• çərşənbə, 24 Aprel, 07:56
  • Baku Bakı 13°C

Yeni ilin bayram bazarlığı - Reportaj - Fotolar

28.12.16 12:30 1899
Yeni ilin bayram bazarlığı - Reportaj - Fotolar
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Hər bayramın özünəməxsus keçirilmə qaydası, adət-ənənləri var. Amma hər bayramda dəyişməyən və əsas diqqət edilən məsələlərdən biri də süfrənin hazırlanmasıdır. Süfrənin hazırlanması üçün ilk öncə bazarlıq etmək gərəkdir.

Biz də bazarlıq üçün elə bazardakı qiymətlərlə maraqlanmaq istədik. Buna görə də Yasamal bazarına baş çəkdik. Bazar əvvəlki qədər böyük olmasa da, bayram süfrəsi üçün lazım olan çox şeyi burada tapmaq olar. Bazarda ilk müşahidəmiz bu oldu ki, alıcılar elə də çox deyildi. Amma biz satıcılara "bazar olsun” deyib qiymətləri öyrənməyə çalışdıq.

4 nəfərlik ailənin plov xərci

Bayram süfrəsini bir çox adamlar plovsuz təsəvvür etmədikləri üçün elə biz də ilk olaraq bu yemək üçün lazım olan ərzaqların qiymətlərini öyrəndik. Satıcı Qalib Cəfərov deyir ki, 4 nəfərlik ailəyə plov dəmləmək üçün təxminən 300 qram kişmiş alınmalıdır. Kişmişin kilosu 10 manat olduğu üçün bu edir 3 manat. Kilosu 14 manatdan başlayan ərik qurusunun 250 qramı isə bərabərdi 3,50 manat. Plovda alça və ya gavalı qurusu istifadə etmək hər kəsin öz seçimindən asılıdır. 4 nəfərlik plov dəmləyərkən bundan da 250 qram alınsa yetər. Qiymətləri isə 12 manatdan başlayır. Bu o deməkdir ki, 3 manat da burada lazım olacaq. Bir çox insanlar kimi, mən də düşünürəm ki, şabalıdsız plov olmaz. Q.Cəfərov deyir ki, 400 qram şabalıd 7-8 manatdır.

Bazarda plov üçün istifadə ediləcək soğanın qiymətini də öyrəndik. Soğan 40-50 qəpiyədir. Sonra yaxınlıqdakı marketdən düyünün qiyməti ilə maraqlandıq. Adi uzun düyünün 900 qaramlıq paketlərdə qiyməti 1,35 qəpikdən başlayır. Amma son vaxtlar "plov düyüsü” adı ilə müxtəlif firmaların xüsusi düyüləri var ki, onların 900 qramı 3,5 manatdır.

Nəhayət, plovda ətdən istifadə olunduğu üçün onun da qiymətləri ilə maraqlandıq. Qəssab Natiq Qurbanov dedi ki, quzu əti 11, mal əti isə 10 manatadır. O bildirdi ki, qiymətlərdə son vaxtlar artım var, amma bayramla əlaqəli deyil. Bayram günlərində ətin qiymətində hər hansı artım olması gözlənilmir.

Bayram süfrələrində hinduşka əti də çox istifadə olunur. Satıcı Mais Məmmədov deyir ki, kilosu 12 manata olan hinduşka ətinin daimi alıcıları var. Ona görə də bayram oldu-olmadı, alıcıları var: "Düzdür, bayram ərəfəsində alıcıları çoxalır. Amma hinduşkanı gəlib bizdən alan öz müştərilərimiz var. Qiymət hazırda 12 manatdan başlayır. Hinduşkanın ən balacası isə 1,8 kilo olur”.

Deməli, bayram süfrəsində hinduşka əti olmasını istəyənlərin ən azı əlavə 20 manatı olmalıdır.

Meyvələrin bazar və market qiyməti...

Çərəzlərin qiyməti ilə maraqlandıqda, satıcılar bildirdilər ki, alıcılar adətən hər çərəzdən müəyyən qədər alırlar. Qoz və ya fındığın yarım kilosu 8,50 manatdan başlayır. Yarım kilo yerfındığı 12, badam isə 12 manatdır.

Bazarda açıq şəkildə satılan turşuların kilosu 2 manatadır. Kiloluq bankalarda satılanların isə ölçüsünə və növünə görə qiyməti dəyişir. Marketlərdə isə 300 qramlıq qablarda 1 manata da almaq olar.

Meyvələrin qiymətini həm bazardan, həm də marketdən maraqlandıq. Bazarda mandarin 1,50-2,50 arası satılırdı. Portağal isə ancaq xaricdən gələnlər idi. Qiyməti 3 manatdan başlayır. Almanın mövsümü olduğu üçün daha ucuz qiymətə də almaq olur. Belə ki almanın qiyməti 30-40 qəpikdən başlayır. Amma 4 manata qədər satılan növləri də var. Narın kilosu 2-4, bananınkı isə 1,8-2,5 manatadır. Kivi sevənlər bu meyvənin kilosunu 2,5-3 manata ala bilərlər. Ananasın isə kiçiyi 6 manatadır.

Marketdə narı 4 manata almaq olar. Mandarin isə 1,29-3,2 manat arası təklif edilir. Armud 4, üzüm 5, ananas isə 7 manatdan bahadır. Almanın ən ucuzu marketdə 0,87 manata təklif olunurdu.

Əgər pomidor, xiyar almaq istəyirsinizsə...

Bu il öz mövsümündə belə çox baha olan pomidoru bayram süfrəsində görmək istəyənlər üçün qiymətini öyrəndik. Bazarda pomidorun kilosu 3-5 manata satılır. Xiyarın da qiyməti belədir. Satıcılar bildirdilər ki, növünə görə fərqli qiymətə təklif edilən xiyar tapmaq olar. 14 manata da qarşımıza çıxa bilər. Amma orta qiymət 3 manatdan başlayır.

Şokolad və konfetlərin çeşidi çox olduğu üçün ümumi bir qiymət demək mümkün deyil. Amma onu bildirim ki, konfetlərin qiyməti 4-5, şokoladlarınkı isə 6-7 manatdan başlayır.

Limonad və şirələrin də növləri çoxdur. Adi günlərdə istifadə edildiyi üçün qiymətlər haqda danışmaq istəmirəm. Amma bayramla əlaqəli marketlərdə üstündə hədiyyə verilən kampaniyalara da rast gəlmək mümkündür.

Göyərtinin hər zaman alıcısı var. Satıcı xanım deyir ki, göyərtinin dəstəsi 20 qəpikdir. Amma böyük marketlərdə 16-17 qəpiyə də tapmaq olar.

"Bazarlığı bayrama bir gün qalmışa saxlamışıq”

Satıcılardan qiyməti öyrənəndən sonra alıcıların da fikrini öyrənməyə çalışdıq. Nübar xanım deyir ki, bayramla əlaqəli qiymət artımı müşahidə etməyib: "Hələ ki elə bir qiymət artımı görmədim. Çünki elə adi günlərdə də qiymətlər indiki kimidir. Bizim ailə 6 nəfərlikdir. Qiymətlər ümumilikdə baha olduğu üçün alış-verişi daha ucuz qiymətlər təklif edilən yerlərdən etməyi düşünürəm. Hələ ki bazarlardakı ümumi qiymətlə tanış oluram”.

Elbrus Həmzəyev isə nəvələri üçün alış-verişə çıxdığını deyir. Amma bayram bazarlığını hələ ki etməyiblər: "Əvvəllər bayrama bir həftə qalmışdan çox şeyi alırdıq. Amma bu il nəsə hələ ki bazarlıq etməmişik. Nəvələrin istəyinə uyğun yolka qurmuşuq, müəyyən şeylər alıb aparıram. Amma bayram bazarlığını bayrama bir gün qalmışa saxlamışıq deyəsən”.

Aygün Asimqızı
Fotolar: Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər