AZE | RUS | ENG |

“Yeni kadrların hər biri öz sahəsinin peşəkarıdır”

“Yeni kadrların hər biri öz sahəsinin peşəkarıdır”
Hikmət Babaoğlu: “Beynəlxalq münasibətlərin yeni keyfiyyəti daha çevik siyasət və islahatlar tələb edir”

Aprelin 21-də Milli Məclisdə baş nazir postuna namizədlik məsələsinə baxılıb. Bu vəzifəyə dövlət başçısı İlham Əliyev tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb. Deputatlar onun namizədliyini yekdilliklə dəstəkləyiblər. Elə həmin gün dövlət başçısı N.Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb. Bununla yanaşı, Nazirlər Kabinetinin yeni tərkibi haqqında da sərəncam imzalanıb. Həmin sərəncamla hökumətin yeni tərkibində baş nazirin müavinləri postuna, eləcə də bəzi nazirliklərə yeni təyinatlar olub. Dövlət başçısının dünən imzaladığı daha bir sərəncamla Nazirlər Kabinetinin yeni tərkibinə əlavələr edilib, bəzi dövlət qurumlarına yeni təyinatlar olub. N.Məmmədovun baş nazir təyin edilməsi, nazirlik və komitələrdə rəhbər vəzifələrə gənclərin gətirilməsi, gələcəyə verilən mesajlar və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Hikmət Babaoğlu cavablandırır.

- Hikmət müəllim, Milli Məclisin iclasında Azərbaycanın yeni baş naziri təsdiqləndi. Ardınca Prezident İlham Əliyev yeni hökumətin təsdiq edilməsi və ona əlavələr olunması haqqında sərəncamlar imzaladı. Bu hadisələri necə dəyərləndirirsiniz?
- Nazirlər Kabinetinin yeni tərkibinin müəyyən edilməsi 2015-ci ildən həyata keçirilən institusional idarəetmədə islahatların davamı kimi dəyərləndirilməlidir. Xatırladım ki, hələ prezident seçkilərindən əvvəl Azərbaycan dövlət başçısı 2017-ci ili dərin islahatlar ili kimi xarakterizə etmişdi. Əlbəttə ki, bu kontekstdə görülən işlər islahatların ardıcıl, sistemli olaraq seçki ilində, eləcə də gələcəkdə davam etdirilməsini şərtləndirirdi. Ona görə də həm yeni baş nazirin təyin olunması, həm də Nazirlər Kabineti üzvlərinin yenilənməsi məhz bu islahatlar prosesi çərçivəsində baş verdi. Azərbaycan prezidentinin qəbul etdiyi bu kimi qərarların əsasında müasir iqtisadi mərhələyə keçən ölkəmizin iqtisadiyyatını yeni beynəlxalq şərtlər çərçivəsində daha da inkişaf etdirmək dayanır. Yəni, iqtisadiyyatın inteqrasiyasını təşkil etmək, ölkə daxilində islahatları daha sürətlə həyata keçirmək, yeni istiqamətlər müəyyənləşdirmək başlıca məqsəddir. Düşünürəm ki, yeni komanda qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. Baş nazirin şəxsi keyfiyyətlərinə gəlincə, Novruz Məmmədov kifayət qədər təcrübəli, nümunəvi sayılacaq dövlət məmurudur. O, hər bir Azərbaycan vətəndaşının, - "Bizlərdən biri” – deyimi ilə xarakterizə edəcəyi keyfiyyətlərə sahibdir. Fikrimcə, Novruz Məmmədovun uzun illər Azərbaycan dövlətçiliyində, idarəetmədə əldə etdiyi təcrübə ölkəmizdə Nazirlər Kabinetinin çevik, effektiv fəaliyyətinin təmin edilməsində vacib rol oynayacaq.

- Nazirlər Kabinetinin yeni tərkibində gənc kadrlar da yer aldı. Bu dəyişikliklə bağlı mövqeyinizi də  bilmək maraqlı olardı.
- Azərbaycanda siyasi, iqtisadi proseslər, hətta islahatlar prosesinin özü belə, təkamül məntiqinə əsaslanır. Bu proseslər ardıcıl xarakter daşıyır. Bəzən cəmiyyətdə belə bir təsəvvür yaranır ki, kadrlarla bağlı islahatlar kifayət qədər sürətli deyil. Amma bu, belə deyil. Diqqətlə analiz edəndə görünür ki, Azərbaycanda kadr sahəsində ciddi islahatlar aparılır, kabinet üzvləri zamanla gəncləşir. Bu proses Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq həyata keçirilir. Yeni təyinatlarla əlaqədar onu demək mümkündür ki, həmin şəxslər ilkin vəzifələrində məmur kimi konkret sahə üzrə tapşırıqları və vəzifələri kifayət qədər yüksək səviyyədə yerinə yetirib, etimadı doğruldublar. İdarəetmədə kifayət qədər təcrübə qazanmış, müasir, modern idarəetmə fəlsəfəsini qazanmış bu şəxslərə daha böyük etimad göstərilib. Prezidentin belə kadr siyasəti xalqın gözləntiləri ilə uzlaşır. Yeni təyin olunan kadrlar haqqında ayrı-ayrılıqda danışmağa ehtiyac yoxdur. Bir qədər əvvəl vurğuladığım kimi, onların hər biri öz sahəsinin peşəkarıdır.

- Hökumətin tərkibindəki dəyişikliklər gələcəklə bağlı hansı mesajlar verir?
- Yeni təyinatların cəmiyyətə verdiyi mesajlar ondan ibarətdir ki, get-gedə idarəetmədə keyfiyyət dəyişikliklərinin şahidi olacağıq. 

- Yenilənmiş hökumətin qarşısında dayanan əsas hədəflər nədən ibarətdir?
- Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə mərasimində açıq və konkret şəkildə ifadə etdi ki, islahatlar bundan sonra da davam edəcəkdir. Fikrimcə, qarşıda duran hədəflərin nələrdən ibarət olacağına da bu kontekstdən yanaşmaq gərəkdir. Regionda və dünyada qlobal iqtisadi-siyasi proseslər baş verməkdədir. Mən deyərdim ki, bu proseslər çox sürətlə baş verir, davam edir. Bəlli məsələlərdə iqtisadi proseslər siyasi münasibətləri diktə edir. Bəzi hallarda isə siyasi məsələlər iqtisadi münasibətlər üçün perspektivlər yaradır. Beynəlxalq münasibətlərin yeni keyfiyyəti daha çevik siyasət və islahatlar tələb edir. Bunların hamısının son məqsədi Azərbaycanın milli-dövlətçilik maraqlarının müdafiə olunmasıdır. Ona görə də islahatların bu şəkildə davam etməsi hazırkı çevik iqtisadi-siyasi münasibətlər sistemində Azərbaycanın yerini və rolunu daha da artıracaq. Bu islahatlar indiyə qədər əldə edilmiş nailiyyətlərin davam etməsi şərti kimi çıxış edəcəkdir. Azərbaycan çox ciddi iqtisadi uğurlar əldə edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə çox böyük meqa layihələr həyata vəsiqə alıb. Bu layihələr indi elə mərhələdədir ki, bundan sonra Azərbaycanın iqtisadiyyatı, dövlət büdcəsi maliyyə dvidentləri qazanacaq, əhali üçün yeni iş yerləri açılacaq, vətəndaşların sosial rifahı daha da yaxşılaşacaq. Hesab edirəm ki, böyüyən Azərbaycan iqtisadiyyatının idarə edilməsi və daha yeni perspektivlərin yaradılması üçün yeni komandaya, yeni kadrlara ehtiyac var idi. Azərbaycan Prezidenti də bu zərurəti nəzərə alaraq belə qərarlar qəbul etdi. 

- Hökumətin tərkibi ilə yanaşı, strukturunda da bəzi dəyişikliklər həyata keçirildi. Bununla əlaqədar nə deyə bilərsiniz? Sizcə struktur dəyişikliklər hansı zərurətdən irəli gəlib?
- Dövlət idarəetməsində mərkəzi icra strukturları kimi nazirliklər, komitələr ənənəvi və klassik formalardır. Hazırkı mərhələdə isə, bundan öncə söylədiyim kimi, daha çevik və effektiv idarəetmənin təşkili vacibdir. Buna görə də dövlət agentlikləri, departamentlər və bu kimi digər mobil, çevik idarəetmə institutları formalaşdırılır. Azərbaycan da yeni yaranmış şərtlərdə idarəetmənin müasir metodlarını tətbiq etməklə effektiv idarəetməyə nail olacaqdır. Fikrimcə, bütün bunlar dəqiqliklə düşünülmüş, məqsədyönlü, zamanında verilmiş doğru qərarlardır. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, idarəetmədə institusional islahatlar bundan sonra da davam etdiriləcəkdir.
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN