Yeni ilin dəbindən xəbərdar olun
İllər dəyişdikcə xanımları bir sual maraqlandırır: Görəsən, bu il
hansı geyimlər, hansı rənglər və aksesuarlar dəbdə olacaq? Dəblə ayaqlaşmaq hər
nə qədər çətin olsa da, xanımlar bunun üçün hətta mübarizə aparmağa belə
hazırdırlar. Hər bir xanım istəyir ki, səliqəli, baxımlı və gözəl görünsün.
Bunun üçün dəbi izləmək və onun arxasınca getmək istəyi qaçılmaz olur. Xanımlarımız
dəbləgeyinməyəönəm verir, il ərzində ən populyar rənglər və
geyimlərdən yararlanmağa çalışırlar. Yeni ilə qədəm qoyar-qoymaz,
qarderobunu yeniləyən xanımlar da az deyil. Ancaq qarderobunuzu yeniləməmişdən
əvvəl 2018-ci ilin dəbindən xəbərdar olmanızda fayda var. Moda ekspertləri
deyir ki, son illər keçmişdən ilhamlanaraq yaradılan geyim tərzləri 2018-ci
ildə də fərqli toxunuşlarla önə çıxacaq.
Muncuqlu parçalar, kobud
ayaqqabılar, qızılı rənglər...
Modelyer Şəlalə Maqsudova 2018-ci ildə
müxtəlif rənglərin moda aləminə hakimlik edəcəyini bildirdi: "Bu il moda
aləmində göy və zoğalı-qırmızı, eyni zamanda qızılı rənglər dəbdə olacaq. Xüsusən
də parıldayan qızılı rənglər gündəmi zəbt edəcək. Qeyd etdiyim rənglərdən əlavə,
həmişə olduğu kimi, ağ-qara rənglər də favoritlərin sırasında yer alacaq. Çünki
bu rənglər klassik rənglər hesab edilir. Geniş və bədənə yapışmayan geyimlər
daha çox istifadə ediləcək. Bu il ən çox istifadə edilən parça seçimlərindən
toxunma və dəri ilə sintezlər üstünlük təşkil edəcək. Bundan başqa, muncuqlu
parçalar geyimlərdə öz əksini tapacaq”.
Xanımı cazibədar göstərən
detalın aksessuarlar olduğunu deyən modelyer, çantaların geyimə
uyğunlaşdırmasını vacib hesab edir: "Bu il iri və dəri üzərinə tük əlavə
olunmuş çantalar dəbdə olacaq. Ayaqqabılara gəlincə isə nazik dabanlı
ayaqqabılarla bərabər, bir qədər kobud ayaqqabılar da gündəmdə olacaq”.
Ş.Maqsudova bu il qısa geyimlərin dəbdən düşəcəyi və uzun geyimlərlə əvəz
olunacağı məsələsinə də aydınlıq
gətirdi: "Bu fikirlər yanlışdır. Çünki
həm qısa, həm uzun geyimlər paralellik təşkil edir. Düzdür, bu il uzun ətəklər
dəbdə olacaq, ancaq bu o demək deyil ki, qısa geyimlər sıradan çıxacaq. Zövqlər
müxtəlifdir. Xanım var ki, ona yalnız qısa geyim yaraşır”.
"Tək geyimlə də dəbli
görünmək mümkündür”
2 ildir ki, fəaliyyətini Türkiyədə davam etdirən azərbaycanlı
dizayner-modelyer Ləman Süleymanova"Kaspi”-yə açıqlamasında dedi ki, 2018-ci ildə yaşıl, sarı, bənövşəyi, qəhvəyi
tonlar dəbdə olacağını bildirdi. Dizayner qarşıdan gələn ilin ünsürü hesab edilən
heyvanın tüklərinin rənglərinə uyğun dəbinin təyin edilib-edilmədiyi barədə də
danışdı: "Dünya ekspertləri bunlara çox böyük önəm verirlər. Bu il də torpaq
ünsürü, iti ili olduğu üçün öncədən təyin olunmuş müəyyən rənglərə önəm
verilir. Belə ki, yaşıl, sarı, qəhvəyi əsas rənglərdən hesab edilir. Bundan
başqa, əlvan rənglər də çox aktualdır”.
Müsahibimizin sözlərinə görə, geyim seçərkən təkcə rənglərə önəm
vermək yox, geyimləri dəstləşdirib stil yaratmaq daha həssas mövzulardandır: "Geyimləri
rənglərə uyğun dəstləşdirmək çox önəmlidir. Ayaqqabılara gəlincə isə bu mövsüm idman
qəlibli daha kobud ayaqqabılara üstünlük veriləcək. Daha sərt və qabarıq cizgiləri
olan ayaqqabı formalarına üstünlük veriləcək. Təbii ki, klassik qəlibli
ayaqqabılar da aktuallığını da itirmir”.
Modelyerin sözlərinə görə, xanımları cazibədar göstərən onların
geyimidir: " Bu il xanımlar geyim
seçərkən, ilk növbədə naxışlı parçalara üstünlük verəcəklər. Keçən ildən fərqli
olaraq, bu il xanımlarımızın
geyimlərində fərqli dəstləşdirmələr də
aktual olacaq. Ümumiyyətlə, bir neçə
stillərin dəstləşdirilib istifadə edilməsi daha aktualdır. Geyim seçərkən
xanımlarımız sadə və gözəl görünməyə çalışmalıdırlar. Bunu hər zaman xanımlarımıza məsləhət görmüşəm.
Əgər harasa gedirsinizsə və nə geyinəcəyinizə qərar verməyibsinizsə, tək bir
rəng seçməklə və yaxud cins şalvarla
sadə bir köynək geyinməklə dəblə ayaqlaşa bilərsiniz. Ən önəmlisi odur ki, hər
bir qadın öz bədəninin gözəl olmayan tərəflərini yaxşı bilir. Çalışmaq lazımdır
ki, o artıq piy və ət olan hissləri gizlətsinlər və geyim seçərkən bütün bunlara
diqqət etsinlər”.
O ki, qaldı xanımların bədən quruluşlarına uyğun şəkildə geyim seçməməklərinə,
modelyer deyir ki, elələrinin dar geyimlərə üstünlük vermələrinin tərəfdarı
deyil: "Ümumiyyətlə, dar geyim daha çox vücudu gözəl formada olan, daha zərif
və incə qadınlar üçün nəzərdə tutulub. Bu ilin geniş tərzli dəbi xanımların
əksik nöqsanlarını gizlətmək üçün ən ideal vasitədir desəm, yəqin ki, yanılmaram.
Ona görə də xanımların gözəl görünmələri üçün sadəcə, doğru seçim etmələri kifayət
edir”.
"Qara rəngdən az istifadə
edin”
Stilist Vəfa İsazadə qeyd
etdi ki, 2018-ci ildə boz, ağ, pudra, qum rəngləri dəbdə olacaq: "Bu rənglərə
zoğalı, hava rəngini də əlavə edə
bilərəm. Bu il sari rəngli it üzərində
təhvil verilir. Ona görə də qum rəngi aktual olacaq. Xanımlara məsləhət görürəm
ki, dəblə maraqlansalar da, özlərinə yaraşanı geyinsinlər. Belə ki, bədən
dillərinə uyğun paltarın uzunluğunu və ölçüsünü seçsələr, daha gözəl və baxımlı
görünərlər. Bundan başqa, xanımlar seçəcəkləri paltarın rənginə mütləq önəm
verməlidirlər. Ümumiyyətlə, yaşından
asılı olmayaraq hər bir xanım əlvan rənglərə üstünlük versə, daha gözəl görünər. Gənc xanımların isə qara rəngə üstünkü
vermələrinin tam əleyhinəyəm. Koko Şanel deyir ki, hər bir xanımın qarderobunda
yalnız bir qara kokteyl ətək olmalıdır, bütün qarderobu qara geyimlərdən ibarət
olmalı deyil.
Türk moda mütəxəssisləri 2018-ci ilin rəngarəng bir ol olacağını deyirlər.
Onların proqnozlarına görə, bu ildə rəngli, zərli və bəzəkli corablar tez-tez
qarşımıza çıxacaq. Bu corabları açıq və hündür ayaqqabılarla yanaşı, idman
ayaqqabıları ilə də geyinmək mümkün olacaq. İlin ən dəbdə olan parçasının isə
məxmər olacağı proqnozlaşdırılır. Bu parçadan hazırlanan müxtəlif növdə və
rəngdə geyimlər 2018-ci ildə qadınların qarderoblarını bəzəyəcək. Üst
geyimlərdə isə qalın, olduqca geniş və ya qolları geniş olanlar üstünlük təşkil
edəcək. Qolu geniş üst geyimlər isə 1980-ci illərin dəbini xatırladacaq. Bu
geyimləri isə müxtəlif yazılar, naxışlar və qollarını saxta xəzlər bəzəyəcək. Türk
moda mütəxəssisləri qırmızı rəngin bütün tonları ilə ilin ən
populyarrəngi olacağını iddia edirlər. Onun ardınca isə bənövşəyi, sarı
və çəhrayı rənglərin gələcəyi bildirilir. Digər illərə nisbətən, bu ilin qışında
al-əlvan rənglərin dəbdə olacağı da ehtimal olunur. İlin çanta modası rəng
kodlu, gümüşü və daşlı corablarla zəngin olacaq.
Əziz xanımlar, moda mütəxəssisləri də qeyd edirlər
ki, əgər bədən quruluşunuzda hər hansı qüsur varsa, onu ört-basdır etməkdənsə,
daha da dar geyimlərə üstünlük verərək onu büruzə verməyin. Bu, həqiqətən də
kənardan xoş görüntü yaratmır. Ekspertlərimiz dönə-dönə vurğuladılar ki,
xanımlar geyim seçərkən, mütləq güzgü qarşısında çox olsunlar, özlərinə tənqidi
yanaşsınlar, nəyin yaraşıb, nəyin yaraşmadığını ayırd edə bilsinlər. Dəbdir
deyə, hər libası geyinib yaraşıqsız görünmək, xoş olmayan təsir bağışlamaq
yaxşı hal deyil. Düzgün seçim etsəniz, daha
gözəl və baxımlı görünərsiniz.
Azərbaycan xanımları tarixən də, indi də çox gözəl
olublar. Atalarımız "gözəllik ondursa doqquzu dondur” deyib. Siz də bu donlardan yerində istifadə edin.
Xəyalə Rəis