“Yeni idarəetmə sistemi imkan verəcək ki, təyyarə biletlərinin qiyməti tənzimlənsin” - MÜSAHİBƏ
Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyev bunun üçün rəqabətin yaradılmasının əsas şərt
olduğu qənaətindədir
Azərbaycanda aviabiletlərin
baha olması ilə bağlı narazılıqlar bu günün söhbəti deyil. Elə təkcə qonşu
Gürcüstandan Türkiyə, Rusiya və Avropa ölkələrinə uçuşların bizim ölkədən xeyli
ucuz olması daim sərnişinlər tərəfindən müqayisə predmetinə çevrilir. "Ölkəyə
xaricdən turist gəlməsində aviabiletlərin ucuz olması böyük rol oynayır” - deyə
turizmçilər də qeyd edirlər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin
qiymətinin bahalığı və bu amilin ölkə turizmində rolu ilə bağlı "Kaspi”nin
suallarını cavablandırıb.
- Fuad müəllim, keçən ay Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru
Florian Zenqstşmidaviabiletlərin bahalığı ilə bağlı açıqlamasında "Ümid
edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”- deyə qeyd etmişdi.
Məsələnin həlli istiqamətində hər hansı irəliləyiş varmı?
- Bildiyiniz
kimi ölkə prezidentinin sərəncamı ilə İnvestisiya Holdinqi yaradılıb. Azərbaycan
Hava Yollarının (AZAL) idarəetməsi hazırda həmin holdinqə verilib. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq
edirik. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnvestisiya
Holdinqi, AZAL və başqa qurumlarla
danışıqlar aparır. Bu, prosesi tənzimləyəcək. Amma Dövlət Turizm
Agentliyi biletlərin qiymətini formalaşdıra bilməz. Əlbəttə, rəqabət olsa, bu, bilet qiymətlərinə
də təsir edəcək. Əgər başqa ölkələrin
aviaşirkətləri Bakıya gəlsələr, bu, qiymətlərin formalaşmasında rol oynayacaq.
Bəli, hazırda biletlərin qiyməti bizim üçün bir qədər sual altındadır. Biz
çalışırıq ki, daha çox beynəlxalq aviaşirkətlər Bakıya gəlsinlər və turistləri
gətirsinlər. Dövlət Turizm Agentliyi olaraq çalışacağıq ki, daha çox xarici
aviaşirkətlərlə əməkdaşlıq olsun.
- Yəqin siz lou-kost (aşağı büdcəli) aviaşirkətləri
nəzərdə tutursunuz?
- Əlbəttə,
lou-kost aviaşirkətlərini də nəzərdə tuturuq. Bizim planlarımız çox böyük idi.
Ölkəyə çoxlu turistlər gəlməyə başladı. Körfəz ölkələrindən çoxlu aviaşirkətlər
gəldi. Amma pandemiya bütün planlarımızı pozdu. Bütün proseslərin tənzimlənməsi
və inkişaf üçün viza prosesinin qaydada olması və biletlərin qiymətləri əsasdır.
Başqa ölkələrlə müqayisədə bizim otellərdə qiymətlər o qədər yüksək deyil. Amma
viza da əlçatan olmalıdır. Məsələn, Koreya vətəndaşı 187, alman vətəndaşı 196
ölkəyə vizasız gedə bilir. Düzdür, elektron viza bizə çox kömək etdi, buna görə
ölkəmizə çoxlu turistlər gəldi. Amma biz daha çox turist dəvət edə bilərik. Azərbaycanın
potensialı o qədər böyükdür ki, bizim çoxlu turist qəbul etmək imkanımız var. Qeyd
etdiyim kimi, bizdə otellərin qiyməti və xidmətlər normal səviyyədədir. Eyni
zamanda, bölgələrdə otellər normal səviyyədədir. Treninq keçirir, monitorinq
aparırıq və bu sahələrdə xidmətin normal olduğunu görürük. Bu, bizi çox
sevindirir. Sadəcə, biletlərlə bağlı məsələ gündəmdə qalır. Hesab edirəm ki, yeni idarəetmə sistemi bizə imkan verəcək ki, biletlərin
qiyməti tənzimlənsin.
- Necə düşünürsünüz, əgər biletlərin qiymətlərində
tənzimlənmə baş verərsə, ən çox turist axını hansı ölkədən ola bilər? Hədəf
bazarınız hansılardır?
- Hədəf
bazarımız həmişə Rusiya olub, indi də elədir. 2019-cu ildə Rusiyadan 916 min, Gürcüstandan 820 min nəfər
turist gəldi. Düzdür, gələnlərin hamısını turist adlandırmaq olmaz, aralarında
öz evinə gələn vətəndaşlarımız da var. Və yaxud hansısa biznes məqsədilə sərhədi
keçib gəlirlər. Bizim üçün ilk növbədə Rusiya, Gürcüstan, İran bazarı hədəfdir.
2019-cu ildə İrandan Azərbaycana 255 min adam gəlib.
- Bəs Türkiyə bazarından gözləntilər necədir?
-Türkiyənin
potensialı çox böyükdür. Orada marketinq strategiyasını hansı formada həyata
keçirmək haqqında düşünürük. Türkiyədə işləməyə başlayacağıq. Ancaq pandemiya şəraiti
bizə imkan vermir. Məsələn, hər hansı vacib sərgidə iştirak edib-etməyəcəyimizi
qabaqcadan planlaşdıra bilmirik. Sərgi bizim üçün önəmlidir, amma bir həftə əvvəl
ondan imtina etməli oluruq. Biz yaxınlarda İsraildə turizm ofisi açdıq. 2016-cı
ildə İsraildən ölkəmizə 15 min turist gəlmişdi. Sonra artım oldu. Biz İsraildə
cüzi işlər həyata keçirdik. 2019-cu ildə 48 min adam gəldi. Həmçinin Çin, Koreya
və Avropa ölkələrindən gələn turistlərin sayında artım oldu. Artıq turizmin sifəti
də yavaş-yavaş dəyişir. Bizə əvvəllər daha çox körfəz ölkələrindən gəlirdilərsə,
2019-cu ildə istiqamət dəyişdi - Avropa, Cənubi Asiya ölkələrindən gələnlər artdı.
Bu, bizim üçün maraqlıdır. Bu onun göstəricisidir ki, insanlar gələcək. Biz sadəcə,
prosesin içində olaraq onu tənzimləməliyik.
Təranə Məhərrəmova
Ramil
Yunus/ Global Media Group vəTapdıq Abdullayev / Global Media
Group