Yeni konfiqurasiyalı siyasətin nəticəsi
Partiya liderləri hesab
edirlər ki, qərargahla təmin edilmələri, cəmiyyətdə siyasi mədəniyyəti yüksəldəcək
Bu günlərdə ölkədəki bir sıra siyasi partiyalara yeni qərargahlar
verilib. Məlumata görə, ölkə başçısının tapşırığına əsasən, normal fəaliyyətin
təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 siyasi partiya
qeyri-yaşayış sahəsi ilə təmin edilib. Yaxın vaxtlarda digər siyasi partiyalara
da ofis sahələrinin verilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev təmsil
etdiyi partiyanın qərargahla təmin olunmasını yüksək dəyərləndirdiyini dedi:
"Buna görə də Prezident
Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə
əlaqələr şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm. Həm də Əmlak
Məsələləri üzrə Dövlət Xidmətinə minnətdarlığımı bildirirəm ki, onlar bu
məsələni birlikdə həll etdilər. Təbii ki, bu məsələlər Prezident İlham Əliyevin
apardığı yeni konfiqurasiyalı siyasətin nəticəsində mümkün olur. Ona görə də
cəmiyyətdə formalaşan bu cür münasibət, düşünürəm ki, Azərbaycanda siyasətin
daha da mədəniləşməsinə gətirib çıxaracaq. Eləcə də, dövlətlə vətəndaş,
hökumətlə siyasi partiyalar arasında olan bir çox narazılıqları da aradan qaldırmaq
iqtidarına malik olacaq. Bu səbəbdən də siyasi partiyaların ofislə təmin
olunmasını yüksək dəyərləndirirəm”.
R.Nurullayev vurğuladı ki, bu cür addımların atılması bundan sonrakı
dövrdə daha dərin dialoqların aparılmasına imkan yaradacaq: "Hazırda bu dialoq
davam edir. Qeyd edim ki, Prezident Administrasiyasındakı müvafiq şöbə ilə
siyasi partiyalar arasında görüşlər keçirilir. Elə özümün beş-altı dəfə görüşüm
olub və müzakirələr aparmışıq, təkliflər vermişik, eləcə də dinləmişik. Bütün
bunlar artıq ölkəmizdə yeni bir siyasi eranın başlanğıcının əsasını qoyur. Biz bu
münasibəti xarici ölkələrdə görürdük, müxalifət və ya iqtidar olmasından,
hansısa siyasi və ideoloji baxışlarından asılı olmayaraq, bütün siyasi
partiyalar müzakirələr aparır, milli birlik nümayiş etdirirlər. Bütün bunlar
hamısı da çox gözəl nəticəyə gətirib çıxarır. Təbii ki, dövlət başçısının
yaratdığı müvafiq şöbənin nəticəsində də milli birliyə nail olduq. Elə Vətən
müharibəsində milli birlik nümayiş etdirməyimiz qələbənin qazanılmasında mühüm
rollardan birini oynadı. Bu da bizi sevindirir və düşünürük ki, daha böyük
işlər hələ öndədir. Ölkəmizdə tam olaraq siyasi mədəniyyət formalaşmaqda davam
edəcək”.
Ana Vətən Partiyasının
sədri, millət vəkili Fəzail Ağamalı qeyd etdi ki, bu addım son
vaxtlar ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi, Azərbaycanda
fəaliyyət göstərən siyasi partiyalara diqqətin ifadəsidir: "Təbii ki, siyasi
partiyaların cəmiyyətimizdə fəaliyyətini qurmaq üçün ona əlverişli iş şərait
yaradılmalıdır. Bu baxımdan partiyalara ofisin verilməsi çox yaxşı haldır, bunu
müsbət qiymətləndirirəm. Ölkə prezidentinin son illər həyata keçirdiyi
islahatlarda cəmiyyətimizdə yeni siyasi konfiqurasiyanın yaradılmasına xüsusi
diqqət və əhəmiyyət verilir. Bununla bağlı Prezident Administrasiyasında xüsusi
şöbə də yaradılıb. Oraya hər birimizin tanıdığı, hörmət etdiyi Ədalət Vəliyev
rəhbərlik edir. O, həqiqətən, bu işləri yüksək səviyyədə qura bilir.
Partiyalarla iqtidar arasındakı körpü rolunu icra edir. Ölkə prezidentinin bu
baxımdan qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirilir”.
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Prezident
Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsi son bir il ərzində çox enerjili çalışdı: "Bu zaman ərzində
partiyalarla görüşlər, dialoqlar oldu, alınan təkliflər diqqətlə müzakirə
olundu. Mən bir neçə dəfə təkliflər vermişdim, daha sonra detallar istənildi.
Bu o deməkdir ki, məsələyə biganə qalmırdılar. Bunun çox böyük əhəmiyyəti Vətən
Müharibəsi dövründə oldu. Belə ki, bütövlükdə 50 partiya az qala məşvərət
şurası kimi davrandı. Bir çox məsələlərlə bağlı beynəlxalq təşkilatlara,
ölkələrə müraciətlər olundu. Bu, onu göstərdi ki, artıq o kult götürülüb ki, ölkədə
normal uzlaşma olsun və münasibətlər masa arxasında aydınlaşdırılsın. Bu sivil
yanaşma, həm də siyasi islahat idi. Parlamentdə də müxalifət partiyalarının
iştirakını xüsusi qiymətləndirmək lazımdır. Çünki komitə sədrlərinin müavini və
vitse-spiker səviyyəsində təyinatlar oldu. İndi partiyalara qərargahların
verilməsi də bu xəttin davamıdır. Hesab edirəm ki, normal fəaliyyət göstərmək,
fikir müxtəlifliyinin ortaq məcmuəyə gətirilməsi və bütün fəal elektoratın
iştirakçılığını təmin eləmək baxımından bu, çox faydalıdır”.
AĞ Partiya sədri Tural
Abbaslı siyasi partiyaların ofislə təmin olunmasını müsbət addım kimi
qiymətləndirdi: "Təbii ki, bu müsbət addımı alqışlayırıq. Siyasi islahatların
başlamasına elan verildikdən sonra Prezident Administrasiyasında yeni şöbə
yaradıldı və o şöbə partiyalarla işləməyə başladı. İlk dəfə olaraq mətbuatda
dialoq mühiti kimi ifadələr işlədildi və bu, artıq real nəticələr verir. Partiyalar arasındakı
düşmənçilik rəqabətə çevrilib. Vətən Müharibəsi dönəmində partiyaların birgə
bəyanatları, dövlət maraqlarından çıxış etmələri kimi nüanslar tutulan yolun
doğru olduğunun göstəricisi idi. Eyni zamanda ilk görüşlərdə çoxpartiyalı
sistemin inkişafına mane olan məsələlər müzakirə olunmuşdu. O sırada əsas öndə
gələn problemlər partiyaların fəaliyyət göstərməsi üçün imkanların olmaması,
kirayə məsələsi idi. Bu istiqamətdə işlər gedirdi və təbii ki, bizə də
məlumatlar verilirdi. Nəhayət, bu həftədən müvafiq dövlət qurumu ilə partiyalar
arasında müqavilələr imzalandı və artıq
bir çox partiyalar ofislə təmin olundu”.
BƏXTİYAR