• cümə axşamı, 28 mart, 14:29
  • Baku Bakı 16°C

Yeni ildə planeti gözləyən təhlükələr

04.01.18 18:20 671
Yeni ildə planeti gözləyən təhlükələr
Dünya şöhrətli "Time” nəşri 2018-ci ildə bəşəriyyəti gözləyən risklər barədə analitik məqalə ilə çıxış edib. "Bazarlar inkişaf edir, lakin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə vətəndaşlar arasında fikir ayrılıqları sürətlə artır. Bu gün artıq liberal-demokratiya ikinci dünya müharibəsindən bu yana indiki kimi legitimliyindən məhrum olunmuş vəziyyətdə olmayıb. Necə deyərlər, dünya düzəni sürətlə dağılmağa doğru istiqamət götürməkdədir”. Məqalə bu narahatedici cümələrlə başlayır. Bu il üçün ən təhlükəli risklərin sayını 10-a çatdıran müəllif yazır ki, son 20 il ərzində beynəlxalq siyasətdə çoxsaylı böhranlı vəziyyətlər və təlatümlər baş verib və demək olar ki, bu il də analoji hallar təkrarlanacaq - geosiyasi planda gözlənilməz böhranlar təkrarlana bilər.
Siyasi risklərin qiymətləndirilməsi ilə məşğul olan 2Eurasia Group” tədqiqat mərkəzinin hesablamalarına görə, geosiyasi depressiya riski 10 başlıca risk fonunun baş vermə təhlükəsini yaşada bilər. Müəllifin qənaətincə, bu il ərzində Çinin nüfuzunun artma ehtimalı güclü olaraq qalacaq. Vaşinqtonda ardıcıl və davamlı siyasət yürüdülməsi ilə bağlı vahid mövqenin olmadığı bir dönəmdə, Çin rəhbərliyi ölkənin xarici siyasət prioritetlərini müəyyən etməyə müvəffəq olub. Dünyada effektiv qlobal ticarət investisiya strategiyasını işləyib hazırlayan Pekin, ölkənin texnologiya şirkətlərini dövlət maraqlarına uyğun fəaliyyət göstərməsi siyasətini aparır. Çin öz təsir dairəsini investisiya yatırmaqla davam etdirir, ölkələrin daxili və xarici siyasətinə qarışmamaq vədi verməklə siyasət qurur. Lakin məsələ ondadır ki, bütün bu ölkələr siyasətlərini ona uyğunlaşdırmağa, hətta birləşməyə belə çalışırlar. Bu il xüsusən də ticarət sahəsində ABŞ və Çin arasında münaqişənin baş vermə ehtimalı böyük göstərilir. İkinci risk fəlakətli insidentlərin baş vermə ehtimalıdır. Məsələ ondadır ki, 11 sentyabr terrorundan sonra ciddi geosiyasi böhran yaşanmasa da, bu gün bir sıra sahələr üzrə beynəlxalq münaqişənin baş vermə ehtimalı qalır. Xüsusən də kiberməkanda münaqişə riski güclüdür. Şimali Koreya, Suriya münaqişəsi, ABŞ-Rusiya gərginliyi, İŞİD yaraqlılarının fəaliyyət dairələrini genişləndirməsi də bu sıraya daxildir. Üçüncü risk kimi texnoloji soyuq müharibə göstərilib. Qeyd edilir ki, dünyada iqtisadi mərkəzlər uğrunda amansız və sərt mübarizə gedir. ABŞ və Çin süni intellekt və superkompüter texnika, eləcə də bazarda dominantlıq uğrunda rəqabət aparmaqda davam edəcəklər. Meksika faktoru isə dördüncü risk sırasına daxil edilib. Bu il Meksika üçün önəmli il kimi qeyd olunur. Belə ki, Azad ticarət üzrə Şimali Amerika razılaşması (NAFTA) kritik həddə çatıb, seçicilər isə yeni prezident seçirlər. Ölkə iqtisadiyyatı bərbad gündədir – korrupsiya və narkoticarət pik həddə çatıb. Hakimiyyətə qarşı narazılıq artmaqda davam edir.
Bu ilin ən ciddi risklərindən biri də şübhəsiz ABŞ və İran arasında münasibətlər olacaq. Sirr deyil ki, Donald Tramp İrana qarşı patoloji nifrət bəsləyir. İranla nüvə razılaşması qüvvədə qalsa da, bu sazişə yenidən baxılma ehtimalı güclüdür. Tramp Səudiyyə Ərəbistanını müdafiə etməkdə davam edəcək, İran və Suriyadakı rejimlərin süqutuna çalışacaq. İran da ona qarşı tətbiq edilən sanksiyalara cavab verəcək. Əgər nüvə sövdələşməsi ləğv olunsa, onda İran özünün nüvə proqramını gücləndirməkdə davam edəcək. Bu da regiona ABŞ və İsrail tərəfindən zərbələrin endirilmə təhlükəsini gücləndirmiş olacaq. Növbəti risk idarəetmə, nəzarət institutlarının zəifləməsidir. Hökumətlər, siyasi partiyalar, məhkəmələr, KİV və maliyyə qurumları artıq ictimaiyyətin gözündə nüfuzlarını itirməkdədirlər. Breksit və Donald Tramın prezident seçilməsi bu il inkişaf etməkdə olan ölkələrdə də antinomenklatura populizminə ciddi təkan vermiş olacaq. Növbəti yeddinci risk isə neoproteksionizmdir. Bu siyasət tək sənayedə və kənd təsərrüfatında deyil, rəqəmsal və innovasiya sahəsində baryerlərə gətirib çıxaracaq. Britaniyadakı ciddi fikir ayrılıqları da ciddi risklər sırasındadır. Böyük Britaniya, Avropa İttifaqından çıxmaq barədə qərarından sonra ciddi çətinliklər yaşayır. Bu həm də ölkədaxili vəziyyətə də təsirsiz ötüşməyəcək. Aİ-dən çıxmaq barədə prosedurun başlanması baş nazirə baha başa gələ, hətta onun istefasına səbəb ola bilər. Əgər bu, baş versə, onda Meyin yerini daha mühafizəkar siyasətçi tuta bilər.
Məqalədə Cənubi Asiyada siyasi identiklik doqquzuncu risk kimi göstərilib. İddia edilib ki, islamizm Cənubi Asiyanın bir sıra yerlərində populizmin yerli formalarının artmasına xidmət edir. Bu, daha çox İndoneziya və Malayziyada hiss olunur. Bu ölkələrdə xeyli maliyyəyə sahib olan etnik çinlilərdən narazılıq, xüsusən də İndoneziyada artmaqda davam edir. Bundan əlavə, müsəlman azlığına qarşı Myanmada zorakılıq humanitar böhrana səbəb olub. Eləcə də, Hindistanda gələn il keçiriləcək seçkilər ərəfəsində baş nazir Modi dəstəyini gücləndirmək üçün millətçilikdən yararlana bilər. Bu da cəmiyyətdə müsəlmanlarla hindlilər arasında qarşıdurmaya gətirib çıxara bilər. Sonuncu risk kimi Afrikanın təhlükəsizliyi göstərilib. Afrikanın bir sıra ölkələrində - Mali, Cənubi Sudan, Somalidə yaşanan gərginlik digər ölkələrə - Kot-dİvuar, Nigeriya, Keniya və Efiopiyaya yayıla bilər. Əsas təhlükə isə hərbi əhval ruhiyyənin artması və terrorizmlə bağlıdır.
Azər
banner

Oxşar Xəbərlər