Yeni il qabağı qiymət endirimi, yoxsa manipulyasiya?

Yeni il qabağı qiymət endirimi, yoxsa manipulyasiya?

Təfsilat
13 Dekabr 2012, 09:00 1650
Yeni il yaxınlaşdığından bəzi ailələr ərzaq tədarükünü elə indidən görürlər. Çünki həmişə olduğu kimi, ölkəmizdə bayram ərəfəsində qiymətlərin qalxması qaçılmaz olur. Amma bizdən fərqli olaraq inkişaf etmiş ölkələrdə bayram ərəfəsində nəinki qiymətlər qalxır, hətta əksinə qiymətlərdə endirim müşahidə olunur. Bu cür ölkələrdə isə vətəndaşlar bayramdan sonrakı bazarlıqlarını belə Yeni ilə salırlar ki, endirimlərdən faydalansınlar. Elə Azərbaycan vətəndaşlarının da bayram ərəfəsində ürəkləri istədikləri kimi bazarlıq edə bilmələri üçün millət vəkili Əli Məsimli parlamentin sonuncu iclasında təklif irəli sürdü.

Endirim kampaniyasının mahiyyəti
Əli Məsimli deyir ki, endirim kampaniyasının mahiyyəti ondan ibarətdir ki, məsələn, köhnə ilin sonunda mağazalarda yığılıb qalmış məhsullar Yeni ildə sürətlə satılsın. Bu kampaniya çox uğurla həyata keçirilir. Çünki malını ucuz satan bununla daha çox qazanır.

Deputat bayram ərəfələrində qiymət endirimlərinin sivil ölkələrin əksəriyyətində həyat tərzi olduğunu dedi: “Təəssüflər olsun ki, bizdə endirim edənlərin əksəriyyəti manipulyasiya ilə məşğuldur. Məsələn, 50 manatlıq mala yalandan 100 manat qiymət qoyurlar, sonra 30 faiz endirimlə 70 manata satırlar. Yəni real qiymətindən 20 manat baha satırlar. Bu da istehlakçının aldadılması deməkdir. Düşünürəm ki, Azərbaycanı da sivil dünyanın tərkib hissəsinə çevrməkdən ötrü həqiqi endirimlərin olması üçün dövlətin müvafiq qurumları bu işdə biznesmenləri təşviq etməli, eyni zamanda, manipulyasiya xarakterli endirimlərin qarşısını almaq üşün qanunun gücündən istifadə olunmalıdır. Hesab edirəm ki, belə manipulyasiyalarla malların satılmasının qarşısını almaqda hökumətin əlaqədar strukturları etibarlı mexanizm formallaşdırmalıdır”.

Bayramda qalxan qiymət niyə enmir?
Hər bayram öncəsi qalxan qiymətlərin bir daha enmədiyinə də toxunan millət vəkili bayram ərəfəsində qalxan qiymətlərin tələb-təklifdən doğmadığını dedi: “Təəssüflər olsun ki, bazar qanunları Azərbaycanda işləmir. Bazarda 10 faiz inflyasiya varsa, onun yalnız 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərdən qaynaqlanır. 2-2,5 faiz xaricdən gətirdiyimiz malların üstündə gəlir, geridə qalan 5-6 faiz isə süni qiymət artırmının nəticəsidir ki, bu da əhalinin aşağı təbəqəsinin, son dövrlərdə isə orta təbəqənin də büdcəsinə ciddi ziyan vurur”.

Ə.Məsimlinin fikrincə, bayram ərəfəsində endirimlərə nail olunarsa, ölkədə hər bayramdan sonra bahalaşma olmaz: “O cür endirimlər bir çox məhsulların qiymətlərinin sonradan süni sürətdə qalxmasının qarşısını alacaq”.

ABŞ-da hinduşkaya 20 faizlik endirim
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Amerika və Avropa ölkələrində, həmçinin bir sıra başqa ölkələrdə də bayram öncəsi endirimlərin qaçılmaz olduğunu dedi. İqtisadçı ABŞ-da təhsil alarkən endirimlə bağlı qarşılaşdığı təcrübəni də bizimlə bölüşdü: “ABŞ-da təhsil alarkən ilk dəfəydi ki, onlarda qeyd olunan “şükran” adlandırılan bayramı keçirəcəkdim. Öyrənmişdim ki, bu bayramda süfrədə mütləq hinduşka quşunun bişirilmiş əti olmalıdır. Mən də bunu nəzərə alaraq puluma qənaət etmək üçün bayramdan xeyli əvvəl hinduşka əri aldım ki, bayram ərəfəsində qiymətlərdə artım olacaq. Bayram ərəfəsində isə heç vaxt görmədiyim bir şeyi müşahidə etdim. Məlum oldu ki, burada bayram ərəfəsində qiymətlər artmır, əksinə azalır. Mənim aldığım hinduşka toyuğunun da qiyməti 20 faizə yaxın aşağı düşmüşdü”.

Endirim həm də müştəri yığmaqdır
İqtisadçı milad bayramında ABŞ və Avropada bütün ərzaq və qeyri-ərzaq qiymətlərində kəskin azalmaların olduğunu dedi: “Xüsusilə ərzaq mallarında bu azalmalar özünü daha qabarıq biruzə verir. Çox təəssüf ki, Azərbaycanda Yeni il, Novruz, Qurban və Ramazan bayramlarında qiymətlərdə mütləq artım olur. Bizdə dünyadan tamamilə fərqli bir təcrübə özünü göstərir”.

Bizdə bayram ərəfəsində satış obyektlərində fərqli mənzərənin olmasına gəlincə, V.Bayramov dedi ki, bu, Azərbaycan biznesinin xüsusiyyətindən doğan bir məsələdir: “Problem ondadır ki, Azərbaycan biznesmeni qısa zaman kəsiyində daha çox gəlir əldə etməyə çalışır, əksər biznesmenlərin strateji hədəfləri yoxdur. Biznesmenlərimiz qiymət endirimlərinə strateji olaraq yanaşmırlar. Buna görə də bayram ərəfələrində qiymət artımına gedərək daha çox gəlir əldə etməyi hədəf götürürlər”.

Müsahibimiz, bir sıra tanınmış şirkətlərin, beynəlxalq şəbəkələrin dünyanın digər ölkələrində fəaliyyət göstərən mağazalarında Yeni il ərəfəsində ciddi endirimlər olduğunu dedi: “Amma həmin şəbəkələrin Bakıdakı mağazalarında nəinki qiymətlər olduğu kimi qalır, hətta artım olur. Bu, dediyim kimi, ölkəmizdəki biznesin xüsusiyyətlərindən qaynaqlanan məsələdir. İnkişaf etmiş ölkələrdə biznes adamı qiymət azalmalarına gedərək daha çox məhsul satmağa çalışır və buna da nail olur. Qiymət endirimləri sadəcə vətəndaşlar üçün nəzərdə tutulan kampaniya deyil. Biznesdən daha çox gəlir əldə etmək və eyni zamanda özü üçün gələcəkdə də potensial müştərilər yığmaq üçün tətbiq edilən bir metoddur. Təəssüflər olsun ki, Azərbaycanda qiymət endirimlərinin mahiyyətini tam olaraq başa düşmürlər”.

Problemi aradan qaldırmağın yollarına gəlincə, V.Bayramovun fikrincə, hökumətin hansısa təşvqiedici metodlar tətbiq etməsi o qədər də asan deyil: “Amma psixoloji metodlar, yəni maarifləndirmə xarakterli kampaniyalar aparmaqla nəticə əldə etmək mümkündür. Məsələn, iş adamlarını məlumatlandırılmaq lazımdır ki, endirimlər onların gəlirlərinə heç də mənfi təsir göstərmir, əksinə, bununla daha çox məhsul satır, əlləri daha çox alıcıya çatır”.

Nazirliyin bayram öncəsi gördüyü işlər
İqtisadi İnkişaf Nazirliyinin (İİN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq bazarda monitorinqlər aparır, bu, həm də süni qiymət artımının qarşısının alınmasına yönəlir: “Yeni il bayramının yaxınlaşması ilə əlaqədar bu tədbirlərin intensivliyi daha da artırılır və istehlak bazarında olan məhsulların keyfiyyətinə olan nəzarət daha da gücləndirilir. Bundan başqa, bir sıra bayramlarda olduğu kimi, yeni ildə də ənənəyə uyğun olaraq Bakının bir çox yerlərində satış yarmarkalarının təşkili nəzərdə tutulur. Yarmarkalarda mallar bazar qiymətləri ilə müqayisədə daha ucuz olacaq. İntensiv nəzarət tədbirləri həyata keçiriləcək, bu, həm bayram öncəsi, həm də bayram günlərini əhatə edəcək”.

Lalə Musaqızı