 2017-ci ilin mart ayından etibarən Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Ekspertin
qənaətincə, hazırda ölkədə qəzetlər istisna olmaqla, medianın digər sferaları
dövlət qurumlarının nəzarəti altındadır: "Mətbuatın özünütənzimləmə funksiyasın
dünyanın hər yerində var. Heç bir azad ölkədə medianın dövlət qurumu tərəfindən
tənzimlənməsinə yol verilmir. Çünki media faktiki olaraq dövlət fəaliyyəti ilə
məşğul olan hökumətə və digər dövlət qurumlarına həm də ictimai nəzarət
funksiyasını həyata keçirir. İctimai nəzarət funksiyası həyata keçirən bir qurumu
nəzarətə aldığı qurum idarə və ya "kontrol” edərsə, bunun müstəqilliyi nə
dərəcədə olar? Yəni, mediaya dövlət qurumları tərəfindən nəzarət olunarsa, onun
ictimai nəzarət funksiyası minimuma enər. Bu baxımdan, qanunla qurulacaq
istənilən qurum dövlət qurumu hesab olunacaq, belə status daşıyacaq. Beləliklə
də o qurumun dövlət strukturlarına və hökumətə nəzarət etməsi qeyri-mümkün
olacaq. Hüquqi baxımdan, guya onlara belə bir səlahiyyət veriləcək. Ancaq
reallıqda fərqli mənzərə yaranacaq. Ona görə də əgər söhbət Azərbaycanda
medianın özünütənzimləmə qurumunun effektliliyini daha da artırmaqdan gedirsə,
orada doğrudan da müstəqil olan şəxslərin təmsilçiliyini artırmaq gərəkdir”.
Jurnalistlərin
Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Mətbuat Şurasının
15 il öncə - 2003-cü ildə medianın özünütənzimləmə mexanizmi kimi yaradıldığını
diqqətə çatdırıb. Deyib ki, Azərbaycan mediasının 2003-cü illə 2018-ci ildəki
vəziyyətini, durumunu müqayisə etsək, ortaya çox böyük fərqlilik çıxır. Onun
sözlərinə görə, bu fərqlilik KİV-lərin kəmiyyətindən, maddi, iqtisadi durumundan, texnoloji
imkanlarından başlamış qanunvericilik bazasına qədər bütün aspektləri əhatə
edir: "İndi Azərbaycanda özəl və modern ofisləri olan, ən modern
texnologiyalara malik, 6-7 dildə xəbər hazırlamaq və yaymaq imkanı olan,
dünyanın aparıcı ölkələrində, xəbər mərkəzlərində nümayəndəlik açmaq, müxbir
postu yaratmaq gücünə malik 10-larla KİV qurumu fəaliyyət göstərir. Ümumilikdə
5 mindən çox KİV yarandığını və fəaliyyətə başladığını elan edib. 2003-cü ildən
sonra "KİV haqqında” qanuna onlarca əlavə və dəyişiklik edilib, həmçinin,
"İnformasiya əldə etmək haqqında” yeni, orijinal bir qanun qqvvəyə minib,
onlayn medianın fəaliyyətini tənzimləmək üçün "İnformasiya, informasiyalaşdırma
və informasiya təhlükəsizliyi haqqında” qanunun məzmunu yeni hala gətirilib.
Qeyd etdiyimiz zaman kəsiyində həm də ölkədə internet media formalaşıb, inkişaf
edib, media məkanında böyük paya malik olub. Detallara varanda aydın olur ki,
2018-ci ildə, 2003-cü illə bəlkə müqayisə edilməsi mümkün olmayan, yeni bir
media mənzərəsi yaranıb. Belə olan halda, məntiqi olaraq yeni tələb yaranır”.
JuHİ sədri bildirib ki, KİV
kəmiyyət, maddi-iqtisadi durum, texnoloji imkanlar, qanunvericilik bazası
baxımından yenilənibsə, onun özünütənzimləmə mexanizmi də yenilənməli, dövrün
tələbinə, şərtlərinə uyğunlaşmalıdır: "Mətbuat Şurasının səlahiyyətləri,
statusu, maddi-texniki imkanları yeni dövrün
KİV-lərinin durumuna adekvat
olmalıdır, balans yaranmalıdır. Əgər balans pozularsa, Mətbuat Şurası üzərinə
düşən missiyanı yerinə yetirə bilməz, səmərəsiz, gücsüz, imkansız bir quruma
çevrilər. Belə vəziyyət nəinki Mətbuat Şurasının özünə, həm də ümumilikdə KİV-ə,
Azərbaycan dövlətinə də əlverişli deyil. Mətbuat Şurası Azərbaycan KİV-lərinin,
media məkanının imkanlarına adekvat duruma gəlmək üçün səlahiyyət, status,
texniki imkanlar baxımından yenilənməlidir. Bu yenilənmə zaman-zaman baş verib.
Şuranın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurultayların keçirilmə vaxtı
2 ildən 4 ilə dəyişdirilib, İdarə Heyəti üzvlərinin sayı 15-dən 17-dək
artırılıb, 2013-cü ildə Mətbuat Şurasına, həm də onlayn medianın
özünütənzimləmə mexanizmi olmaq statusu verilib, şura nəzdindəki komissiyaların
sayı artırılıb. Bununla yanaşı, Azərbaycan media ictimaiyyəti hər dəfə
jurnalistlərin qurultayları keçiriləndə, şuranın üzərinə yeni, böyük vəzifələr
qoyub. Bəzən bu vəzifələrin icrası şuranın imkanları çərçivəsini aşır, onların
icrası yalnız MŞ sədrinin və MŞ İdarə Heyəti üzvlərinin fədakarlığı ilə mümkün
olur. Amma media ictimaiyyətinin bütün gözləntiləri şuraya yönəlib. Bu vəzifələrin
icrası, missiyanın uğurla yerinə yetirilməsi üçün Mətbuat Şurasının statusuna
yenidən baxılmalıdır”.
M.Ələsgərli qeyd edib ki, MŞ
medianın özünütənzimləmə mexanizmi kimi yarananda, yəni 2003-cü ildə bu model
ilk dəfə tətbiq edilib. Ekspertin sözlərinə görə, Azərbaycan media tarixində bunun
örnəyi, nümunəsi olmayıb: "Yalnız bir neçə xarici nümunə öyrənilmişdi. Bu gün
artıq medianın özünütənzimləmə mexanizminin 15 yaşı var. Bunun üstünlükləri və
işləmə mexanizmləri barədə bir təcrübə formalaşıb. Boşluqların doldurulması
üçün əldə nümunə var. Onu da qeyd etmək zəruridir ki, dünyada nəinki
özünütənzimləmə modelləri çoxdur, həm də, bu modellərdən biri olan Mətbuat şuralarının özlərinin 10-a yaxın
modeli mövcuddur. Ötən 15 il ərzində bunların hər birinin təcrübəsi öyrənilib,
örnək ola biləcək müsbət tərəflərinin ölkəmizdə tətbiq edilməsi üçün təkliflər
hazırlanıb. Ümid edirik ki, ölkənin media ictimaiyyəti və Milli Məclis üzvləri
bu təşəbbüsləri müsbət qiymətləndirəcəklər”.
Ekspertlərin rəylərindən də
göründüyü kimi, onlar arasında MŞ-nın hüquqi statusuna yenidən nəzər salınması,
əlavə səlahiyyətlər verilməsi ilə bağlı fikir ayrılığı var. MŞ sədrinin
parlamentdə irəli sürdüyü təşəbbüsü dəstəkləyənlərdən fərqli olaraq, digər
tərəf bunu söz, media azadlığına mənfi təsir edəcək amil kimi qiymətləndirir.
Amma mediaya dövlətin yaratdığı sərbəstlikdən sui-istifadə edənlərin olması da
bir faktdır və mediaya verilən azadlıq heç bir halda başqa vətəndaşların
hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır.
Rufik
İSMAYILOV
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun 2018-ci il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi
jurnalist yazıları müsabiqəsinə təqdim olunur